Liderlik missiyası
İlham Əliyevin
təşəbbüsləri, şərtləri və təklifləri Avropa İttifaqı və
ABŞ tərəfindən də birmənalı dəstəklənir
Müstəqilliyinin bərpasından ötən 31 ildə heç vaxt indiki kimi güclü, qüdrətli və istiqrarlı olmayan Azərbaycan dünya düzənində özünəməxsus yer tutan ölkə kimi nüfuzunu gündən-günə artırmaqdadır. Bunun səbəbi isə İlham Əliyevin yürütdüyü müstəqil siyasət və dövlətin iqtisadi qüdrətidir.
İlham Əliyevin son 19 ildə həyata keçirdiyi siyasətlə Azərbaycanın əldə etdiyi hərtəfli uğurları inkişaf etməkdə olan ölkələrin əksəriyyəti bəlkə də heç 50 ildə qazana bilməyiblər. Məhz bu siyasət Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirib. İkinci Qarabağ müharibəsindən sonra isə yaranan yeni reallıqlar göstərir ki, İlham Əliyev həm bölgənin təhlükəsizliyinin təminatının, həm də yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsində liderlik missiyasını uğurla gerçəkləşdirir. Azərbaycan Prezidentinin Ermənistanla sülh müqaviləsinin imzalanması, eləcə də regionun nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi istiqamətində itəli sürdüyü təşəbbüslər beynəlxalq birlik tərəfindən də təqdir edilir.
Təkcə ötən həftə baş verən iki fakt - ABŞ Prezidenti Co Baydenin 28 May Müstəqillik Günü ilə bağlı İlham Əliyevə göndərdiyi məktubda əks olunan fikirlər və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilən görüşlərdən sonra verilən açıqlama bunun bariz təcəssümüdür.
Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-ABŞ münasibətləri
Azərbaycanın xarici siyasət kursunda son vaxtlar ABŞ-la inkişaf etməkdə olan münasibətlərə nəzər yetirsək görərik ki, bu əlaqələr artıq strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib.
Azərbaycanın çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda dünyanın ən qüdrətli ölkələrindən biri olan ABŞ-la münasibətlərin möhkəmləndirilməsi xüsusi prioritet təşkil edir. Rəsmi Bakı xarici siyasət kursunda ABŞ-la münasibətlərə hər zaman xüsusi yer verir. Eləcə də, rəsmi Vaşinqton Azərbaycanla əlaqələri daha da genişləndirmək üçün müəyyən addımlar atır. İki ölkə arasında enerji, nəqliyyat, infrastruktur, kommunikasiya və digər sahələrdə güclü təmaslar mövcuddur. Azərbaycanın Amerika ilə münasibətləri son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub.
ABŞ Prezidenti Cozef Baydenin Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlaması təbii ki, ilk növbədə ölkəmizin artan reytinqinin növbəti nümunəsidir. Eyni zamanda, İlham Əliyevin liderliyi ilə Azərbaycanın Avropa və dünya bazarlarının enerji təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığı da vurğulanır. Digər mühüm məsələ isə ABŞ-ın Azərbaycanla Ermənistan arasında əvvəlki münaqişənin nizamlanmasına, bunun tənzimlənməsinə öz mövqeyini və fikrini bildirməsidir.
Cozef Baydenin Ağ evin Azərbaycanla Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və iki ölkənin iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazır olduğunu bildirməsi, açıq-aydın göstərir ki, rəsmi Vaşinqton İlham Əliyevin təşəbbüslərini birmənalı şəkildə dəstəkləyir.
Bütün bunlar isə əlbəttə ki, ABŞ kimi dünyanın supergüc dövlətinin İlham Əliyevin uğurlu və məqsədyönlü siyasətinə, bölgənin təhlükəsizliyi naminə həyata keçirmək istədiyi layihələrə verilən yüksək qiymətdir.
Növbəti Brüssel görüşü və Şarl Mişeldən İlham Əliyevə minnətdarlıq
Əgər bu gün Azərbaycan beynəlxalq miqyasda söz sahibi kimi tanınırsa, bunu yaradan İlham Əliyevin müstəqil siyasəti, qətiyyəti və prinsipiallığıdır. Bu qətiyyət həm İlham Əliyevə, həm də Azərbaycana başucalığı gətirir.
