KİV-ə növbəti dövlət dəstəyi

 

Çap məhsullarının istehsal xərclərinin azaldılması həm də geniş oxucu kütləsinin marağına cavab verir

 

Mətbuat millətin aynası olmaqla, həm də dövlətin azad sözə, azad fikrə  olan münasibətini özündə təcəssüm etdirir. Ölkəmiz illərdir ki, mənfur qonşularımızın torpaqlarımıza təcavüzkar basqınları ilə yanaşı, düşmənlə informasiya  müharibəsi aparmaq məcburiyyətində qalmalı olmuşdur.

Uydurulmuş yalanlara, yayılmış dezinformasiyalara vaxtında və operativ cavab vermək üçün informasiya sahəsində kadr potensialı ilə bərabər, dövlətimiz mətbuatın maddi-texniki bazasının da güclənməsi üçün təxirəsalınmaz tədbirlər görür. Atılan bu addımlar yalnız dövlət mətbu orqanlarına yox, eyni zamanda ölkədə fəaliyyət göstərən, azad sözün inkişafında rolu olan bütün müstəqil mətbuata da şamil edilir. 

Prezident İlham Əliyev ölkədə inkişaf etmiş, peşəkar və müstəqil KİV-lərin fəaliyyətinin dəstəklənməsinin Azərbaycan dövlətinin siyasətinin əsas prinsiplərindən biri olduğunu dəfələrlə öz nitqlərində bəyan etmişdir. Ardıcıl olaraq bu prinsip daxilində cəmiyyətdə söz azadlığını, insanların obyektiv informasiya əldə etmək hüququnu, eləcə də kütləvi informasiya vasitələrinin müstəqilliyini təmin etmək məqsədilə dövlət tərəfindən müəyyənləşdirilən  digər tədbirlər də həyata keçirilmişdir.

"Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda qeyd olunur ki, KİV-in inkişafına dövlət dəstəyi cəmiyyətdə söz azadlığını, insanların obyektiv informasiya əldə etmək hüququnu, həmçinin mətbuatın müstəqilliyini təmin etmək məqsədilə dövlət tərəfindən müəyyən olunan təşkilati-texniki, hüquqi, iqtisadi və digər tədbirlərin məcmusunu ehtiva edir.

Çap mətbuatı, nəşriyyatlar üçün gözlənilən və böyük əhəmiyyət daşıyan daha bir qərar mayın 13-də verilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov "İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulonya vərəqə şəklində kağızın Siyahısı"nın təsdiq edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, ölkədə kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, eləcə də həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Xatırladaq ki, 2021-ci ilin dekabrında Prezident İlham Əliyevin imzaladığı fərmanla Vergi Məcəlləsinə edilən müvafiq dəyişikliyə dair siyahının təsdiqi Nazirlər Kabinetinə həvalə olunmuşdur. Həmin fərmana əsasən Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişiklik və sözügedən qərar media sahəsində həyata keçirilən əsaslı islahatların ardıcıllığının və vahidliyinin təmin edilməsinin, bu sahədə görülən tədbirlərə kompleks yanaşmanın təzahürü olmaqla, çap mediası subyektlərinin və çap məhsullarının yayımını aparan  şirkətlərin səmərəli fəaliyyətinə və iqtisadi dayanıqlılığının artmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək. Məlumdur ki, indiyədək qəzetlərin və digər nəşrlərin çap xərclərinin yüksək olması bu bazarda qiymətlərin bahalaşmasına gətirib çıxarırdı. O üzdən yeni qərarla çap mediası məhsullarının maya dəyərinin və onların istehsal xərclərinin azalması həm də geniş oxucu kütləsinin maraqlarına xidmət edir.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2022.- 14 may.- S.4.