Aİ-Azərbaycan iqtisadi əlaqələrinin perspektivləri genişdir

 

Son illər ərzində Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlər  daha da inkişaf  edərək  yeni mərhələyə qədəm qoyub. Enerji, investisiya, ticarət və digər sahələrdə əlaqələr getdikcə genişlənir. Aİ Azərbaycanın  əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Azərbaycan-Aİ əməkdaşlığı dinamik inkişaf edir.

1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi Azərbaycan-Aİ əlaqələrinin hüquqi bazasını təşkil edir.  Həmin vaxta qədər  isə Aİ ilə münasibətlər  TACIS, "Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi" (TRACECA), "Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram" (INOGATE), "Humanitar yardım" (ECHO) və digər sənədlər çərçivəsində inkişaf etdirilib.  Sonrakı illərdə  əməkdaşlıq və tərəfdaşlıq  istiqamətində yeni, daha uğurlu səhifələr açılıb.

"Cənub qaz dəhlizi"nin  reallaşması ilə bu münasibətlər daha da möhkəmlənib. 2020-ci il dekabrın 31-də istifadəyə verilən TAP (Trans-Adriatik Qaz Boru Kəməri) artıq xeyli vaxtdır Avropaya Azərbaycan qazı nəql edir. Avropadakı istehlakçıların mavi yanacağa artan tələbatı bu gün TAP-ın  hətta genişləndirilməsi məsələsini gündəmə gətirir.

Bu il mayın 17-də  Bakıda  Avropa İttifaqı-Azərbaycan biznes forumunun  keçirilməsi də  iqtisadi əməkdaşlığın getdikcə daha çox inkişaf etdiyini təsdiqləyir. Forumda hər iki tərəfdən  rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.

Tədbirdə Aİ-Azərbaycan əlaqələrindən geniş söhbət açılıb. Ölkəmizdə əlverişli biznesinvestisiya mühitinin olduğu qeyd edilib. Tərəflər arasında ticarətin genişləndiyi, 2021-ci ildə ticarət dövriyyəsinin 15 milyard dollardan çox olduğu vurğulanıb. Avropa İttifaqının  Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko bildirib ki, yeni layihələrin icrası tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək. P.Mixalko Azərbaycanın əlverişli coğrafi mövqeyinin, nəqliyyat-tranzit potensialının Aİ şirkətlərini cəlb etdiyini və onların ölkəmizdə fəaliyyətdə, eləcə də işğaldan azad olunmuş ərazilərimizin bərpası və quruculuq işlərində iştirakda maraqlı olduqlarını  deyib.

Xatırladaq ki, Aİ  Azərbaycanın ən böyük investisiya tərəfdaşıdır. İndiyədək Avropa İttifaqı ölkələrindən Azərbaycan iqtisadiyyatına 20 milyard avrodan çox sərmayə yatırılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini diqqətə çatdırıb, tərəflər arasında münasibətlərin artan dinamikasında qarşılıqlı səfərlərin, yüksəksəviyyəli görüşlərin əhəmiyyətini qeyd edib. Aİ-nin ölkəmizə Tvinninq və digər mexanizmlərlə dəstəyinin yüksək qiymətləndirildiyi bildirilib.

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin uğurlu nəticələr verdiyi hamıya yaxşı məlumdur. Belə ki, son illər ölkəmizin fiskal gəlirləri, vergiödəyicilərinin sayı, məşğulluq, ticarət dövriyyəsi artır, sahibkarlıq inkişaf  edir. İqtisadi inkişafın davamlılığının dəstəklənməsini təmin etmək məqsədilə ölkənin sosial-iqtisadi inkişaf prioritetləri müəyyənləşdirilib. İqtisadiyyatın "yaşıl" və davamlı inkişafına, innovativ sahibkarlığın, rəqəmsallaşmanın genişləndirilməsinə, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində "yaşıl" və "ağıllı" konsepsiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Tədbirdə bütün bunlar, həmçinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan infrastrukturtikinti layihələri barədə məlumat verilib. Yeni reallıqların investisiya qoyuluşu üçün böyük imkanlar yaratdığı vurğulanaraq Aİ-yə üzv olan ölkələr bu layihələrdə fəal iştiraka dəvət edilib. Bildirilib ki, Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları işğaldan azad edilmiş ərazilərimizin ölkə iqtisadiyyatına reinteqrasiyasını daha da sürətləndirəcək.

