Söz sahibi Azərbaycandır
Prezident İlham Əliyev Brüssel görüşünə qətiyyətli və konstruktiv mövqeyi ilə gedir
Brüsseldə keçiriləcək üçüncü üçtərəfli görüş ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi prinsipial və aydındır. 44 günlük müharibənin qalibi olan Azərbaycan "Brüssel prosesi"ndə əldə olunan razılaşmalara uyğun olaraq gərəkən bütün tədbirləri həyata keçirib. Bakı sərhədlərin delimitasiyasına və demarkasiyasına, sülh danışıqlarına başlamağa hazırdır.
Ermənistan isə yalnız Azərbaycanın irəli sürdüyü beş əsas prinsipi qəbul etdiyini deməklə kifayətlənib və aprelin 6-da keçirilmiş sonuncu Brüssel görüşündə razılaşdırılmış məsələlərin həyata keçirilməsi üçün konkret fəaliyyətdən sonradan yayınıb. Bu baxımdan Avropa İttifaqı Şurasının vasitəçiliyi ilə keçiriləcək növbəti üçtərəfli görüşdə öncə Ermənistan tərəfi anlaşılmaz və qeyri-adekvat davranışı ilə bağlı izahat verməli olacaq.
Azərbaycan diplomatik cəbhədə də qalibdir
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ermənistana sülh danışıqlarına başlanılması üçün irəli sürdüyü 5 şərtdən ibarət baza prinsipinin bir istiqaməti sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlıdır. Və yalnız Ermənistan digər vacib şərtlərlə bərabər, məhz bu şərti də yerinə yetirəcəyi təqdirdə iki dövlət arasında sülh müqaviləsi imzalana bilər. Lakin proseslərin bu yöndəki hazırkı cərəyanı onu deməyə əsas verir ki, Ermənistan digər şərtlərlə yanaşı, sərhədlərin delimitasiyası ilə bağlı məsələni də yerinə yetirməkdən boyun qaçırır, bir sözlə, sülhün yaranmasına əngəl olmağa çalışır.
Amma Azərbaycanın Ermənistana tanıtdığı beynəlxalq hüququn norma və prinsiplərinə söykənən bu şansı da getdikcə tükənir. Çünki ölkəmiz bu məsələləri masa üzərində əbədi saxlamaq fikrində deyil və əgər işğalçı Ermənistan öhdəliyinə götürdüyü məsələlərdən yayınmağa davam edəcəksə, respublikamız da şərtləri müəyyənləşdirən qalib tərəf kimi öz maraqlarını lazım bildiyi yollarla qətiyyətlə həll edəcək.
Azərbaycanın hərbi
müstəvidə düşmən üzərində
qazandığı qələbə, ötən müddətdə
ardıcıl olaraq diplomatik
sahədə də uğurla davam edib və
qarşı tərəfi irəli sürdüyü
bütün şərtlərə boyun əyməyə, qəbul etməyə məcbur
qoyub. Belə ki,
2020-ci il 10 noyabr və
2021-ci il 11 yanvar bəyanatları
ilə qazanılan diplomatik qələbələr
ötən ilin 26 noyabrında Soçi bəyanatı ilə daha
da möhkəmlənib.
Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında keçirilən üçtərəfli görüş zamanı İlham Əliyev ölkəmizin mövqeyini xüsusilə diqqətə çatdıraraq bildirmişdi ki, Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib: "Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşu kimi yaşamağa təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq".
Elə ötən ilin dekabrından Avropa İttifaqının vasitəçiliyi ilə başlayan "Brüssel prosesi"nin məqsədi də üçtərəfli bəyanatlarda nəzərdə tutulan məsələlərin real müstəvidə həllini tapması ilə bağlıdır. Münasibətlərin normallaşması və sülhün əldə olunması üçün bu prosesdə Azərbaycan daim konstruktiv mövqedən çıxış edib. Aİ də Azərbaycanın reallıqlara əsaslanan və regionda təhlükəsizliyin, rifahın, əməkdaşlığın təmin edilməsinə yönəlik təşəbbüslərini daim müsbət dəyərləndirib. Qurumun Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası və delimitasiyasına, iki ölkə arasında sülh müqaviləsinin hazırlanmasına, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına verdiyi dəstək də bunun əyani təzahürüdür.
Ermənistan üzərinə götürdüyü öhdəlikləri pozur
İlham Əliyevin Qafqazda yeni sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq etməsi uğurlu bəhrəsini verir. Nəhayət, Ermənistan da başa düşür ki, artıq qaçış yolu yoxdur və Azərbaycanın şərtləri ilə razılaşmağa məcburdur. Buna görə də bir müddət əvvəl Bakının irəli sürdüyü və sülh müqaviləsinin əsasını təşkil edən prinsipləri qəbul etməkdən başqa çarəsi qalmadı.
