Azərbaycanda məcburi əməyə
qarşı mübarizə gücləndirilir
Mayın 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə "Beynəlxalq Əmək Təşkilatının 29 və 105 saylı konvensiyalarının tələblərinin həyata keçirilməsində həmkarlar ittifaqlarının rolu" mövzusunda hibrid formatda seminar keçirilib.
Seminarın açılışında çıxış edən BƏT-in sektor müdiri Sergiyus Qlovaskas qlobal problem olan məcburi əməkdən, bunun milyonlarla insanın hüquqlarını pozmasından, xüsusilə özəl sektorda daha geniş vüsət almasından, yoxsulluğa gətirib çıxarmasından, həmçinin məcburi əməyin bütün formaları ilə mübarizənin üsul və vasitələrindən danışıb.
Geniş məruzə ilə çıxış edən AHİK sədri Səttar Möhbalıyev BƏT-in "Məcburi əməyin ləğv edilməsi haqqında" 105 saylı konvensiyasının Azərbaycan tərəfindən icrasından və məcburi əməyə qarşı mübarizədə ölkəmizdə həmkarlar ittifaqlarının rolundan söz açıb. Bildirib ki, Azərbaycan hökuməti və ölkəmizin bütün maraqlı qurumları 105 saylı konvensiyanın tətbiqinə böyük diqqətlə yanaşır, göstərilən öhdəliklər nəzərə alınmaqla beynəlxalq standartlara uyğun milli əmək qanunvericiliyi formalaşdırılıb və təkmilləşdirilir. Onun sözlərinə görə, Azərbaycanda məcburi əmək halları həmkarlar ittifaqları fəaliyyət göstərən iş yerlərində aşkarlanmayıb, eləcə də bu barədə AHİK-ə ciddi məlumat, müraciət və şikayət daxil olmayıb və əmək münasibətləri ilə bağlı bütün hüquq pozuntuları hökumətin, AHİK-in, həmçinin işəgötürənlərin daimi nəzarətindədir.
S.Möhbalıyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi islahatlar proqramına beynəlxalq səviyyədə yüksək dəyər verilir: "Azərbaycanın BƏT-in rəhbər orqanına üzv seçilməsi də bunun bir əlamətidir. İndiyədək ölkəmiz BƏT-in 58 konvensiyasına qoşulub. Həmin sənədlərdən irəli gələn öhdəliklər də nəzərə alınmaqla milli əmək qanunvericiliyimiz beynəlxalq standartlara və normalara uyğunlaşdırılır. Azərbaycan həmkarlar ittifaqları həmişə BƏT-in konvensiyalarının müddəalarının əsas prinsip və hüquqlarına əməl olunmasına böyük diqqətlə yanaşır, əmək, sosial və iqtisadi sahədə qanunvericilik aktlarının qəbul edilməsində, qanunların təkmilləşdirilməsi zamanı ekspertizada rəy və təkliflərini bildirməklə fəal iştirak edir".
Digər
çıxış edənlər məcburi əməyin
qurbanı olan şəxslərin hüquqlarının
müdafiəsindən, onlara dəyən zərərin
mütləq ödənilməsindən, maarifləndirmə
işinin təşkilindən, bu sahədə əmək
müfəttişliyi xidmətlərinin işinin gücləndirilməsindən,
həmçinin məcburi əməyin risklərini artıran
əsas səbəblərin və amillərin aradan
qaldırılması zərurətindən bəhs ediblər.
Aydan XƏLİLOVA,
Azərbaycan.-2022.- 20 may.- S.3.