"Qafqazın birinci tarzəni"nin - Sadıqcanın evi bərpa olunur

 

 

Şuşa tarixinin iftixar dolu günlərini yaşayır. Bu qədim əsrarəngiz şəhərdə quruculuq işləri gündən-günə genişlənir. Ermənilərin işğal müddətində dağıdıb taladıqları, xarabaya çevirdikləri hərəsi bir tarix olan tikililər bərpa olunur, yenidən qurulur. O ocaqlardan qaranlıqlar qovulur, yenidən işıqlar yandırılır. Azərbaycan musiqi tarixində yeni yol açan Sadıqcanın ocağında olduğu kimi...

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva Şuşaya növbəti səfərləri zamanı məşhur tarzən, bəstəkar Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə yaşadığı evin bərpası işləri ilə tanış olublar. Qeyd edək ki, Sadıqcanın evində bərpa işlərini Heydər Əliyev Fondu həyata keçirir.

Şuşaya xas memarlıq üslubunda inşa edilmiş, şəhərin mərkəzində, Mərdinli məhəlləsində yerləşən dördbucaqlı plan quruluşuna malik, ikimərtəbəli bina ilkin görkəmini 80 faizə qədər itirib. Binanın qalan hissələrində isə konstruktiv çatlar müşahidə olunur qəza vəziyyətindədir. Bir zamanlar bu evdən Azərbaycanın özü kimi qədim musiqiləri, muğamları ucalaraq Şuşaya yayılıb. Sadıqcan adı ilə məşhurlaşan Sadıq Mirzə Əsəd oğlu 1846-cı ildə bu şəhərdə dünyaya gəlib. Gözətçi işləyən atasının kasıbyana, birmərtəbəli ikiotaqlı evində boya-başa çatıb. Sonralar, şöhrətləndiyi vaxtlarda o, Şuşanın mərkəzində böyük ev tikdirib. Evinin tikintisində bir neçə gün özü çalışıb.

Şuşanın musiqi mühitində böyüyən Sadıq uşaq yaşlarından musiqiyə bağlanıb. Gözəl səsi olduğunu görən atası onu məşhur xanəndə Xarrat Qulunun məktəbinə aparıb. Xarrat Qulu Sadığı gözəl ifasına, xoş avazına görə məktəbinə qəbul edib.

Özünəməxsus, məlahətli səsini dinləyənlər onun adlı-sanlı xanəndə olacağına şübhə etməyiblər. Amma Sadığın 18 yaşında səsi qəflətən batıb. Buna baxmayaraq, gənc Sadığı musiqi sənətinə sevgisi ruh düşkünlüyündən xilas edib. Tütək, ney, sonra kamança alətlərində gözəl musiqilər ifa etməyi öyrənib. Ancaq tar ömürlük sənətdə yoldaşı, ruhunun həmsöhbəti olub. Onun tar müəlliminin XIX əsrdə yaşamış məşhur tarzən Mirzə Muxtar Məmmədov olduğunu görkəmli müğənni Bülbül yazıb. Sadıq istedadı öyrənmək marağı sayəsində qısa müddətdə bu sənətin incəliklərini mənimsəyib. O, Mirzə Muxtarın ansamblının kamança ifaçısı olub. Bir gün müəllimi xəstələnib. Mirzə Muxtarı tarda Sadıq əvəz edib. İfası hər yana səs salıb. Öz uğurundan vəcdə gələn Sadıq o vaxtdan tarzənlik edib. Şagirdinin qabiliyyətinə heyran qalan Mirzə Muxtar sevinc qibtə ilə söyləyib: "Kaş mənim var-dövlətim Sadığın, onun barmaqları isə mənim olaydı".

Xalq rəssamı Lətif Kərimovun "Musiqi lüğətinin izahı" adlı əsərində XVIII əsrdən etibarən Yaxın Şərq ölkələrində, həmçinin Azərbaycanda xalq tərəfindən çox sevilən, yüksək dəyərləndirilən xanəndə sazəndələrə "can" kimi yüksək ad, yaxud təxəllüs verildiyini qeyd edib. Beləcə, Mirzə Sadıq Sadıqcan, Əbdülbağı Zülalov Bülbülcan kimi tanınıblar.

Sadıqcanın şöhrət qazanmasında Şuşada təşkil edilən musiqi məclislərinin böyük rolu olub o, Azərbaycanın başqa bölgələrində, hətta qonşu ölkələrdə tanınıb.  1872-ci ilin martında Novruz bayramı münasibətilə İranın Rusiyadakı səfiri Sadıqcanı Sankt-Peterburqa dəvət edib. O, məşhur xanəndə Səttarla çıxış edib.

