Aşıq Şəmşir və Səməd Vurğunun xatirəsinə həsr olunmuş beynəlxalq konfrans
keçirilib
Qazax Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun, Türkiyənin Erzincan Binali Yıldırım Universitetinin, Bakı Dövlət Universiteti Qazax filialının və "Aşıq Şəmşir" Mədəniyyət Ocağının birgə təşkilatçılığı ilə Aşıq Şəmşir və Xalq şairi Səməd Vurğunun xatirəsinə həsr edilmiş "Aşıq sənəti və yazılı ədəbiyyat" mövzusunda Beynəlxaq Elmi Konfrans keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Qazax şəhərinin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək memorial abidə önünə tər qərənfillər düzmüş, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmişlər. Sonra şəhərin Heydər Əliyev prospektində Aşıq Şəmşirin və Aşıq Ələsgərin büstləri, Mədəniyyət Mərkəzinin qarşısında Xalq şairi Səməd Vurğunun heykəli ziyarət olunmuş, ustad aşığın və Xalq şairinin əziz xatirəsi ehtiramla anılmışdır.
Sonra tədbir iştirakçıları Ədəbiyyat Muzeyinin foyesində Aşıq Şəmşirlə Xalq şairi Səməd Vurğunun fotolarından, kitablarından ibarət guşə, Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Qazax Dövlət Rəsm Qalereyasının və Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə "Səməd Vurğun və Aşıq Şəmşir dostluğu sazın-sözün vəhdətində" adlı rəsm müsabiqəsində iştirak etmiş rəssamların çəkdikləri rəsmlərdən ibarət sərgi ilə tanış olmuşlar.
Konfransı Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq konfrans iştirakçılarını salamlamış, Aşıq Şəmşir və Xalq şairi Səməd Vurğunun xatirəsinə həsr edilmiş "Aşıq sənəti və yazılı ədəbiyyat" mövzusunda keçirilən Beynəlxaq Elmi Konfransın əhəmiyyətindən danışmışdır.
AMEA-nın Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov çıxış edərək konfrans iştirakçılarını salamlamış, tədbirin yüksək səviyyədə təşkil olunmasına və evsahibliyinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirmişdir. Xalq şairi Səməd Vurğunla Aşıq Şəmşirin dostluq əlaqələrindən söz açan natiq bu dostluğun təsadüfi olmadığını qeyd etmişdir.
Sonra BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov, filologiya üzrə fəlsəfə doktoru, dosent, Əməkdar jurnalist Adil Cəmil, "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat üzrə fəlsəfə doktoru, professor İlham Pirməmmədov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, "Aşıq Şəmşir" Mədəniyyət Ocağının sədr müavini Həbib Misirov, Türkiyənin Erzincan Binali Yıldırım Universitetinin professoru, dok. Ali Kafkasyalı, Kırşehir Ahi Evran Üniversitetinin professoru, dok. Kubilay Kolukırık , Ukrayna-Gürcüstan Beynəlxalq Universitetinin professoru, dok. Mahmud Kamaloğlu, Əməkdar mədəniyyət işçisi Misgər Məmmədov, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağaəli İbrahimov çıxış edərək konfransın əhəmiyyətindən söz açmışlar.
Sonda tədbirlə əlaqədar keçirilmiş "Səməd Vurğun və Aşıq Şəmşir dostluğu sazın-sözün vəhdətində" adlı şeir və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılmışlar.
Sabir ƏLİYEV
Azərbaycan.- 2022.- 19 may.- S.13.