Təbiətlə yaşayanlar
İsmayıllının məftunedici
meşələrindəki nadir bitkilərin, nəsli kəsilməkdə
olan heyvanların yaşam səbəbkarlarının həyatı
fədakarlıq və macəralarla zəngindir
Şahdağ Milli Parkının İsmayıllı zirvəsindəyik...
Səssiz addımlarla irəliləyirik...
Axı meşənin "daimi sakinləri" pıçıltını, alınan hər nəfəsi belə duyurlar...
Bura səbrin sınandığı məkanlardandır. Bir heyvanı görmək üçün bəzən ağacların arasında gizlənərək saatlarla səssiz-səmirsiz gözləmək lazım gəlir. Elə biz də meşə qanunlarına tabe olub sıx ağacların arasında yerimizi alırıq...
Deyəsən, İsmayıllının məftunedici meşəsində bəxtimiz gətirmişdi. Dəqiqələr sonra uzaqdan budaqlarda sərin mehin avazı ilə əsən yarpaqların səsi, yerə dəyən möhkəm ayaq zərbələrinin sədaları eşidilir. İlk dəfə üz-üzə gələcəyimiz heyvanın siluetini günəşin şəfəqləri daha aydın büruzə verirdi.
Gələn
zubrlar idi, ata, ana və bir bala...
Qafqaz
silsiləsinin dörd bir qurşağında...
Şahdağ Milli Parkının İsmayıllı
filialı həqiqətən də gözoxşayan, əsrarəngiz
mənzərəyə sahib məkandır. Bu dəfə onların
xüsusi günündə, bu peşənin yorulmaz və
qoçaq nümayəndələrinin iş fəaliyyəti
ilə tanış olmaq, Milli Parkın yaz donlu təbiətində
gəzişmək, dağı-daşı üstdə bitən
gül-çiçəyini qoxlamaq, nadir ağaclarını
görmək,
heyvanlarını seyr etmək, dağlarından, dərələrindən
süzülən çaylarının, şəlaləsinin
ecazkar mənzərəsini seyr etmək üçün
buradayıq.
Milli Parkın bu bölməsi 2006-cı ildə
Şirvan zonasında yerləşən qoruqların əsasında
yaradılıb. Qoruğun Milli Parkla əvəzlənməsinin
əsas üstün cəhəti geniş arealı əhatə
edə bilməsi və insanların bu məcradakı
valehedicilikdən faydalana bilməsidir. Milli
Park 130 min hektardan çox ərazini və Azərbaycanın 6
şimal rayonunu - Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ,
Oğuzu əhatə edir. İsmayıllı
bölməsinə isə ümumi ərazinin 44 min 500
hektarı daxildir.
İsmayıllını bəşərlə təbiət
arasında əsl köprü adlandırmaq yerinə
düşər. Şahdağ Milli Parkının
İsmayıllı bölməsi ilə
tanışlığımız Buynuz kəndindən
başlayır. Elə kəndin girəcəyində bizi
qarşılayan bölmənin direktor müavini Cəlil Rzazadənin
bələdçiliyi ilə qoruğu gəzməyə
başlayırıq...
Buynuz kəndi üzrə olan Milli Parkın marşrut xətti
bölgəyə xas ağacların, nəsli kəsilməkdə
olan heyvanların yaşayış məskənidir. Öyrənirik
ki, Dağıstan turu, Avropa cüyürü, köpgər,
maral, qonur ayı, dağ qartalı kimi "Qırmızı
kitab"a düşmüş heyvanları burada görmək
mümkündür. Meşələr
Şərq fıstığı, Qafqaz vələsi,
palıd, göyrüş, ağcaqayın kimi ağac növləri
ilə əhatələnib.
Cəlil Rzazadə deyir ki, Milli Parkın ərazisi təbii
formada olan sərhədlərlə müəyyənləşdirilir. Yəni
müvafiq çaylarla, dərələrlə ümumi areal ayırd
edilir. Parkın içində olanda da axan
çayın şırıltısını eşidirik.
Bu marşrut xəttinin payına bol sulu
çaylardan olan, başlanğıcını Böyük
Qafqazın cənub yamaclarından götürən
Göyçay çayı düşüb. Buradakı
ağacların əzəmətindən isə çayın
mənzərəsini deyil, yalnız coşub-çağlayan
ritmini duymaq olur.
