Şuşa həm də təhsilimizin məbədidir
Qayıtmışıq Şuşaya... milli-mənəvi dəyərlərimizlə, ruhumuzla, canımızla... Qurmaq, yaşatmaq, həyat vermək üçün qayıtmışıq Şuşaya. Olanları qorumaq, dağılanları bərpa etmək, yenilərini tikib gələcək nəsillərə çatdırmaq üçün.
Bütün bunları bir borc, öhdəlik yox, qurmaq, yaratmaq milli ruhumuz olduğu üçün edirik. Şuşa bizim olduğu üçün edirik. Biz torpağı Vətən, yurdu abad edənlərik. Babalarımız "Torpağı qorumasan əkib becərməyə, əkib becərməsən qorumağa dəyməz" vəsiyyətini ediblər. Xalq olaraq amalımız budur.
Mədəniyyətimizin paytaxtı, tariximizin 270 yaşlı şəhəri, qəhrəmanlıq tariximizin ən şanlı səhifəsi yazılan Şuşada 28 illik erməni işğalından sonra böyük bərpa-quruculuq işləri görülür. Erməni vandalları tərəfindən dağılıb viran edilmiş binalar, tarixi abidələr yenidən qurulur. Şuşamızın ruhuna can, dağıdılmış, viran edilmiş hər tikilinin ömrünə yenidən həyat verilir. Bütün bu işlər Şuşanı azad edib, əzəli və əbədi sahiblərinə qaytaran xalqımızın xilaskar oğlu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi və nəzarəti altında aparılır.
Ümummilli Lider Heydər Əliyevin doğum günü Qarabağın xilaskarı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşada olmaları heç də təsadüfi deyildi. Bu səfər "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur" deyən Ümummilli Lider Heydər Əliyev ideyalarına sədaqəti ifadə etməklə Şuşanın ölkəmiz üçün nə dərəcədə əhəmiyyətli olduğunu ifadə edir.
Tarixə qısa səyahət edək. XIX əsrdə Azərbaycanda maarifçilik ideyalarının yayılmasında yeni bir mərhələ başlanmışdı. Dövrün görkəmli ziyalıları yeni tipli dünyəvi məktəblərin yaranmasını vacib sayır, əhalinin maariflənməsinə xüsusi önəm verirdilər. Bunun nəticəsi olaraq əhalinin dünyəvi təhsilə marağı xeyli artmışdı. Qeyd edək ki, o zaman yalnız Bakıda bir əsas məktəb, Gəncədə bir klassik gimnaziya var idi. Belə bir vaxtda şuşalılar şəhərlərində yeni bir dünyəvi məktəb açmaq xahişi ilə Peterburq-Qafqaz Komitəsinə müraciət etdilər.
Yerli əhalinin səyləri ilə 1881-ci il sentyabrın 20-də Şuşada altı sinifli Realnı Məktəbinin təməli qoyuldu. Açılışı zamanı məktəbə üç hazırlıq və üç əsas sinif olmaqla, 6 sinfə 159 şagird qəbul edildi. Məktəbin xərclərini yerli əhali öz üzərinə götürdü.
1890-cı ildə Qafqaz Təhsil Nazirliyinin nümayəndəsi Anişirəvanın, Mirzə Qacarın və antropoloq Şantrınin Şuşa Realnı Məktəbinə səfər etmələri şagirdlərin məktəbə olan maraqlarını daha da artırdı. Məktəbin özəl xüsusiyyətlərindən biri də Tiflis məktəblərindən fərqli olaraq burada başqa dillərin öyrənilməsi təşviq edilsə də, xüsusi olaraq alman dilinin tədrisində məcburiyyət yox idi. Şagirdlərin azad seçim etmək imkanı var idi.
Şuşa Realnı Məktəbinin adı çəkilərkən, onun xalqımızın tarixində rolunu qeyd edərkən istər-istəməz bu məktəbdə dərs demiş dövrünün tanınmış maarifçiləri, görkəmli ziyalılar Haşım bəy Vəzirov, Mirzə Salah bəy Zöhrabbəyov, Yusuf bəy Məlikhaqnəzərovun, bu məktəbdə ilk təhsilini almış millətimizin tarixində və taleyində böyük rolu olan görkəmli şəxsiyyətlər İsmayıl bəy Səfibəyov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Cabbar bəy Vəlibəyov, Xudadat bəy Məlik-Aslanov, Cavad bəy Məlik-Yeqanov, Rüstəm bəy Axundov, Əhməd bəy Ağaoğlu, Soltan bəy Vəlibəyov və Xan Şuşinski kimi tarixi şəxsiyyətlər xatırlanır.
Göründüyü
kimi, Şuşa yalnız mədəniyyətimizin, musiqimizin
yox, həm də təhsilimizin ocağıdır.
Elşən QƏNİYEV,
Azərbaycan.-2022.- 21 may.- S.11.