24 ölkə, 449 şirkət...
Bakıda keçirilən Beynəlxalq
Kənd Təsərrüfatı sərgisi yüksək marağa səbəb olub
Bakı Ekspo Mərkəzində keçirilən XV Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro 2022") və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan") sərgiləri dünən başa çatdı.
Ekspo Mərkəzin həm həyətində, həm də daxilində 3 gün davam edən sərgi böyük marağa səbəb oldu. Bunu sərgi keçirilən günlərdə apardığımız müşahidələrə əsaslanaraq söyləyə bilərik. Sərgiyə gələnlər sırasında yerli mütəxəssislərlə yanaşı, xarici şirkətlərin nümayəndələrinə də rast gəlmək olurdu.
Mərkəzin həyətinə daxil olduğumuz zaman müxtəlif şirkətlər tərəfindən nümayiş etdirilən kənd təsərrüfatı texnikaları və avadanlıqlarını gördük. Burada müxtəlif növ traktor, taxıl yığan kombaynlar, kotanlar və sair texnika sərgilənirdi. Eyni zamanda sərgidə damazlıq inəklər də nümayiş olunurdu.
Mayın 18-də sərginin açılışında Baş nazir Əli Əsədov, Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi, İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer, Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini George Xanişvili və digər ölkələrin rəsmi şəxsləri iştirak etmişdi.
"Caspian Agro" Azərbaycanda kənd təsərrüfatı sahəsində təşkil edilən ən böyük beynəlxalq sərgidir. Milli və regional stendlərin nümayiş olunduğu builki sərgidə 101-i yerli, 348-i xarici şirkət olmaqla ümumilikdə 24 ölkədən 449 şirkət iştirak edirdi. Sərgi Azərbaycanın aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqi, kənd təsərrüfatı sahəsinin yerli və xarici mütəxəssisləri arasında təcrübə mübadiləsi, qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsi üçün bazarda praktiki vasitə kimi özünü doğruldur. Sərgi kənd təsərrüfatı sektorunun ən əsas iştirakçılarını, yerli və xarici mütəxəssisləri, aralarında idxalçılar, ixracatçılar, distribütorlar, topdan və pərakəndə satış təmsilçilərini, eləcə də fermerlərin yer aldığı minlərlə peşəkar ziyarətçini bir araya gətirir. Bu il sərginin əsas bölmələri, smart agro, gülçülük, kənd təsərrüfatı texnikası, obyektləri, landşaftı, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, tullantıların emalı, pambıq emalı, tekstil, logistika, elektron kənd təsərrüfatı və laboratoriya avadanlığı idi.
"Ağıllı kənd", süni intellekt, IT xidmətləri, pilotsuz uçuş aparatları (dronlar) kimi bölmələri əhatə edən "Smart Agro" istiqaməti sərgidə diqqətçəkən əsas stendlərdən idi. Eyni zamanda sərgi çərçivəsində "Smart Agro: Kənd təsərrüfatında innovasiyaların təbliği" mövzusunda konfrans da keçirildi. Sərgidə "Smart Agro" çərçivəsində artıq icrasına başlanılan, eləcə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da həyata keçirilməsi planlaşdırılan layihələr təqdim olunurdu. Azərbaycanın böyük layihələrindən biri olan "ağıllı kənd" maketinin yer aldığı stend diqqətimizi xüsusilə cəlb etdi. Bu layihə təkcə bizim deyil, digər iştirakçıların da marağına səbəb oldu. Qeyd edək ki, "ağıllı kənd" əhalinin həyat fəaliyyətinin və yaşayış mühitinin idarə olunması üzrə tamdəyərli avtomatlaşdırılmış sistemdir. "Ağıllı kənd" layihəsinin əsas xüsusiyyətlərindən biri insanın evindən çıxmadan uzaq məsafədən idarə edə biləcəyi geniş texniki imkanlara malik olmasıdır. Bununla kənd sakini vahid mərkəzdən informasiya sistemlərini idarə etmək, məlumat əldə etmək, iş və digər əməliyyatlar, onlayn danışıqlar aparmaq bacarığını həyata keçirmək imkanı qazanır.
"Ağıllı kənd" sakinləri layihənin formalaşdırdığı avtomatlaşdırılmış mərkəzi sistem sayəsində ciddi vəsait və vaxt sərf etmədən məişət problemlərini həll edə bilərlər. Müasir dünyada "ağıllı şəhər" və "ağıllı kənd"lərin yaradılması qloballaşma və Dördüncü Sənaye İnqilabının yaratdığı problemlərin çoxunu aradan qaldırır. Bu baxımdan işğaldan azad olunmuş ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyasının həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Eyni zamanda bu layihələrin reallaşdırılması nəticəsində azad olunmuş ərazilərdə təhlükəsizlik, vaxt və rahatlıq, sağlamlıq, ətraf mühit, sosial əlaqələr və iş yerlərinin idarə edilməsi kimi müxtəlif göstəricilərə müsbət təsir etmək mümkün olacaq.
Sərgidə eyni zamanda qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim edirdilər. Sərgiyə baş çəkənlər burada həm satışda olan məhsulların, həm də aşpazlar tərəfindən hazırlanan təamların dadına baxa bilərdi.
Məlumat üçün bildirək ki, hər il təşkilatçılar tərəfindən regionlardan gələn fermerlərin ən son sənaye yenilikləri ilə tanış ola bilməsi üçün sərgi üzrə təşkil edilən turlar bu il də davam edib. Turlarda 40-a yaxın rayondan olan fermerlər iştirak edib. Sərgi həmçinin bu sahədə fəaliyyət göstərən şirkətlərin, fiziki şəxslərin bir-birini tanıması, əməkdaşlıq etmələri, müəyyən layihələrin birgə həyata keçirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2022.- 21 may.- S.8.