Oxşar mədəni dəyərlər əlaqələrin inkişafı üçün yaxşı zəmin yaradır

 

Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Parlamentin sədri qonağın Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirakını yüksək dəyərləndirib.

Qeyd edilib ki, nümayəndə heyətlərimizin bu cür beynəlxalq tədbirlərdə iştirakı, tərəfləri düşündürən məsələlərin müzakirəsi baxımından çox önəmlidir. Spiker Azərbaycan və Tacikistan xalqlarının oxşar mədəni dəyərlərə malik olmasının əlaqələrimizin inkişafı üçün yaxşı zəmin yaratdığını söyləyib. Qeyd edilib ki, Azərbaycan-Tacikistan dostluğunun qədim tarixi vardır. Biz gələcəkdə də bu ölkə ilə həyatın müxtəlif sahələrində əlaqələrimizi genişləndirmək niyyətindəyik. Bildirilib ki, yüksək səviyyəli görüşlər zamanı, aparılan danışıqlar ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin daha da inkişafına yaxşı zəmin yaradır.

Bu gün iqtisadi, mədəni, humanitar sahələrdə münasibətləri daha da dərinləşdirmək üçün geniş imkanlar mövcuddur.

Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda İƏT PA Üçüncü Ümumi Konfransında iştiraka dəvətə görə minnətdarlığını ifadə edib, burada gördüyü qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkil olunması görə təşəkkür edib. Bildirib ki, Tacikistan Azərbaycanla təkcə siyasi deyil, iqtisadi, mədəni, humanitar sahələrdə də əməkdaşlığı genişləndirmək istəyir. Parlamentlər səviyyəsində əlaqələrin inkişafı bu sahələrə də öz müsbət təsirini göstərə bilər. Bu baxımdan nüfuzlu beynəlxalq qurumlarda nümayəndə heyətlərimizin iştirakını və qarşılıqlı səfərləri qonaq təqdir edib.

Görüşdə parlamentlərarası əlaqələrinin bugünü, gələcək inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2022.-18 may.- S.2.