İşğaldan azad edilmiş ərazilərdə
Türkiyə ilə birgə fəaliyyət həyata keçirilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Vahid Kirişçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Söhbət zamanı Prezident İlham Əliyevin bir neçə gün əvvəl Türkiyəyə səfəri məmnunluqla xatırlandı və bu səfərin əlaqələrimizin inkişafında rolu qeyd edildi.
Prezident İlham Əliyev Vahid Kirişçini Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı.
Vahid Kirişçi təbrikə görə minnətdarlığını bildirdi, nazir kimi özünün ilk səfərini qardaş Azərbaycana etdiyini vurğuladı.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, əməkdaşlığımızın gündəliyində kənd təsərrüfatının mühüm yer tutduğu qeyd olundu.
Prezident İlham Əliyev ermənilər tərəfindən işğal dövründə ərazilərimizdə kənd təsərrüfatı ilə bağlı hər şeyin dağıdıldığını qeyd etdi və azad olunmuş torpaqlarımızda digər sahələrlə yanaşı, kənd təsərrüfatı ilə də bağlı genişmiqyaslı işlərin planlaşdırıldığını bildirdi. Bu baxımdan işğaldan azad edilmiş ərazilərdə Türkiyə ilə kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq və birgə fəaliyyətin həyata keçirildiyi məmnunluqla vurğulandı.
Söhbət
zamanı Bakıda keçirilən “Caspian
Agro 2022” - Beynəlxalq Kənd Təsərrüfatı
Sərgisinin əhəmiyyəti və Türkiyənin kənd
təsərrüfatı və meşəçilik nazirinin başçılığı ilə
nümayəndə heyətinin bu sərgidə
iştirakının önəmi qeyd edildi, Türkiyə şirkətlərinin
sərgidə geniş təmsil
olunduqları bildirildi. Vahid
Kirişçinin ölkəmizə səfərinin
əməkdaşlığımızın genişləndirilməsinə
töhfə verəcəyinə əminlik ifadə olundu.
Azərbaycan.- 2022.-20 may.- S.2.