Əzəmət və ucalıq rəmzi

 

 

"Xarıbülbül" festivalı! Adı Şuşa ilə qoşa çəkilən bu festivalaz, nə çox - 30 il ayrı düşmüşdü öz məkanından. 1990-cı ildən beynəlxalq status almış "Xarıbülbül" festivalında hansı ölkələrin nümayəndələri iştirak etməmişlər - Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, Hollandiya, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan və keçmiş SSRİ-dən ayrılmış ölkələr.

Bu maraq səbəbsiz deyildi. Beynəlxalq status adını daşıyan festival yalnız Azərbaycanda deyil, az qala bütün dünyada mühüm mədəniyyət tədbirlərindən sayılırdı. Təkcə 1991-ci ildə keçirilmiş üçüncü festivalda 25 ölkədən təxminən 300 nəfər iştirak etmişdi. Tamaşaçılar isə o qədər çox olmuşdu ki, festival çərçivəsində konsertlər stadionlarda keçirilirdi.

Dördüncü festival isə 1992-ci il mayın 15-də başlamalı və o zamanadək keçirilənlərin ən böyüyü olmalı idi. Dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Ancaq işğalçı ermənilər bu beynəlxalq tədbirin keçirilməsinə imkan vermədi. Çünki Qarabağı odlara bürüyən erməni qəsbkarları Şuşa şəhərini mayın 8-də işğal etdilər.

Bununla da erməni işğalçıları tərəfindən ələ keçirilən digər ərazilərimiz kimi, Şuşanın da 28 illik ən ağır günləri başladı. Yağı düşmən bu gözəl və qədim şəhərimizi talan etdi, dağıntılara məruz qoydu. Amma erməniləşdirə bilmədi. Çünki qarşıdan 2020-ci il noyabrın 8-i gəlirdi.

Artıq azadlıqdan sonra ikinci il oldu ki, Şuşada "Xarıbülbül" festivalı keçirildi. Sinəmiz növbəti dəfə qürur hissi ilə döyündü. Bundan bir neçə gün öncə isə Şuşa Dünya Azərbaycanlılarının görüş yerinə çevrilmişdi. Cəmi bir neçə il əvvəl ermənilərin qol-boyun olub tullanıb düşdükləri Cıdır düzü dünyanın hər yerindən gəlmiş soydaşlarımızı ağuşuna almış, oğurluq erməni zurnasının cır səsini dahi Üzeyir bəyin möhtəşəm musiqisi əvəz etmişdi.

Bundan böyük xoşbəxtlik, qürur olarmı?! Eşq olsun bu hissləri bizə yaşadan Ali Baş Komandanaordumuza!

Bütün bunlardan sonra görəsən ermənilər hansı üzlə neçə-neçə ünlü sənət dahilərimizin - Qasım bəy Zakirin, Üzeyir bəyin, Xan qızı Natəvanın, Cabbar Qaryağdıoğlunun, Bülbülün, Xan əminin, Mir Möhsün Nəvvabın, Qurban Primovun, Niyazinin, Sadıqcanın, Kərim Bəy Mehmandarovun, Yusif Vəzir Çəmənzəminlinin doğulduğu evlərin, Molla Pənah Vaqifin dərs dediyi məscid-mədrəsənin yerləşdiyi şəhərə "bizim Şuşi" deyirlər?! Axı dünya şöhrətli xalçaçı Lətif Kərimovun təşəbbüsü ilə Şuşada açılan Xalça Muzeyində nənələrimizin, qız-gəlinlərimizin əllərinin sığalı hopmuş ilmələrin, naxışların da dili var bunu inkar etməyə.

17 məhəlləsi, 17 bulağı, 17 məscidi, 17 hamamı olub Şuşanın. Dağlar şəhərində abidələrin dəqiq sayı isə bu günə qədər hələ tam öyrənilməyib. Onlardan Şuşanın işğalından əvvəl cəmi 250-si dövlət tərəfindən qorunurdu. Amma Şuşanın hər tikilisi, hər daşı tarixdir, muzeydir. Yəqin elə bu səbəbdən 8 may 1993-cü ildə faşist xislətli ermənilər Şuşanı işğal edəndə güllələri dinc insanlarla yanaşı, şəhərin abidələrinə, heykəllərinə də sıxıblarmış. Və o zaman olmayan ağıllarına da gəlməyib ki, tarixə güllə atmaq olsa da, onu gizlətmək mümkün deyil, xüsusən də sahibi varsa.

Bəli, bu gün Şuşa öz sahiblərinin ixtiyarındadır. Xatirə Qasımova kimi sahiblərinin. O, 1964-cü ildə Şuşada anadan olub. M.P.Vaqif küçəsi, ev 36-da yaşayıb. Yaxın günlərdə doğma Şuşasına səfər edib. Uşaqlığını, gəncliyini, məktəb illərini qoyub gəldiyi Şuşasına. "Yaşadığım illər ərzində Şuşanı bir ovuc yer bilirdim. Amma iki gün Şuşada qaldım, şəhəri gəzib qurtara bilmədim. Elə həsrətini çəkmişdim ki, geri dönmək istəmirdim. Qorxurdum ki, bir də görmərəm, baxmayaraq ki, Ali Baş Komandanımızın dediyi kimi, Şuşaya əbədi qayıtdığımıza əmin idim".

 

 Zəkurə QULİYEVA,

Azərbaycan.-2022.- 21 may.- S.11.