İlham Əliyev türk dünyasını Zəngəzur dəhlizi ilə birləşdirəcək

 

1,1 trilyon dollarlıq iqtisadi güc yeni reallıq yaradacaq

 

Prezident İlham Əliyev mayın 22-də Brüsselə növbəti işgüzar səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə bir sıra vacib məsələləri müzakirə edib. Görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı müzakirələrin davam etdirilməsi, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə toxunulub.

 

Mayın 23-də isə dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Brüsseldə keçirilən üçtərəfli görüş barədə məlumat verib. Prezident bu görüşü yüksək qiymətləndirərək Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı tərəflərin razılığa gəldiyini bildirib.

 

Bu, Zəngəzur dəhlizinin qısa zamanda reallaşacağından xəbər verir. Qeyd edək ki, region üçün böyük əhəmiyyətə malik olan Zəngəzur dəhlizinin açılması Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək. Eyni zamanda Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək və digər ölkələr kimi Ermənistan üçün də əlavə imkanlar yaradacaq.

 

 

Ermənistanı məcburetmə strategiyası öz bəhrəsini verməkdədir

 

 

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elşad Mirbəşir oğlu qəzetimizə açıqlamasında bildirdi ki, sonuncu Brüssel görüşündə Zəngəzur dəhlizinin açılması məsələsi ətrafında da müzakirələr olub.

 

Deputatın sözlərinə görə, Azərbaycan tərəfindən nəqliyyat kommunikasiyasının açılması, iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində təsirli addımlar atılır və təşəbbüslərlə çıxış edilir: "Xatırlatmaq istərdim ki, Zəngəzur dəhlizinin açılması məsələsi 2020-ci il 10 noyabr tarixində imzalanmış birgə bəyanatda öz əksini tapıb. Bu bəyanatın 9-cu maddəsində göstərilir ki, Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Azərbaycan Zəngəzur dəhlizinin infrastruktur elementlərinin öz ərazisində yaradılması istiqamətində artıq addımlar atıb. Sonrakı mərhələdə Ermənistan tərəfinin Zəngəzur dəhlizinin açılmasını Azərbaycana qarşı təzyiq və ya şantaj aləti qismində gördüyü müşahidə edildi. Dəfələrlə Ermənistanın baş naziri Nikol Paşinyanın və digər rəsmilərin dilindən eşitdik ki, Zəngəzur dəhlizinin açılması müzakirə predmeti deyil. Əslində, bununla Paşinyan öz imzasına hörmətsiz yanaşdığını nümayiş etdirirdi, çünki  2020-ci il 10 noyabr birgə Bəyanatın sonunda Azərbaycan, Rusiya prezidentləri ilə yanaşı, Paşinyanın da imzası var idi. Daha sonra Paşinyan ya zaman udmaq məqsədilə, ya da özünün siyasi karyerasına təhlükə yaranacağından qorxaraq, Zəngəzur dəhlizinin açılmaması üçün ciddi cəhdlər göstərməyə başladı. Bu istiqamətdə özünə Avropada da dəstək tapa bildi. Mahiyyət etibarı ilə bu gün Zəngəzur dəhlizinin açılmasından danışan Avropa təxminən 1,5 il əvvəl Zəngəzur dəhlizinin adını belə çəkmirdi. Hazırda Zəngəzur dəhlizinin açılmasına yönəlik mövqe sərgilənməkdədir. Bunun bir cavabı var - Azərbaycanın Ermənistanı sülhə məcburetmə strategiyası öz nəticəsini verməkdədir. Hesab edirəm ki, Azərbaycan Prezidentinin  strateji baxışları, preventiv addımları həm Ermənistanı, həm də Qərbi çox ciddi fakt qarşısında qoydu".

 

Elşad Mirbəşir oğlu qeyd edir ki, Azərbaycan İran üzərindən keçməklə qərb  rayonlarını Naxçıvanla birləşdirən nəqliyyat dəhlizinin yaradılması haqqında da razılıq əldə edib. Bununla faktiki olaraq Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizini Ermənistanın bir şantaj aləti kimi istifadə etmə imkanı aradan qalxmış oldu: "Yəni cənab Prezident nümayiş etdirdi ki, Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqəsinin yaradılması məsələsində Ermənistandan asılılığımız yoxdur, alternativ variantlara malikik və bunu tətbiq etməklə öz istəyimizə nail ola bilirik. Bunu həm Ermənistanda gördülər, həm də Brüsseldə aydın müşahidə etdilər".

