BTC-dən TAP-adək…
Nəhəng neft-qaz layihələri
Azərbaycanın təşəbbüsü və liderliyi ilə gerçəkləşib
May Azərbaycanın yeni neft-qaz strategiyası tarixində əlamətdar hadisələrlə zəngin olan aydır. Belə ki, dünyaya səs salan qlobal layihələrimizdən bir neçəsinin açılış və təməlqoyma mərasimləri məhz son iki onilliyin müxtəlif vaxtlarında həmin aya təsadüf edib.
2005-ci il mayın 25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin Azərbaycan hissəsi istifadəyə verilib. Həmin gün Səngəçal terminalındakı baş nasos stansiyasından BTC-yə ilk neft axıdılıb. Bütün regionun həyatı üçün mühüm əhəmiyyət kəsb edən bu hadisə ilə bağlı Bakıda və Səngəçalda keçirilən tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyənin, Gürcüstanın və Qazaxıstanın dövlət başçıları da iştirak ediblər.
BTC-ni üçüncü minilliyin nəhəng mühəndis qurğusu adlandırırlar. Çünki bu boru xətti bütün Avrasiya məkanında mövcud olan analoji kəmərlər arasında öz unikallığı ilə seçilir. BTC haqlı olaraq dünya enerji təhlükəsizliyinin əsas elementlərindən biri sayılır.
Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisindən keçərək 1768 kilometr məsafə qət edən bu xəttin boruları bütün marşrut boyu torpaq altında basdırılıb. Bu da onun təhlükəsizliyini təmin edir. Kəmərin bir sıra əzəmətli yerüstü qurğuları, o cümlədən 8 nasos stansiyası da var. Səngəçaldakı baş nasos stansiyasından sonra ikinci stansiya yenə də Azərbaycanın ərazisində - Yevlaxda yerləşir. İki stansiya Gürcüstanda, dördü isə Türkiyə ərazisindədir.
BTC-ni "Üç dənizin əfsanəsi", yəni Xəzəri, Qara dənizi və Aralıq dənizini birləşdirən polad kəmər də adlandırırlar. O, eləcə də xalqları və ölkələri bir-birinə yaxınlaşdırır. Azərbaycanın 13 rayonundan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan keçən kəmər ölkəmizdə 443, Gürcüstanın 7 bölgəsində 249 və Türkiyənin 9 rayonunda 1076 kilometrlik yol boyu uzanır.
Xatırladaq ki, BTC Ko.-nun səhmdarları bp (həm də operatordur, 30, 10 faiz), SOCAR (25 faiz), MOL (8,90 faiz), "Ekvinor" (8,71 faiz), TPAO (6,53 faiz), "Eni" (5 faiz), "TotalEnergies" (5 faiz), İTOÇU (3,40 faiz), İNPEKS (2,50 faiz), "EksonMobil" (2,50 faiz) və ONGCVideş (2,36 faiz) şirkətləridir.
BTC tam sistem kimi 16 ilə yaxındır - 2006-cı ilin ortalarından fasiləsiz və təhlükəsiz fəaliyyət göstərir. Kəmər istismara veriləndən bu ilin birinci rübünün sonunadək ümumilikdə təqribən 509 milyon tondan çox (3,82 milyard barel) xam neft nəql edib. Bu neft həcmləri Ceyhanda 5007 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Birinci rüb ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 6,7 milyon ton (təxminən 51 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 68 tankerə vurulub və yola salınıb.
Hazırda BTC, əsasən, "Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.
İllər keçdikcə BTC daha böyük əhəmiyyət kəsb edir. Əvvəla ona görə ki, təkcə ölkəmizə deyil, bütün regiona gəlir, xeyir-bərəkət gətirir. Kəmər istismara veriləndən sonrakı illərdə ölkəmiz böyük həcmdə valyuta ehtiyatları əldə edib. Azərbaycan dövləti bu ehtiyatlardan səmərəli istifadə edərək onları ölkənin əsas inkişaf istiqamətlərinə yönəldib.
Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilişini tarixi hadisə adlandıran Prezident İlham Əliyev demişdir: "Əgər o kəmər olmasaydı, Azərbaycan öz neft və ondan sonra qaz potensialını dünya bazarlarına çatdıra bilməzdi. Beləliklə, dəhliz yaradıldı. Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi əməkdaşlıq formatı formalaşmışdır. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün uğurla fəaliyyət göstərir və başqa ölkələrə də xidmət edir. Dəhliz formalaşandan sonra, əlbəttə ki, Azərbaycan öz tranzit rolunu oynamağa başlamışdır. Bu gün biz qeyd edə bilərik ki, artıq Azərbaycan öz coğrafi vəziyyətindən və logistika imkanlarından tam şəkildə istifadə edir".
BTC-nin bir əhəmiyyəti də ondan ibarətdir ki, özündən sonra neçə-neçə digər layihəyə yol açıb. Başqa sözlə, BTC-dən başlanan yol geniş dəhlizlərə qovuşub. Yeri gəlmişkən, elə "Cənub qaz dəhlizi"nin açılış mərasimi də may ayında keçirilib. 2018-ci il mayın 29-da açılışı olan bu layihə Azərbaycana Avropanın enerji xəritəsini yenidən çəkməyə imkan verib.
"Cənub qaz dəhlizi"nin sonuncu seqmenti - TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) təməli isə 2016-cı il mayın 17-də qoyulub. TAP Avropaya yeni mənbədən və yeni marşrutla qaz axınıdır. Kəmərin çəkilişi bir neçə il davam edib və onun istifadəyə verilməsi ilə "Cənub qaz dəhlizi" tam sistem kimi işə düşüb. 3500 kilometrlik bu dəhliz Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Gürcüstandan keçməklə Türkiyəyə və oradan da Avropaya daşıyan üç kəmərdən - genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-dan ibarətdir.
TAP-ın təməli Yunanıstanın Saloniki şəhərində qoyulub. Təməlqoyma mərasimində Azərbaycanın, Yunanıstanın, ABŞ-ın, Albaniyanın, İtaliyanın, Türkiyənin, Gürcüstanın, Bolqarıstanın yüksəkvəzifəli şəxsləri, Avropa Komissiyasının və konsorsiuma daxil olan şirkətlərin səlahiyyətli nümayəndələri iştirak ediblər.
TAP uzun məsafə qət edərək Azərbaycan qazını İtaliyanın cənubuna, bu ölkədən də Qərbi Avropaya çatdırır. Belə ki, TAP uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçir və sonuncu, bir neçə kilometrlik hissəsi İtaliya torpağında quru sahəyə çıxır. Burada kəmər "Snam Rete Gas" şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsi ilə birləşir.
TAP-la ilk dövrlərdə Avropaya ildə 10 milyard kubmetr qaz çatdırılması nəzərdə tutulmuşdu. Sonrakı illərdə ixrac olunan mavi yanacağın həcminin artırılacağı da istisna deyil. Bunu həm də istehlakçıların qaza tələbatının artması gündəmə gətirir. Odur ki, son dövrlər ən çox müzakirə olunan məsələlərdən biri TAP-ın genişləndirilməsidir.
Qeyd edək ki, TAP-ın səhmdarları bp (20 faiz), SOCAR (20 faiz), "Snam S.p.A." (20 faiz), "Fluxys" (19 faiz), "Enagas" (16 faiz) və "Axpo" (5 faiz) şirkətləridir.
5 il əvvəl təməli qoyulan TAP-ın işə düşməsi və artıq ahəngdar fəaliyyət göstərməsi ölkəmiz üçün mühüm tarixi hadisədir. Regionun və Avropanın enerji təhlükəsizliyində önəmli əhəmiyyətə malik "Cənub qaz dəhlizi"nin sonuncu hissəsinin yekunlaşması həm də Azərbaycan qazını gözləyən bütün ölkələr, layihədə tərəfdaşlıq edən şirkətlər üçün böyük hadisə kimi dəyərləndirilir.
Flora SADIQLI,
Azərbaycan.-2022.- 21 may.- S.7.