Ermənistan məsələ ilə bağlı ilk zamanlar müəyyən uyğun mövqe ortaya qoysa da, sonradan xislətindəki xainlik və məkrliliyə sadiq qalaraq bu mövqeyindən də yayınıb. Azərbaycan münasibətlərin normallaşdırılmasına xidmət edən fəaliyyət nümayiş etdirib, aprelin 6-da keçirilmiş Brüssel görüşünün nəticələrinə uyğun olaraq dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın tərkibini müəyyən edib, danışıqlara hazır olduğunu vurğulasa da, Ermənistan hər vəchlə üçtərəfli razılaşmalarda üzərinə götürdüyü öhdəlikləri pozub.
Sözügedən tarixdə Brüsseldə əldə olunan razılaşmaya görə, müvafiq görüşlər keçirilməli idi. Ermənistan sərhədlərin delimitasiyasına dair ilk görüşün iki ölkənin sərhədində keçirilməsi barədə təklif irəli sürmüşdü. Amma Ermənistan artıq aprelin 29-na razılaşdırılmış görüşü ləğv etdi. Daha sonra isə 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi barədə razılaşmanı pozdu.
Ölkəmiz hər zaman sülhə tərəfdardır
Prezident İlham Əliyev Litva Prezidenti ilə birlikdə mətbuata bəyanatında vurğuladığı kimi, Azərbaycanın bu məsələdə sərgilədiyi məsuliyyəti Ermənistandan görmür: "Ermənistan hökumətinin bu addımları yaranan müəyyən etimadı pozur. Aprelin sonuna qədər görüşə hazır olduğumuzla bağlı Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə söz vermişdiksə, biz buna sadiq idik. Lakin eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik. Başqa sözlə, bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur".
Onu
da qeyd edək ki, aprelin 6-da keçirilmiş Brüssel
görüşünün nəticələrinə uyğun
olaraq artıq ölkəmiz dövlət sərhədinin delimitasiyası
və demarkasiyası üzrə milli komissiyanın tərkibini
müəyyən edib, danışıqlara hazır
olduğunu bildirib.
Görünən odur ki, Vətən müharibəsinin üzərindən ötən müddət ərzində Ermənistan öhdəliyinə götürdüyü və qeyd-şərtsiz əməl etməli olduğu müddəaların icrasını yubatmağa, pozmağa yönəlik mövqe nümayiş etdirir. Bu ölkə 2020-ci il üçtərəfli Bəyanatında əks olunmuş və sonrakı bəyanatlarla bir daha möhkəmləndirilmiş öhdəlikləri pozaraq kommunikasiyaların açılmasını, sərhədlərin delimitasiyasını yubadır. Eyni zamanda Birinci Qarabağ müharibəsində əsir düşmüş minlərlə azərbaycanlının taleyi və kütləvi məzarlıqlar haqda məlumat verməkdən, vaxtilə işğal altında saxladığı ərazilərin minalanması xəritələrini təqdim etməkdən imtina edir. UNESCO-nun Ermənistandakı Azərbaycan tarixi irsinin monitorinqini sabotaj edir, Zəngəzur dəhlizinin açılması məsələsini uzadır.
Azərbaycan öz maraqlarını qətiyyətlə təmin edəcək
Diqqətçəkən mühüm məqamlardan biri odur ki, 2020-ci ilin 10 noyabrında üçtərəfli Bəyanatı imzalayaraq faktiki olaraq kapitulyasiyaya imza atan Ermənistan son zamanlar Kəlbəcər istiqamətində ordumuzun mövqelərini atəşə tutmaq kimi ağılsız davranışlar nümayiş etdirməyə başlayıb.
Azərbaycanın "dəmir yumruq" zərbəsini dadaraq cəmi 44 gün ərzində rəşadətli ordumuzun qarşısında diz çökməsini təəssüf ki, Ermənistan unutmağa çalışır. Amma faktiki olaraq, Ermənistanın hərbi potensialı məhv edilib, özünə gəlməsi isə qarşıdakı onilliklər ərzində və hələ ondan sonrakı mərhələdə də gözlənilmir. İqtisadi çöküş yaşayan, xarici ölkələrin ianələri ilə birtəhər başını girləyən, insan resursları baxımından qıtlıq çəkən bu ölkənin hansısa qarşıdurmaya hazır olması, sadəcə, gülüş doğurur.
Ermənistanın öhdəliyinə götürüb indi min bir fitnə-fəsadla yayındıqları sülh prinsiplərini pozma cəhdləri mənasız və uğursuzdur. Və bunu onun hərbi-siyasi rəhbərliyi də çox gözəl başa düşür.
Buna görə də, Ermənistan istəsə də, istəməsə də Azərbaycan onu məğlubiyyətlə barışmağa, regionda sülhə və sabitliyə mənfi təsir göstərən, vəziyyəti gərginləşdirən təxribatçı əməllərinə son qoymağa məcbur edəcək və işğalçı ölkənin hansı mövqe tutmasından asılı olmayaraq, öz maraqlarını qətiyyətlə qoruyacaq.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2022.- 22 may.- S.1-2.