Həftəsonu İlham Əliyevin Brüsselə növbəti səfəri, Avropa İttiifaqı Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşlərdə qəbul edilən qərarlar da göstərdi ki, Azərbaycan Prezidentinin Cənubi Qafqaz ölkələrinin yeni inkişaf istiqamətləri ilə bağlı təklif etdiyi təşəbbüslər beynəlxalq birliklər tərəfindən də dəstəklənir.
Brüsseldə keçirilən sayca üçüncü görüşlərdə də vacib məsələlərin müzakirəsi aparıldı. İlham Əliyev Şarl Mişellə ikitərəfli görüş zamanı Azərbaycan dövləti öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyini bir daha Avropa İttifaqının rəsmisinin diqqətinə çatdırdı. Şarl Mişel Cənubi Qafqazda, xüsusən Azərbaycan-Ermənistan münasibətlərində sülhün bərqərar olmasında göstərdiyi səylərə görə İlham Əliyevə minnətdarlığını bildirdi.
Şarl Mişel danışıqlar zamanı qəbul edilən qərarlarla bağlı mətbuata açıqlama verərək bildirdi ki, səmimi və məhsuldar keçən görüşlərdə bütün məsələlər nəzərdən keçirilib. Humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi və saxlanılan şəxslərin azad edilməsi ilə bağlı səylərlə əlaqədar ətraflı müzakirələr aparılıb, itkin düşmüş insanların taleyi maraq dairəsində olub.
Qərara gəlinib ki, yaxın günlərdə dövlətlərarası sərhəddə sərhəd məsələləri ilə bağlı yaradılan komissiyaların birinci birgə iclası keçirilsin. Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə aydınlıq gətirilsin.
Həmçinin kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurətini vacib biliblər. Tərəflər Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəliblər.
Sülh sazişinə gəlincə, liderlər qəar veriblər ki, Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh sazişinə dair müzakirə davam etdirilsin. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər.
Avropa İttifaqının bütün proseslərə dəstəyini gücləndirməyə hazır olduğunu söyləyən Şarl Mişel iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşlərin keçiriləcəyini vurğulayıb.
Şarl Mişelin açıqlamasında Dağlıq Qarabağ ifadəsinin deyil, Azərbaycanın Qarabağ bölgəsi ifadəsini işlətməsi bir daha əsl həqiqətləri ortaya qoydu. Həmçinin Şarl Mişelin Qarabağın statusu barədə fikir söyləməməsi, Ermənistanın böyük cəhdlə münasibətlərin normallaşmasına Minsk qrupunun iştirakı barədə heç bir fikir bildirməməsi də məğlub ölkənin bu görüşdə də acı məğlubiyyətə uğraması ilə nəticələndi. Görüşün yekun nəticəsi olaraq bir daha şahidi olduq ki, Avropa İttifaqı İlham Əliyevin irəli sürdüyü bütün təşəbbüsləri dəstəkləyir.
Avropa İttifaqı Şurası prezidentinin təşəbbüsü ilə keçirilən üçüncü görüş Brüssel sülh gündəliyinin dəyişikliyə uğramadan, həmçinin Azərbaycan üçün prinsipial əhəmiyyət kəsb edən məsələlər nəzərə alınmaqla davam etdirildiyini göstərdi.
Brüssel görüşündən sonra həm Azərbaycan, həm də Ermənistan tərəfindən sərhədlərin delimitasiyası üzrə dövlət komissiyalarının yaradılması isə məğlub ölkədə sülh prosesinə mane olmaq istəyən revanşist qüvvələrin bütün cəhdlərinin növbəti dəfə iflasa uğramasını təsdiqləyən reallıq oldu.
Bir sözlə, Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan dövlətə çevirən İlham Əliyevin təşəbbüsləri böyük dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstək qazanır. Bu da özündə Azərbaycanın bölgədə çox vacib siyasi aktora çevrildiyindən xəbər verir. İlham Əliyev tərəfindən irəli sürülən təkliflər, geosiyasi və qlobal reallıqlar nəzərə alınaraq atılan addımlar, yürüdülən düşünülmüş siyasət birmənalı olaraq yüksək qiymətləndirilir və hər zaman təqdir edilir.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.- 2022.- 25 may. S. 1;5.