Bakıda qadınlara
qarşı zorakılıq və məişət
zorakılığına dair Avropa Şurası standartları çərçivəsində
tədbir keçirilib
Mayın
19-da Bakıda qadınlara qarşı zorakılıq və məişət
zorakılığına dair Avropa Şurası standartları
və bu kontekstdə milli parlamentlərin rolu ilə
bağlı məlumatlılığın
artırılmasına dair tədbir keçirilib.
AZƏRTAC
xəbər verir ki, Avropa İttifaqı (Aİ), Avropa
Şurası (AŞ) və Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə
təşkilatçılığı ilə keçirilən
tədbirdə Milli Məclisin deputatları da iştirak ediblər.
Avropa
Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyesin
moderatorluğu ilə keçirilən toplantıda quruma
üzv dövlətlərin təcrübəsinə əsaslanaraq,
parlamentlərin yerli kontekstdə bu standartların təşviqində
rolu müzakirə edilib.
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç videoformatda çıxış edərək Azərbaycanın məişət zorakılığı ilə mübarizədə müsbət addımlar atdığını, gender bərabərliyinin təmin olunması, məişət zorakılığının qarşısının alınması məqsədilə qanunvericilik aktlarının qəbul olunduğunu, eləcə də Milli Fəaliyyət Planının hazırlandığını diqqətə çatdırıb. Azərbaycanın qadın zorakılığına qarşı fəal mübarizə aparan ölkələrdən olduğunu vurğulayan Avropa Şurası rəsmisi hazırda İstanbul Konvensiyasına 35 dövlətin qoşulduğunu və Azərbaycanın da tezliklə bu konvensiyaya qoşulacağına ümidvar olduğunu bildirib.
Avropa Şurasının Baş katibi əlavə edib ki, Azərbaycan BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasına sadiqdir.
Baş katib bildirib ki, Avropa Şurası Azərbaycan dövləti ilə birlikdə qadınların zorakılıqdan uzaq, sərbəst, şiddətsiz həyat yaşamaları, eləcə də hamı üçün daha təhlükəsiz həyatın təmin edilməsi üçün töhfə verməyə hazırdır.
Milli Məclisin sədri Sahibə Qafarovanın fəaliyyətini yüksək qiymətləndirən Baş katib qadın zorakılığına qarşı mübarizədə maarifləndirmə işlərində deputatları fəal olmağa çağırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda gender bərabərliyinin təmin edilməsinin, qadın zorakılığına qarşı mübarizənin diqqətdə saxlanıldığını bildirib. Bu istiqamətdə müvafiq qanunların və normativ aktlar qəbul edildiyini bildirən komitə sədri ölkəmizin bu sahədə kifayət qədər aydın və qəti mövqeyə malik olduğunu vurğulayıb.
Son iki ildə bu sahə ilə bağlı hesabatın Milli Məclisə təqdim olunduğunu diqqətə çatdıran Bahar Muradova qadın zorakılığına qarşı səmərəli icra mexanizmlərinin yaradılmasının vacibliyini vurğulayıb.
Milli Fəaliyyət Proqramının əhəmiyyətindən danışan komitə sədri qeyd edib ki, gender bərabərliyinin təmin edilməsi məqsədilə bələdiyyələrdə komissiyalar yaradılıb. Bu komissiya riskli qrupdan olan insanlarla işləyir. Bildirilib ki, bu istiqamətdə deputatların seçicilərlə iş aparmaları ümumi işə töhfə vermiş olar.
Bahar Muradova, həmçinin deyib: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT, Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir və bu çərçivədə mütəmadi olaraq tədbirlər keçirilir, təlimlər təşkil edilir.
Zorakılıqdan danışarkən müharibələrə toxunmamaq mümkün deyil. Azərbaycan 30 ilə yaxın münaqişə və müharibədən əziyyət çəkən ölkə kimi zorakılıqla qarşı-qarşıya qalıb. Komitə tərəfindən yaradılan 3 icma və 14 qadın resurs mərkəzi fəaliyyət göstərir".
Komitə sədri ölkəmizdə məişət zorakılığı nəticəsində hüququ pozulanların müdafiəsinin diqqətdə saxlanıldığını da qeyd edib. O, uyğun büdcə vəsaitlərinin ayrılması və ona nəzarət sahəsində parlamentlərin rolundan da danışıb, həmçinin tvininq layihəsi çərçivəsində monitorinq qruplarının fəaliyyətini dəstəkləmək üçün qanunvericilik təkliflərinin, qurbanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə mühafizə orderləri ilə bağlı təkliflərin hazırlandığını qeyd edib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko çıxışı zamanı qadınlara qarşı zorakılıqla, o cümlədən məişət zorakılığı ilə mübarizənin Aİ-nin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. Uzun illərdir bu sahədə Azərbaycanla sıx əməkdaşlığın davam etdiyini qeyd edən P.Mixalko hökumətin, eləcə də AQUPDK-nin bu sahədə gördüyü işləri yüksək qiymətləndirib.
Tədbir müzakirələrlə davam edib.
Qeyd
edək ki, tədbir Şərq Tərəfdaşlığı
ölkələrində Avropa İttifaqı və Avropa
Şurasının birgə proqramı olan Yaxşı
İdarəçilik üçün Tərəfdaşlıq
II (PGGII) çərçivəsində “Azərbaycanda
İstanbul Konvensiyası və digər gender bərabərliyi
standartlarına dair məlumatlılığın
artırılması” layihəsi əsasında
reallaşdırılıb.
Azərbaycan.-2022.- 20 may.- S.4.