Baş nazirin müavini Şahin Mustafayev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

 

İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev mayın 18-də bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan ərazilərinin işğaldan azad olunması münasibətilə təbriklərini çatdıran İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri İranın Azərbaycanla əlaqələrinin inkişafında hər zaman maraqlı olduğunu bildirib.

Görüşdə Azərbaycanla İran arasında dostluq münasibətlərinin xeyli inkişaf etdiyiyeni mərhələyə qədəm qoyduğu vurğulanaraq, müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Görüşdə, həmçinin iki ölkə arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə də müsbət əməkdaşlıq təcrübəsi üzrə əlaqələrin daha da inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2022.- 19 may.- S.8.