Bakı yenidən dünyanın enerji nəhənglərinin
görüş yerinə
çevrilir
İyunun ilk günləri
Bakı Enerji Həftəsi çərçivəsində
iki beynəlxalq sərgi və bir forum keçiriləcək
Cari il iyunun 1-dən 4-dək paytaxtımızda Bakı Enerji Həftəsi ("Baku Energy Week") keçiriləcək. Bu, Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunur. Enerji sahəsində mövcud tendensiyaları nəzərə alaraq Bakı Enerji Həftəsi öz brendi altında 3 böyük tədbiri birləşdirəcək. Bunlar 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpaolunan Enerji sərgiləri və Bakı Enerji Forumudur.
Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında bu tədbirlər haqqında ətraflı məlumat verildi. "İteca Caspian" şirkətinin icraçı direktoru Fərid Məmmədov bildirdi ki, bu il sərgi və forumda öz iştirakını 30 ölkədən 249 şirkət qeydiyyatdan keçirib.
İştirakçılar arasında ABŞ, Almaniya, Azərbaycan, Belarus Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Hollandiya, İsrail, İspaniya, İsveçrə və digər ölkələrin şirkətləri var.
Tədbirə ənənəvi olaraq Energetika Nazirliyi və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) dəstək göstərirlər. Bakı Enerji Həftəsinin statusunu onun sponsorlarının tərkibindən də aydın görmək olar. Belə ki, onların sırasında ACWA Power, bp, "Equinor", "Masdar", INPEX, "Turkiye Petrolleri", "Baker Hughes", "Microsoft", PASHA Bank, TechnipFMC, "Tenaris", "TotalEnergies", "Uniper" və digər nüfuzlu şirkətlər özünə yer alır. Bakı Enerji Həftəsinə yüksək rütbəli qonaqların gəlişi gözlənilir.
Mətbuat konfransında SOCAR-ın Elm, texnika və nanotexnologiyalar Departamentinin rəisi Nazim Vəliyev, Energetika Nazirliyi Mətbuat sektorunun müdiri Cahid Mikayılov, layihə rəhbərləri də çıxış etdilər. Bildirildi ki, koronavirus pandemiyasının yaratdığı ikiillik fasilədən sonra Bakı yenidən dünyanın enerji nəhənglərinin görüş yerinə çevrilir.
Bakı Enerji Həftəsinin əlavə tədbirlər proqramı çərçivəsində ənənəvi olaraq İkitərəfli Biznes Görüşləri keçiriləcək. Sessiyalar sahənin ən aktual mövzularını əhatə edəcək. Məsələn, "Neft və Qaz sənayesində avtomatlaşdırma üzrə qabaqcıl həllər", "Layihələrin çatdırılmasında istismara vermə mərhələsinin əhəmiyyəti", "Neft sənayesində SƏTƏM idarəetməsi" və s. Həmçinin iştirakçı şirkətlərin təqdimatları olacaq.
27-ci Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil & Gas" 2022 sərgisi Bakı Ekspo Mərkəzində keçiriləcək. Xatırladaq ki, bu sərgi Azərbaycanda ilk dəfə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra təşkil olunub. O zaman təşəbbüs Ümummilli Lider Heydər Əliyev tərəfindən dəstəklənib.
Ötən dövr ərzində regionda neft-qaz sənayesinin əsas tədbirinə və tanınmış beynəlxalq platformasına çevrilmiş "Caspian Oil & Gas" sərgisi hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksəksəviyyəli nümayəndələrini öz meydançasında bir araya gətirir. Başqa sözlə, bu sərgi neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislərin görüş yeri olub, burada gələcək əməkdaşlığa dair memorandumlar, müqavilələr imzalanıb. Sərgi yarandığı ilk günlərdən ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin hər il sərginin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu bir daha təsdiqləyir.
Xəzər Beynəlxalq Energetika və Bərpaolunan Enerji Sərgisi "Caspian Power" isə bu il 10 illik yubileyini qeyd edir. O, ənənəvi olaraq Beynəlxalq Xəzər Neft və Qaz sərgisi ilə eyni platformada keçiriləcək. Sərginin ekspozisiyası beynəlxalq və yerli şirkətlərinin energetika və bərpaolunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsində ən son təkliflərini təqdim edəcək. Bu, eyni zamanda Qarabağın və Şərqi Zəngəzurun "yaşıl enerji" ilə təmin olunması üçün bərpaolunan enerji mənbələri üzrə investisiyalar və birgə layihələr sahəsində əməkdaşlıq imkanlarını genişləndirəcək.
Bakı Enerji Forumu iyunun 2-3-də Bakı Konqres Mərkəzində baş tutacaq. Tədbirdə qlobal enerji perspektivləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi və bir sıra digər aktual mövzular ətrafında müzakirələr aparılacaq. Builki forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edəcək. Forumun proqramına yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli işgüzar görüşləri daxildir.
Və möhtəşəm bir yenilik: foruma işğaldan azad edilmiş ərazilərimizdə yekun vurulacaq. Belə ki, iyunun 4-də Şuşa şəhərində Bakı Enerji Forumunun iştirakçıları ilə sessiya keçiriləcək.
Hamıya yaxşı məlumdur ki, bu gün Azərbaycan uğurla ardıcıl enerji siyasəti həyata keçirir və regionda hökm sürən sabitlik, eləcə də enerji təhlükəsizliyi məhz bu siyasətin nəticəsidir. Söz yox ki, Bakı Enerji Həftəsi bunu bir daha təsdiqləyəcək.
Flora SADIQLI,
Azərbaycan.- 2022.- 25 may.
S. 1;7.