 

Deputat Azərbaycanın bundan sonra da preventiv, diplomatik fəaliyyətini davam etdirərək bütün prioritetlərə çatacağını bildirir. Prezident İlham Əliyev vaxtilə qeyd etmişdi ki, Ermənistan istəsə də, istəməsə də biz Zəngəzur dəhlizini açacağıq, yəni Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqəsini quracağıq. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, bu dəhlizin İran üzərindən gerçəkləşdirilməsi ilə bağlı artıq razılıq əldə edilib. Aydın görünür ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasını əngəlləməyin əhəmiyyətsiz olduğunun fərqindədir. Bir sözlə, Azərbaycan yaratdığı reallıqları həm Ermənistana, həm də Avropaya qəbul etdirir. Biz digər haqlı istəklərimizə çatmaqla yanaşı, Zəngəzur dəhlizinin açılışını da həyata keçirəcəyik.

 

 

Regionun tranzit imkanları artır

 

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev bildirdi ki, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək hissəsi ilə bağlı texniki əsaslandırma hələ yoxdur və  konkret olaraq hansı  məntəqələrdən keçəcəyi tam dəqiqləşdirilməyib: "Zəngəzur dəhlizinin qısa zamanda işə düşəcəyindən danışmaq hələ tezdir, ancaq cənab Prezidentin Türkiyənin dövlət başçısı ilə telefon danışığında da vurğulandığı kimi, qarşı tərəf bununla bağlı  konkret razılığını dilə gətirib. İndiyə kimi  avtomobil yolunun Ermənistandan keçib- keçməyəcəyinə cavab verilmirdisə, artıq dəmir yolu ilə yanaşı, avtomobil yolunun da bu ölkədən keçəcəyi Paşinyan tərəfindən təsdiqlənib. Təbii ki, bu da elə-belə baş verməyib. Ermənistan Azərbaycanla İran arasında Zəngilanı Naxçıvanla bağlayacaq nəqliyyat-kommunikasiya haqqında memorandumundan xəbərdardır. Ermənistan onu da görür ki, Rusiya-Ukrayna savaşı səbəbindən bölgənin tranzit imkanları əvvəlkindən qat-qat artır. Bu imkanlardan onlar da yararlana, müəyyən qazanc əldə edə bilərlər".

 

Deputat qeyd edir ki, bu proseslərdə Avropa İttifaqının təşviqi də az rol oynamır: "Nəticədə Ermənistan artıq Zəngəzur dəhlizi ilə bağlı razılığını bildirdi. Maraqlı məqamlardan biri də odur ki, Şarl Mişelin açıqlamasında Azərbaycandan keçməklə Ermənistanın ayrı-ayrı rayonları arasındakı əlaqələrin təmini məsələsində   razılığa gəlindiyi bildirildi. Əslində bu, Azərbaycanın maraqlarına daha çox cavab verir. Söhbət təbii ki, Qubadlı yolundan gedir. Azərbaycan orada sərhəd və gömrük postları qoyandan sonra Ermənistan alternativ yol çəkmək istədi. Bununla bağlı ona kömək edənlər çıxdı, indi aydın olur ki, bu yolun nə Ermənistan, nə də Ermənistana yük daşıyanlar üçün alternativi yoxdur. Əgər proseslər Azərbaycanın arzuladığı istiqamətdə getməsə, bu, Ermənistan üzərinə təzyiq vasitəsi rolunu oynaya bilər".

 

Zəngəzur dəhlizi böyük iqtisadi potensiala malikdir

 

 Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Prezident İlham Əliyevlə Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışığına diqqət çəkib. Deputatın sözlərinə görə, türk dünyasının iki liderinin telefon danışığında bütün türk coğrafiyası üçün əhəmiyyətli olan dəhlizin açılması məsələsi diqqətdə oldu.

 

Vüqar Bayramov qeyd edib ki, Zəngəzur dəhlizi yalnız Şərqi Zəngəzur və Qafqaz üçün deyil, daha geniş mənada region üçün strateji əhəmiyyətə malikdir. Dəhliz 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu (ÜDM) olan türk dövlətlərini strateji və iqtisadi baxımdan birləşdirəcək. Belə ki, Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar, Özbəkistan 57.9 milyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdirlər. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək.

 

Deputat deyir ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək: "Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, onların regional hissəsinin inkişafına həm də maliyyə dəstəyi verir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək, xüsusən də "Şərq-Qərb" nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışı əhəmiyyətli olacaq".

 

Vüqar Bayramovun sözlərinə görə, dəhliz Azərbaycanın Türkiyə ilə əlaqələrini gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək.

 

Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda gerçəkləşən proseslərə Azərbaycan nəzarət edir. Eyni zamanda ölkəmiz Avropa ilə Asiyanı birləşdirən nəqliyyat kommunikasiya sisteminin mərkəzinə çevrilir. Yaxın zamanda işə düşəcək Zəngəzur dəhlizi isə bunun əyani təzahürü olacaq.

 

 

 Əsmər QARDAŞXANOVA

Azərbaycan.- 2022.- 25 may. S. 1;7.