Sadıqcan Hacı Hüsü Ata Bağdagüloğlu ilə muğam üçlüyü yaradıb. Sonra o, xanəndə Məşədi İsinin üçlüyünə daxil olub. Birlikdə 1890-cı illərdə Aşqabad, Səmərqənd, Daşkənd başqa şəhərlərə gedib, xalq şənliklərində çıxış ediblər. 1880-ci ildə Təbrizə, Nəsrəddin şah Qacarın oğlunun toy mərasiminə dəvət olunublar. Elə gözəl məclis aparıblar ki, Hacı Hüsü ən yaxşı xanəndə, Sadıqcan isə ən yaxşı tarzən kimi Nəsrəddin şah tərəfindən Şiri-Xurşid ordeni ilə mükafatlandırılıblar.

Şuşada 1890-cı illərdə Sadıqcanın rəhbərliyi ilə ansambl yaranıb. Ansamblda dövrün tanınmış musiqiçiləri xanəndələri - Hacı Hüsü, Məşədi İsi, Cabbar Qaryağdıoğlu, Dəli İsmayıl, Xanlıq Şükür, Bülbülcan, Keçəçioğlu Məhəmməd, Məşədi Zeynal Haqverdiyev başqaları çıxış ediblər. Şuşa, Bakı, Gəncə, Aşqabad, Tehran, İstanbul, Dərbənd, Vladiqafqazın konsert zallarında, Xurşidbanu Natəvan, Mahmud ağa, Məşədi Məlik bəy Mansurovun musiqi məclislərində, Tiflisin "Mücdəhid" İrəvanın "Xurra" bağlarında ansambl konsertlər verib. 

Sadıqcan həm müəllim kimi tanınıb, hörmət qazanıb. O, bildiklərini böyük diqqət və qayğı ilə şagirdlərinə - Qurban Pirimov, Məşədi Cəmil Əmirov, Məşədi Zeynal Haqverdiyev, Şirin Axundov, Mərdi Canıbəyov, Həmid Malıbəyli və başqalarına öyrədib.

Tanınmış tarzən Sadıqcan həm də tarı təkmilləşdirib. Tara cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. Sadıqcanın təkmilləşdirdiyi Azərbaycan tarı QafqazdaOrta Asiyada geniş yayılıb.

Sənətkar  Azərbaycan muğamına yeniliklər gətirib, "Segah", "Mirzə Hüseyn Segahı" və "Mahur"u təkmilləşdirib. Mütəxəssislər Azərbaycan muğamında "Mahur-Hindi", "Orta Mahur", "Zabul Segah", "Xaric Segah", "Mirzə Hüseyn Segahı", "Yetim Segah" və "Çoban Bayatı"nın yaranmasının Sadıqcanın yaradıcılığı və Azərbaycan tarı ilə bağlı olduğunu qeyd ediblər. Bəstəkar Əfrasiyab Bədəlbəyli yazırdı: "Əgər nəzərə alsaq ki, muğamların ifasında tar çalğı alətləri içərisində əsasdır, onda Mirzə Sadığın tarının son nəticədə Azərbaycan musiqi sənətinin inkişafında dönüş yaratdığını inamla demək olar. Mirzə Sadıqdan başlayaraq Azərbaycan muğamlarının mahiyyəti, onların ifadə vasitələri, təsir gücüifa üsulları yeni bir mərhələyə qalxmışdır. Mirzə Sadıq Azərbaycan musiqi tarixində yeni bir səhifə açmışdır".

Onun bəstəkar kimi də fəaliyyət göstərdiyi məlumdur. "Orta Segah" və "Bayatı-Şiraz" muğamlarına bir neçə rəng bəstələyən tarzən 1897-ci ildə Şuşada "Leyli və Məcnun"un dini şəbeh üslubunda tamaşaya qoyulmasında da yaxından iştirak edib. 1901-ci ildə isə Şuşada təşkil olunan Birinci Şərq konsertində Sadıqcan ilk dəfə tarda "Mahur" muğamını solo çalıb.

Öz dövründə "Qafqazın birinci tarzəni" kimi tanınan Sadıqcan bu dünya ilə cəmi 56 il yol yoldaşı olub. O, 1902-ci ildə Şuşada vəfat edib.

XX əsrin sonuncu onilliyində ermənilərin təxribatı nəticəsində başlayan Birinci Qarabağ müharibəsinədək Şuşada Sadıqcanın evinin divarında Mədəniyyət Nazirliyi tərəfindən qoyulmuş xatirə lövhəsi var idi. Erməni vandalları işğal etdikləri bütün yaşayış yerlərimiz kimi, Şuşanı, o cümlədən bu evi də dağıntılara məruz qoydular. İndi o yerlər öz əvvəlki görkəminə qaytarılır. Görkəmli sənətkar Sadıqcanın evi də tezliklə yenidən musiqi tariximizi yaşadan ocaqlardan birinə çevriləcək.

 

 Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2022.- 21 may.- S.11.