 Məlumdur ki,  sahibkarlığın ölkə iqtisadiyyatında  xüsusi əhəmiyyəti  var, özəl bölmənin inkişafı üçün geniş dövlət dəstəyi mexanizmləri tətbiq edilir. Bütün bunların nəticəsi olaraq, 2026-cı ilədək Azərbaycanda KOB-ların ÜDM-də payı 60 faizə, məşğulluqda 70 faizə və qeyri-neft ixracında 40 faizə çatdırılması qarşıya hədəf kimi qoyulub.

 Forumda eləcə də "Aİ biznes mühiti hesabatı-2021"in təqdimatı keçirilib. Hesabata əsasən, ölkəmizdə təmsil olunan Aİ ölkələri şirkətlərinin 80 faizi iqtisadi fəaliyyət üçün Azərbaycanı seçmək, 53 faizi isə ölkəmizdə biznes fəaliyyətlərini genişləndirmək niyyətini bildiriblər. Aİ ölkələri şirkətlərinin 54 faizi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya yatırmaqda maraqlıdır. 14 faizi isə artıq investisiya layihələrində iştirak edir.

Forum çərçivəsində həmçinin Aİ tərəfindən hazırlanmış "Azərbaycanda biznes mühiti-2021" hesabatı da təqdim edilib. Avropa şirkətlərinin davam edən yerli islahatlara və qurumların fəaliyyətinin qiymətləndirilməsi sorğusuna əsasən, KiçikOrta Biznesin İnkişafı Agentliyi (KOBİA) öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq ilk beşlikdə yer alıb (6,04 bal). Hesabatda xarici investorlar KOBİA tərəfindən KOB-ların dəstəklənməsi məqsədilə tətbiq olunan dəstək və xidmətləri səmərəli və faydalı hesab edib. Eləcə də   KOBİA-nın nəzdində fəaliyyət göstərən KOB evləri, KOB inkişaf mərkəzləri, KOB dostu şəbəkəsi və digər xidmətlərin səmərəli fəaliyyəti qeyd olunub.

"Maliyyə və digər resurslara çıxış" mövzusunda panel iclasda  KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların maliyyə resurslarına çıxışına dair fikirlərini çatdırıb. Qeyd olunub ki, KOB-ların maliyyələşdirilməsini asanlaşdırmaq üçün qlobal, regionalmilli səviyyədə səylər göstərilir. Bu sahədə KOB-ların maliyyə savadlılığının artırılması, mövcud fondlara çıxışın asanlaşdırılması, öz maliyyə alətləri çərçivəsində, eyni zamanda agentliyin 20-dən çox KOB inkişaf mərkəzi vasitəsilə maliyyə məsələləri üzrə ödənişsiz təlim və məsləhət xidmətləri göstərilir. KOBİA tərəfindən KOB-lara qrant verilir, daxili bazar araşdırmasına çəkilən xərcin bir hissəsi dövlət tərəfindən maliyyələşdirilir, KOB-ları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətində azad edən "Startap" şəhadətnaməsi verilir. Agentliyin nəzdində fəaliyyət göstərən Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi də KOB-ların müxtəlif layihələrə cəlb edilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirir.

Şübhəsiz ki, biznes forumda səslənən rəylər, işgüzar əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi imkanları barədə aparılan müzakirələr  Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı qarşısında yeni perspektivlərin açılmasına təkan verəcək.

Flora SADIQLI

 

Azərbaycan.- 2022.- 19 may.- S.11.