Daha bir potensial ixrac
məhsulu - Azərbaycan
ipəyi
Bu mövsüm kümçülərə
11 min qutudan çox ipəkqurdu paylanıb
Azərbaycanda ipəkçilik qədim tarixə malikdir. Burada istehsal olunan ipəklər hələ keçmiş zamanlardan
Avropa bazarlarında satılıb. Alıcılar bu məhsulları
həm keyfiyyətinə,
həm də milli naxışlarına görə yüksək qiymətləndiriblər. Tarixi İpək yolunun Azərbaycandan keçməsi
bu baxımdan təsadüfi deyil.
Ötən əsrin 70-ci illərində
də Azərbaycanda baramaçılıq və
ipəkçilik sürətlə
inkişaf etmişdi. "Azərbaycan
Respublikasında ipəkçiliyin
gələcək inkişafına
dair tədbirlər haqqında" 3 mart 1971-ci il tarixli qərardan sonra görülən işlər
sayəsində bu sahənin maddi-texniki bazası, sənaye potensialı gücləndirilmiş,
barama istehsalı və tədarükü xeyli artmışdı. Həmçinin baramaçılığın
yem bazasını artırmaq üçün
müvafiq torpaq sahələri ayrılmış,
o cümlədən yol
kənarlarında tut tingləri
əkilmişdi.
Təəssüf ki, müstəqilliyin ilk illərində bütün
sahələrdə olduğu
kimi, baramaçılıqda
da ciddi geriləmə baş vermişdi. Yaş barama istehsalı 1970-ci ildə 3,7 min, 1975-ci ildə
4,4 min, 1980-ci ildə 5 min, 1985-ci ildə 5,5 min ton olduğu
halda, 1992-ci ildən kəskin şəkildə
azalmağa başlayaraq,
2015-ci ildə 236 kiloqrama
düşmüşdü.
Sahənin inkişaf etdiyi
illərdə respublikamızda
ildə 5-6 min ton yaş
barama və ondan 350-400 ton xam ipək istehsal olunaraq 10 milyonlarla kvadratmetr müxtəlif çeşidli ipək parça toxunurdu. İpəkqurdunun bəslənməsi və barama istehsalı ilə 150 mindən artıq kəndli ailəsi məşğul olurdu.
Azərbaycanın ipək
sənayesində 14 min nəfərdən
çox, o cümlədən
"Şəki-İpək" kombinatında 7 min nəfərə
yaxın daimi işçi çalışırdı.
Azərbaycan barama istehsalına
görə keçmiş
sovetlər birliyində
Özbəkistandan sonra
ikinci, istehsal olunan ipəyin keyfiyyətinə görə
isə birinci yeri tuturdu. "Şəki-İpək"
kombinatı SSRİ-nin
75 müəssisəsinə ipək parça, 84 müəssisəsinə isə
ipək sap göndərirdi.
Şəki ipəyindən hazırlanan
parçalar Yaponiya, İsveçrə, İtaliya
və digər xarici ölkələrə
ixrac olunurdu.
Sonralar Ordubad Baramaaçma Fabrikinin fəaliyyətini dayandırması,
Qarabağ İpək
Kombinatının yerləşdiyi
Xankəndi şəhərinin
işğal olunması
və Şəki İpək Kombinatının
işində çətinliklərin
yaranması səbəbindən
ölkədə barama
istehsalı da kəskin şəkildə
azalmağa başladı. Bu isə Azərbaycanda ipəkçiliyin bərpası
üçün dövlət
dəstəyinə ciddi
ehtiyacın yaranması
demək idi. Elə Prezident İlham Əliyevin
2016-cı il sentyabrın 15-də imzaladığı
"Azərbaycan Respublikasında
ipəkçiliyin inkişafına
dövlət dəstəyi
haqqında" sərəncam
da bu ehtiyacdan
irəli gəlirdi.
Sərəncamın icrası ölkədə
ənənəvi kənd təsərrüfatı
sahələrindən olan
baramaçılığın inkişafı ilə yanaşı, əhalinin məşğulluğuna və
sosial rifahının yüksəlməsinə də
müsbət təsir
etdi. 2017-ci il
noyabrın 27-də isə
dövlət başçısı
tərəfindən imzalanan
sərəncamla "Azərbaycan
Respublikasında baramaçılığın
və ipəkçiliyin
inkişafına dair
2018-2025-ci illər üçün
Dövlət Proqramı"
qəbul olundu.
Yeri gəlmişkən
qeyd edək ki, hazırda dünya bazarında ipəyə olan tələbat yüksək,
qiymət isə bahadır. Məsələn, bir ton xam ipəyin qiyməti təqribən 20 ton pambıq
mahlıcının qiymətinə
bərabərdir. Bu baxımdan Prezidentin imzaladığı hər
iki sənədin əhəmiyyətini dəyərləndirməmək
mümkün deyil.
Məlumdur ki, barama istehsalında yem bazası tut yarpağıdır. O da bəllidir ki, köhnə bağların çox hissəsi məlum səbəbdən məhv edilib. Bunun üçün də yeni tut bağlarının salınması vacibdir. Son illər ölkədə bir neçə milyon tut tingi əkilib. Bütün tinglər dövlət tərəfindən xaricdən valyuta ilə alınıb. 2025-ci ilədək ölkə üzrə 8 milyon tut tinginin əkilməsi nəzərdə tutulur. Hədəf isə həmin dövrdə 6 min ton barama istehsal etməkdir.
Barama istehsalçılarının bu sahəyə olan marağının artırılması məqsədilə dövlət dəstəyinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmiş və Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli qərarı ilə barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə dövlət büdcəsi vəsaiti hesabına 5 manat həcmində subsidiya verilməsi müəyyən edilmişdir.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, 2022-ci il barama mövsümü üçün kümçülərə hibrid ipəkqurdu sənaye toxumlarının paylanması prosesi başa çatıb. Bu il 40 rayondan olan kümçülərə əvəzsiz olaraq 11130 qutu ipəkqurdu toxumu (qrena) paylanıb. İpəkqurdu toxumunun inkubasiya prosesi Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, Bərdə, Ağsu, Füzuli və Zaqatala rayonlarında inşa edilmiş yeni baramaqurutma müəssisələrində də həyata keçirilib. Barama mövsümü ərəfəsində bütün kümxanalar dezinfeksiya edilib, kümçülər təlimlərə cəlb olunub.
Məlumatda həmçinin qeyd olunub ki, ölkədə baramaçılıq və ipəkçiliyin inkişafına dövlət dəstəyi kümçülərin bu sahəyə marağını ildən-ilə artırır. Kümçülərlə imzalanan müqaviləyə əsasən, 2022-ci ildən istehsal olunmuş hər kiloqram yaş barama "Azəripək" MMC tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.
Nəzərə çatdıraq ki, bu il kümçülərə paylanan 11130 qutu ipəkqurdu toxumunun 10000 qutusu Çin Xalq Respublikasından gətirilib, 1130 qutu isə Qax Damazlıq İpəkçilik Stansiyasında istehsal olunub. İpəkqurdu toxumlarının paylanmasına aprel ayının sonlarından start verilib, paylanma mərhələsi rayonların coğrafi şəraiti nəzərə alınaraq mərhələli şəkildə həyata keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri müxtəlif bölgələrə gedərək burada fəaliyyət göstərən kümxanalara baş çəkir, kümçülərlə söhbət edir, onların təkliflərini dinləyirlər. Səsləndirilən təkliflər qeydə alınaraq icrası üçün müvafiq tapşırıqlar verilir.
Rüstəm
KAMAL,
Azərbaycan.-2022.- 21 may.- S.7.