Evdən Bakıya növbəti dostluq və əməkdaşlıq mesajı

 

 

ABŞ Azərbaycanla mövcud münasibətlərini daha da genişləndirmək niyyətindədir

 

 

 

Azərbaycanın çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda dünyanın ən qüdrətli ölkələrindən biri olan ABŞ-la münasibətlərin möhkəmləndirilməsi xüsusi prioritet təşkil edir. Rəsmi Bakı xarici siyasət kursunda ABŞ-la münasibətlərə hər zaman xüsusi yer verir. Eləcə də, rəsmi Vaşinqton Azərbaycanla əlaqələri daha da genişləndirmək üçün müəyyən addımlar atır.

İki ölkə arasında enerji, nəqliyyat, infrastruktur, kommunikasiya və digər sahələrdə güclü təmaslar mövcuddur. Azərbaycanın Amerika ilə münasibətləri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib.

 

 

 

Azərbaycanla münasibətə böyük ehtiram

 

 

 

Münasibətlərin yüksələn xətt üzrə inkişafı bu baxımdan diqqəti daha çox cəlb edir.  Bu münasibətlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif sferalarını əhatə etməklə, hər iki dövlətin milli maraqlarına cavab verir. İki ölkənin diplomatik münasibətlərinin 30 ili tamam olan əlaqələr davamlı olaraq inkişaf edir.

 

Son 19 ildə demokratları və ya respublikaçıları təmsil etməsindən asılı olmayaraq, dünyanın fövqəldövlətinə rəhbərlik etmiş prezidentlər və onların administrasiyaları Azərbaycanla münasibətlərə yüksək ehtiramla yanaşıb. Rəsmi Vaşinqton Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi qəbul edərək həm regional, həm də qlobal problemlərin həllində onu yaxın tərəfdaşı kimi yüksək qiymətləndirir.

 

ABŞ Prezident Cozef Baydenin 28 May Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktub da iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Məktubda Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığın tarixin mühüm anında öz bəhrəsini verdiyi, Azərbaycanın Avropadünya bazarlarının təhlükəsizliyinin təmin olunmasında və sabitləşdirilməsində önəmli rol oynadığı vurğulanır.

 

Bu fikirlərə əsaslanaraq deyə bilərik ki, ABŞ Prezidenti enerji mənbələrinin şaxələndirilməsinə və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa yüksək dəyər verir.

 Məktubda deyilir: "İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır".

 

Göründüyü kimi, dünyanın super dövləti olaraq ABŞ da İlham Əliyevin postmüharibə dövründə yürütdüyü siyasətə öz dəstəyini nümayiş etdirir. Qalib Komandan kimi bölgədə sülhün bərqərar olunmasını, yeni nəqliyyat-tranzit qovşağının və həmçinin yeni əməkdaşlıq platformalarının yaradılmasının təşəbbüskarı olan İlham Əliyevin təklifləri Avropa İttifaqı, BMT ilə yanaşı, ABŞ tərəfindən də təqdir edilir.

 

 

Əlaqələri dərinləşdirən faktorlar

 

 

 

ABŞ-la münasibətlərin yüksək səviyyəyə qaldırılması işində əlbəttə ki, ölkəmizin demokratik dünyaya inteqrasiyası istiqamətində atdığı davamlı addımlar mühüm rol oynayıb. Digər tərəfdən ölkəmizin Avropanın enerji təchizatı sahəsində əhəmiyyətli rolu da Azərbaycanla ABŞ arasındakı münasibətləri dərinləşdirən faktorlardandır.

ABŞ-Azərbaycan münasibətlərinin daha da yaxınlaşmasını təsdiqləyən faktlara nəzər yetirsək görərik ki,  bu ölkənin bir çox şirkətləri uzun illərdir investor və podratçı qismində Azərbaycanda enerjiqeyri-enerji sektorlarında uğurlu fəaliyyət göstərirlər. Energetika sahəsində Azərbaycan ilə ABŞ arasında yüksək səviyyədə əməkdaşlıq həyata keçirilir ki, bunun da nəticəsində nəhəng qlobal layihələr reallaşır. Bu da öz növbəsində regional inkişafa da töhfəsini verir.

Bu layihələr sırasında "Cənub qaz dəhlizi" layihəsi də böyük önəm daşıyır. 40 milyard dollar həcmində və Avropanın ən böyük infrastruktur layihəsi olan bu layihə başa çatmaq üzrədir və bu, Avropanın enerji təhlükəsizliyinin təmin olunması işinə və regional sabitliyə öz töhfəsini verəcək.

Bu bir həqiqətdir ki, Xəzər hövzəsinin enerji təhlükəsizliyi ABŞ-ın xarici siyasətində prioritet olduğundan Azərbaycanın başlatdığı qərbyönümlü enerji siyasəti Vaşinqtonun maraqlarına uyğundur. Ölkəmizin qətiyyətli enerji siyasəti ABŞ-Azərbaycan münasibətlərinin inkişafında təkanverici amilə çevrilib. ABŞ hər zaman iri enerji layihələrinin icrasında yardımçı olduğunu, neft-qaz kəmərləri və ya Amerika şirkətlərinin sərmayə qoyuluşu məsələlərində hər zaman Azərbaycanı dəstəklədiyini bildirib.

Hazırda Azərbaycanla ABŞ arasında strateji əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Beynəlxalq aləmdə güclü təsir imkanlarına malik olan, dünyanın super dövləti sayılan ABŞ-la qarşılıqlı əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətində zəruri istiqamətlərdən biridir. ABŞ-ın Azərbaycanla ikitərəfli əməkdaşlığa olan marağı yalnız ölkəmizin strateji-coğrafi mövqeyə malik olması və zəngin karbohidrogen ehtiyatları ilə bağlı deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən milli dövlətçilik kursunun dönməzliyi ilə əlaqədardır.

İki dövlətin strateji müttəfiqliyinin getdikcə yaxşılaşması, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmlənməsi bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerjikommunikasiya layihələrinin həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir.

Əminliklə, qeyd etmək mümkündür ki, bundan sonrakı dövrdə ardıcıl qətiyyətli siyasi kursun inkişaf etdirilməsi nəticəsində Azərbaycan-ABŞ strateji müttəfiqliyi daha da güclənəcək.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2022.- 22 may.- S.1-2.