Azərbaycanda təbii qaz hasilatı artıb
Mavi
yanacağın yarıdan çoxunu
"Şahdəniz" yatağı verib
"Şahdəniz"dən hasilat davam edir və yataqdan çıxarılan mavi yanacaq istehlakçılara vaxtında çatdırılır. Cari ilin birinci rübü ərzində də Azərbaycan ("Azərkontrakt" ASC), Gürcüstan (GOGC), Türkiyə (BOTAŞ) bazarları, çoxsaylı obyektlər üçün BTC şirkəti və Avropadakı istehlakçılar ahəngdar şəkildə "Şahdəniz" qazı alıblar.
Bu barədə birinci rübə aid hesabatında bp şirkəti məlumat verib. Bildirilib ki, ilin ilk üç ayında yataqdan ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 6 milyard standart kubmetr qaz və 1 milyon ton (9 milyon bareldən artıq) kondensat hasil edilib. "Şahdəniz"in mövcud qurğularının hasilat gücü hazırda gündə təxminən 72 milyon (ildə 26 milyarddan artıq) standart kubmetrdir.
"Şahdəniz-2" layihəsi çərçivəsində ilin ortalarında yatağın qərb-cənub cinahından hasilata başlanması planlaşdırılır. Bu məqsədlə aparılan tikinti işləri qrafikə uyğun irəliləyir. Məxsusi olaraq "Şahdəniz"də işləmək üçün inşa edilmiş "Xankəndi" sualtı tikinti gəmisi qərb-cənub cinahında əsas sualtı quraşdırma tədbirlərini təhlükəsiz şəkildə başa çatdırıb. Sualtı xətlərin bağlanması üçün görülən dalğıc işlərinin bu ilin ikinci rübündə yekunlaşması nəzərdə tutulur. İlk dərinsulu cinahdan - şərq-şimal cinahının keçən il işə salınmasından əldə edilmiş ən yaxşı təcrübə və bilgilər qərb-cənub cinahının istismara verilməsi üçün aparılan bütün tikinti işlərində geniş tətbiq olunur.
"İstiqlal" və "Maersk Explorer" qurğuları "Şahdəniz-2"dən hasilatın davamı və sonrakı tədrici artımı üçün artıq ümumilikdə 21 quyu qazıb, bunlardan 19-nu tamamlayıblar. Yatağın şimal cinahında beş, qərb cinahında dörd, şərq-cənub cinahında dörd, qərb-cənub cinahında dörd, şərq-şimal cinahında iki quyuda işlər tam yekunlaşıb. Qərb-cənub cinahında bir quyu və şərq-şimal cinahında bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.
Xatırladaq ki, "Şahdəniz"də iştirak payları belədir: bp (operator - 29,99 faiz), LUKOYL (19,99 faiz), TPAO (19 faiz), SOCAR (14,35 faiz), NİKO (10 faiz), "Cənub qaz dəhlizi" (6,67 faiz). "Şahdəniz" qazını daşıyan Cənubi Qafqaz Boru Kəməri (CQBK) şirkətinin səhmdarları da bu şirkətlərdir. Onların iştirak payları da "Şahdəniz"də olduğu kimidir.
CQBK 2006-cı ilin sonlarında istismara verilib və həmin vaxtdan Azərbaycana, Gürcüstana, az sonra isə Türkiyəyə də qaz çatdırmağa başlayıb. Bu boru xətti Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəmərinin ölkəmizdən və Gürcüstandan keçən hissəsini təşkil edir. Gürcüstan-Türkiyə sərhədində birləşdirildiyi 280 kilometrlik borularla marşrut Ərzurumadək uzadılıb və kəmər ümumilikdə BTƏ adlanır.
"Cənub qaz dəhlizi"
çəkilərkən CQBK genişləndirilmişdir, yəni
Hacıqabul rayonu ərazisindən başlayaraq ona paralel xətt tikilmiş, marşrut boyu bir sıra yerlərdə əlavə qurgular inşa edilmişdir. Genişləndirilmiş CQBK kommersiya qaz həcmlərini
2018-ci ilin iyun
ayından Türkiyəyə, 2020-ci ilin dekabr ayından isə Avropaya
çatdırır. Belə ki, CQBK qazı TANAP-a
(Trans-Anadolu Qaz Boru Kəməri) ötürür. TANAP-dan
da qazı öz növbəsində
TAP (Trans-Adriatik Qaz Boru Kəməri) qəbul edir.
CQBK-nın ixrac üçün gündəlik
orta ötürücülük
gücü 56,2 milyon kubmetrdir.
Qeyd edək ki, cari
ilin 4 ayı ərzində ölkəmizdə
15,7 milyard kubmetr təbii qaz hasil edilib.
Bu məlumatı isə Energetika Nazirliyi verib. Həmin həcmin 4,6 milyard kubmetri
"Azəri-Çıraq-Günəşli"
yataqlarından alınan
səmt qazıdır.
2,6 milyard kubmetr qaz SOCAR (Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti) üzrə
hasil olunub. Mavi yanacağın 8,5 milyard kubmetri
isə "Şahdəniz"dən
alınıb.
Ölkəmizdə ötən ilin
müvafiq dövrünə
nisbətən 14,4 faiz, yəni 2 milyard kubmetrə yaxın artımla qaz hasil edilib.
Flora
SADIQLI,
Azərbaycan.-2022.-
22 may.- S.1;6.