Milli Parkın ərazilərinin geniş hissəsi kəndlərlə
həmsərhəddir. Buna görə də sakinlərin üzərinə
daha çox məsuliyyət və öhdəlik
düşür. Belə ki, daim təhlükəsizlik
qaydalarına riayət etməli, təbiətə aid hər
bir zərrəni qorumaq üçün fədakarlıq
göstərməlidirlər. Axı
onların pəncərələri tozlu-dumanlı, səsli-küylü
səmtlərə yox, unikal flora və faunanın astanasına
açılır.
İnsanlardan
"qorunan" meşələrin taleyi
Şahdağ
Milli Parkının İsmayıllı bölməsində 6
sahə müfəttişi, 33 mühafizə yegeri (nəzarətçi)
olmaqla, 39 əməkdaşın fədakarlığı ilə
ərazidə daim ayıq-sayıqlıq gözlənilir. Mütəmadi olaraq ərazilərdə gözətçilik
edən şəxslər təbiətin keşikçiləridir.
Bu məsləyin digər bir çətin məqamı isə
müəyyən iş vaxtının olmamasıdır.
Müşahidələr, reydlər müvafiq fəaliyyət
saatında həyata keçirilsə də, hər an istənilən
hadisənin başvermə ehtimalı onları yuxuya dalanda belə
gözdə-qulaqda olmağa vadar edir. Ancaq bu sahədə
ruhları təbiət sevgisi ilə yoğrulan insanlar
çalışdıqlarından onlar vəzifələrini
özlərinə borc bilərək ömürlərini təbiətə
həsr edirlər.
Cəlil Rzazadə vurğulayır ki, reintraduksiyadan əlavə
nəsli kəsilməkdə olan heyvanları, bitkiləri
yalnız qorumaqla həyatda saxlamaq olar. Dağıstan
turu bu istiqamətdə təhlükə altında olan
heyvanlardandır. Son 2-3 ilə qədər
müəyyən sayda bu növün ovlanmasına icazə
verilsə də, hazırda ölkə ərazisində onlardan
yalnız 7 minə qədəri qalıb. Dağıstan
turunun "Qırmızı kitab"a daxil edilməsi
yönündə isə müzakirələr gedir.
Milli Parkda mühafizənin müxtəlif
üsullarından istifadə edilərək heyvanlar qorunur. Bunlardan biri də
foto-tələ ilə mühafizədir. Adından
da göründüyü kimi, xüsusi kameralarla həyata
keçirilən mühafizə günün 24 saatı
üçün xarakterikdir. Kameralar
müxtəlif keçidlərdə, heyvanların sıx gəldiyi
şorlarda quraşdırılır. Həm şəkil,
həm də video lentə alan vasitələrlə
müdaxilələr, heyvanlarla bağlı uyğunsuz
faktorlar, dəyişikliklər qeydə alınır. İstənilən vaxt yaddaşdakı
görüntülər mühafizə işçiləri tərəfindən
çıxarılaraq qeydə alınan kadrlara baxış
keçirilir. Foto-tələlər
uğurlu üsullardan olsa da, onlardan geniş istifadə edilmir.
Buna səbəb maliyyə xərcinin yüksək və
oğurlanma riskinin böyük olmasıdır.
Ovlanma mövsümlərində, xüsusilə də
yaz və yay fəsillərində yüksək dağlıq ərazilərdə
çadırlar qurulur. Mühafizə yegerləri sahələrdə
heç bir kənar təsirlərin olmaması
üçün çalışırlar. Ancaq bu üsul havanın mülayim keçdiyi vaxtlar
üçün məqsədəuyğundur. O da məlumdur
ki, qış aylarında qanunsuz ov edənlər hündür
qar örtüklərinin metrlərlə
qalaqlandığı, kəskin çovğunun müşahidə
edildiyi vaxtlarda ov, ağac kəsməyi həyata keçirə
bilmədiklərindən demək olar ki, belə hallara rast gəlinmir.
