İrəvanda polis qadın deputatı döydü

 

Etiraz aksiyalarında yüzlərlə adam saxlanılıb

 

Ermənistanda baş verən son proseslər güclü qarşıdurma mərhələsinin başlandığını göstərir. Müxalif qüvvələrin Nikol Paşinyan iqtidarına qarşı fəaliyyəti daha da genişlənir. Elə bu xüsusda keçmiş hərbi xunta yenidən önə çıxmağa cəhd göstərir.

Etirazların növbəti günündə müxalifət tərəfdarları paytaxtın müxtəlif rayonlarında küçələri bağlamaq istəyiblər. Ermənistan polisi İrəvanda keçirilən etiraz aksiyalarının gedişində müxalifətin 414-dən çox tərəfdarını saxlayıb. Saxlanılanlar arasında Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu Levon da var.

Parlamentin müxalif "Ermənistan" fraksiyasından olan vitse-spikeri İşxan Saqatelyan genişmiqyaslı itaətsizlik aksiyaları elan edib. Polislə müxalif "Şərəfim var" fraksiyasından olan deputat Anna Mkrtçyan arasında gərginlik yaşanıb. Nəticədə polis qadın deputatı sürüyərək və döyərək xidməti avtomobillərə doğru aparıb. Bundan sonra polislə etirazçılar arasında toqquşma yaranıb.

Etiraz edənlərə İkinci Qarabağ müharibəsi zamanı ölmüş hərbçilərin yaxınları da qoşulublar. Valideynlər Apellyasiya Məhkəməsinin yaxınlığındakı küçəni bağlayıblar. Onların prokurorluqdan tələbi oğullarını zərərçəkmiş, özlərini isə həlak olanların yaxın qohumu statusu almalarıdır.

Beləliklə, proseslər Nikol Paşinyan və müxalifət arasında münasibətlərin daha kəskin xarakter almaqda olduğunu göstərir.  Belə görünür ki, qarşıdakı günlər ərzində ölkədə ictimai-siyasi gərginlik daha da artacaq. Çünki müxalifətin etiraz aksiyaları fonunda vətəndaş müharibəsinə hazırlaşdığı nəzərlərdən yayınmır. Vəziyyəti gərginləşdirən başqa bir səbəb  isə Paşinyana qarşı olan qüvvələrin bir qisminin sabiq prezidentlər Serj SarkisyanRobert Koçaryan ətrafında birləşməsi, sonuncuların isə yenidən hakimiyyətə iddialı olmalarıdır.

Müxalifət müharibədə Ermənistanın məğlubiyyətinin əsas səbəbkarı qismində Nikol Paşinyanı təqdim edərək, hakimiyyətin yürütdüyü siyasətin dövlətçiliyin itirilməsi təhlükəsi yaratdığını əsas gətirir. Onlar cəmiyyəti baş nazirə qarşı qaldırmağa çalışsa da, bu istiqamətdə  fiaskoya uğradıqları aydın görünməkdədir. Hakimiyyətdən narazı olan erməni cəmiyyətində müxalifətə də heç bir inamın olmadığı, bu düşərgəyə etimad göstərilmədiyi üzə çıxmaqdadır. Bununla belə, keçmiş hərbi xuntaonun liderlərindən olan sabiq prezident Robert Koçaryan  hakimiyyətə iddialıdır. Lakin təhlillər onun da Ermənistan əhalisi tərəfindən dəstəklənmədiyini göstərir. Xüsusən də Koçaryanın revanşist mövqeyi,  Qarabağ münaqişəsinin yenidən alovlanmasının tərəfdarı olması, 1999-cu ildə Ermənistan parlamentində baş verən terror aktında, 2008-ci ilin martında əhaliyə qarşı törədilən qırğında bir sıra korrupsiya və digər cinayətlərdə əli olması fonunda cəmiyyətin mütləq əksəriyyəti ona nifrət edir. Erməni mediası isə onu satqınçılıqda, ölkəni vassala çevirməkdə ittiham edir.

Müharibədəki məğlubiyyətdən sonra baş nazir Paşinyanı təslimçilikdə ittiham edənlər çıxış yolu kimi onu devirməkdə görsələr də, məsuliyyəti də üzərlərinə götürmək istəmirlər. Koçaryan-Sarkisyan koalisiyası hələ də konseptual xilas strategiyasını ortaya qoya bilməyib. Regionda baş verən son hadisələr fonunda siyasi dairələr də yaxşı dərk edirlər ki, Azərbaycanın tələbləri Ermənistanın nicatı üçün bəlkə də son şansdır və bunu maksimum şəkildə dəyərləndirmək lazımdır.

Ermənistanın başqa bir problemi iqtisadi vəziyyətin kəskin pisləşməsidir. Onsuz da bu ölkə azad iqtisadiyyata sahib deyil. Pandemiya iqtisadiyyatın olan-qalan sahələrini də iflic edib. Qarabağda müharibə başlayandan isə vəziyyət daha acınacaqlı hal alıb, o cümlədən xarici ticarət dövriyyəsi görünməmiş azalıb. Yerli medianın verdiyi xəbərlərə görə, yaranmış ağır iqtisadi durum bazarların fonunda özünü aydın göstərir.

Belə ki, bazarlar kimsəsiz qalıb, heç kim gəlmir, alış-veriş yoxdur. Satıcılar bildirirlər ki, qiymətlərin baha olması ilə əlaqədar burada satış kəskin azalıb. Satıcılardan biri deyib: "Bizdə almanın kiloqramı 3 dollara, armud 4 dollara yaxındır. Ona görə insanlar bazara gəlmirlər. Onların pulu yoxdur, necə alış-veriş etsinlər?"

Bazarlardakı qiymətlərdən daha çox pensiyaçılar şikayət edirlər. Onlar 60 dollar həcmində pensiya aldıqlarını, bununla alış-verişin mümkün olmadığını vurğulayırlar. Görünən odur ki, Ermənistan hökuməti növbəti aylarda vətəndaşların əmək haqlarını, pensiyalarını ödəyə bilməyəcək.

Bütövlükdə, proseslərin gedişi Ermənistanı qarşıdakı dövr ərzində daha çətin günlərin qarşıdurmaların gözlədiyini göstərir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.- 18 may.- S.5.