Regionun inkişaf və əməkdaşlıq
mərkəzi
Azərbaycanın təşəbbüsləri
İƏT-in daha səmərəli fəaliyyətini
təmin edib
Dünən Azərbaycan növbəti beynəlxalq tədbirə evsahibliyi etdi. Bakıda - Milli Məclisin inzibati binasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransı keçirildi.
Tədbirdə iştirak etmək üçün Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri respublikamıza gəliblər.
İƏT həmişə ölkəmizin ədalətli
mövqeyini müdafiə edib
Xatırladaq ki, İƏT hökumətlərarası təşkilat kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılıb. 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısı hesab olunan qurumun əsas məqsədləri üzv dövlətlər arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, onların davamlı iqtisadi inkişafının təmin edilməsi, iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf olunması, iqtisadiyyatın və ticarətin liberallaşdırılması və regiondaxili ticarətin təşviqi, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsindən ibarətdir.
Azərbaycan İƏT Nazirlər Şurasının 1992-ci ilin 28 noyabr tarixində İslamabadda keçirilmiş növbədənkənar iclası zamanı təşkilatın üzvlüyünə qəbul olunub. Həmin gün Azərbaycanla yanaşı, daha 5 ölkə - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan təşkilata daxil olub. İƏT-in bu genişlənməsi hazırda "İƏT günü" kimi qeyd olunur. Genişlənəndən sonra İƏT Avrasiyada əhəmiyyətli regional birliyə çevrilib və nüfuzlu beynəlxalq təşkilat kimi təşəkkül tapmağa başlayıb.
İƏT həm də artıq həllini tapmış Qarabağ məsələsində hər zaman Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə edib. Təşkilatın ötən il keçirilən XIV onlayn Zirvə toplantısında çıxış edənlər Prezident İlham Əliyevi qələbə münasibətilə təbrik etmişdilər.
Azərbaycan təşkilat daxilində inteqrasiya
proseslərini gücləndirib
Azərbaycan İƏT çərçivəsində əməkdaşlığa önəm verir və təşkilatın səmərəli fəaliyyət göstərməsində maraqlıdır. Ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə toplantılarına evsahibliyi etmiş və bu tədbirlərdə qəbul edilmiş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri və istiqamətləri öz əksini tapmışdır. Regional həmrəyliyə diqqətlə yanaşan Azərbaycan daim İƏT-in fəaliyyətinin daha da canlandırılmasına çalışıb və bu istiqamətdə üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirib. İndiyədək Azərbaycan çox mühüm iqtisadi, o cümlədən enerji və nəqliyyat layihələri həyata keçirib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, “Cənub qaz dəhlizi”, Bakı-Tbilisi-Qars dəmir yolu xətti İƏT üzvü olan dövlətlər üçün də ən əlverişli iqtisadi imkanlar yaradıb. Bütün bunlarla ölkəmiz İƏT-in regionda daha səmərəli fəaliyyətini təmin edib. Bütövlükdə Azərbaycanın təşəbbüsləri ilə İƏT daha da inkişaf edib, dünyada öz mövqelərini möhkəmləndirib, təşkilat daxilində inteqrasiya prosesləri güclənib.
Azərbaycan İƏT vasitəsilə ortaq maraq kəsb edən layihələrin həyata keçirilməsini dəstəkləyir və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslər irəli sürür. Bu xüsusda ölkəmizin təşəbbüsü ilə Bakıda İƏT Tədqiqat Mərkəzinin təsis edilməsinə dair İƏT Xarici İşlər Nazirləri Şurası tərəfindən müvafiq qərar qəbul edilib. Bundan əlavə, Azərbaycan təşkilat çərçivəsində digər üzv dövlətlərlə bir sıra prioritet sahələr, o cümlədən ticarət, investisiya, nəqliyyat, enerji və ətraf mühit sahələri üzrə əməkdaşlıq edir.
İƏT PA-ya sədrlik Azərbaycana
keçdi
Ümumiyyətlə, İƏT-ə üzv olan olkələrin strateji coğrafi məkanlarda yerləşməsi, Qərblə Şərqi birləşdirən ən qısa və səmərəli nəqliyyat dəhlizinə malik olması, təbii sərvətlərlə zənginliyi bu təşkilatın əhəmiyyətini artıran amillərdəndir. Qeyd olunan keyfiyyətlər baxımından Azərbaycan bu təşkilatda xüsusi çəkiyə malikdir. Ona görə Azərbaycan İƏT-in iqtisadyönlü təşkilat kimi inkişaf etməsini və bu istiqamətdə layihələr həyata keçirilməsini dəstəkləyir, İƏT üzvləri arasında əməkdaşlığa önəm verir. Bu da onu göstərir ki, Azərbaycan təşkilatın səmərəli fəaliyyət göstərməsində maraqlıdır.
Bu baxımdan Azərbaycan həm də İƏT-də fəal rol oynayan üzv dövlətlərdən biridir. Azərbaycanda səfərdə olan İƏT Baş katibi Xusrav Noziri də mayın 16-da Milli Məclisin Sədri Sahibə Qafarova ilə görüşdə Azərbaycanın təşkilatda fəal təmsilçiliyini yüksək qiymətləndirib. İƏT PA-nın Baş katibi Tahir Hüsseyn isə Azərbaycanla rəhbərlik etdiyi təşkilat arasında əlaqələrin hazırkı səviyyəsindən razılığını bildirib.
Qeyd edək ki, dünən Bakıda keçirilən İƏT PA Üçüncü Ümumi Konfransının mövzusu "Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları" idi. Konfransda həmçinin İƏT PA-ya sədrlik Azərbaycana keçib. Şübhə yoxdur ki, Azərbaycan sədrliyi dövründə İƏT PA-nın fəaliyyətinin gücləndirilməsi istiqamətində səmərəli addımlar ataraq, mühüm uğurlara nail olacaq.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2022.-18 may.- S.1; 4.