Sahə
müfəttişlərindən Xəzər Şərifov
iş fəaliyyətindən bəhs edərkən deyir ki, hər
bir müfəttişin nəzarətindəki ərazilərə
müxtəlif adlar verilib: "Hazırda durduğumuz yer
"Böyük sığınaq" adlanır. Burada baş verən istər təbii fəlakət,
istərsə də qanun pozuntusu hallarına biz cavabdehlik
daşıyırıq. Bir-birimizlə
rabitə vasitəsilə əlaqə yaradır, mövcud vəziyyətlə
bağlı xəbərdarlıqlar edirik. Yanğına
qarşı xüsusi təchizatımız var. Bir çox
hallarda ilkin müdaxiləni etməyi də
bacarırıq".
Milli Parkın işçiləri bu sahəyə gecə-gündüzlərini
həsr etsələr də, bircə gileyləri gələn
ziyarətçilərdəndir. Cəlil Rzazadə söyləyir ki,
bəzi turistlər meşələrin mahiyyətini dərk edə
bilmirlər: "Milli Parka buraxılan ziyarətçilərin
davranışına nəzarət üçün əməkdaşlarımız
daim müşahidələr həyata keçirirlər. Bəzən
elə olur ki, səhər getdiyimiz tər-təmiz
cığırdan, şeh bağlayan ətirli otların
üstündən müxtəlif tullantıları, salfet,
plastik butulka və s. kimi zibilləri təəssüf hissi ilə
toplayırıq. Hər dəfə bu kimi hallarla bir də
qarşılaşmayacağımızı ümid edib təskinlik
tapsaq da, ancaq nə fayda… "
Əslində, girişdə vətəndaşlar meşədə
davranış qaydaları ilə bağlı məlumatlandırılır,
marşrutlar boyunca informasiya lövhələri ilə istiqamətləndirilirlər. Onlara etməməli
olduqları hər bir nüans xırdalıqlarına qədər
izah edilir. Hətta bəzən
"atmayacaqları tullantıların müqabilində ödənişin
geri qaytarılması" kimi təşəbbüslər də
Milli Park tərəfindən həyata keçirilir. Ancaq bütün səylərə baxmayaraq, yenə
də kəskin davranış sərgiləyənlər
"tapılır".
Qafqazın
nadir zubrları
İsmayıllı təbiətində
Hər marşrut xətti xüsusi hədəfi ilə
seçilir.
Belə ki, əgər Şahdağ Milli Parkının
İsmayıllı bölməsində bizim ilk olduğumuz
Buynuz kəndi istiqamətindəki xətdən səyahətə
çıxılarsa, zubrlarla tanış
olmaq fürsəti yaranacaq. Zubr nəsli kəsilmiş
ağır, iri məməlilərdəndir. Rəngi tünd qəhvəyi olan heyvanların
çəkisi 1 tona yaxın olur. Onlardan
sonuncusu 1937-ci ildə Cənubi Qafqazda məhv edilib.
Bu məqsədlə zubrların Azərbaycan təbiətinə
qaytarılması yönündə 2019-cu ildən reintraduksiya
tədbirləri həyata keçirilir. Onların
olduğu ərazilərə doğru yönələrək
zubrlar üzrə mütəxəssis Rafayıl Musayevlə
söhbətləşirik. Mütəxəssis
söyləyir ki, hazırda milli parkın təbiətində
20 baş zubr var. Ölkəyə gətirildikdən sonra 5
yeni zubr balası doğulub. 2 dəstəyə
ayrılaraq zubrlar 300 hektarlıq elektrik xətləri ilə
çərçivələnmiş ərazidə
yaşamlarını sürürlər. Aqressiv
davranışlar sərgiləyən bu heyvanların insanlar
üzərinə hücum etmə təhlükəsi
olduğundan ziyarətçilər yalnız müəyyən
məsafədən - müşahidə çardağından
onları seyr edə bilərlər.
Rafayıl Musayev bildirir ki, ilk vaxtlar zubrlar gətiriləndə
onların təbiətimizə
uyğunlaşdırılması üçün bir sıra
tədbirlər görülüb. Əvvəlcə kiçik bir ərazidə
yemlənən, dərmanlanan məməlilər daha sonra
geniş səmtlərə buraxılıb: "Onların dərmanlanması
əsasən payız və yaz aylarında həyata
keçirilir. Zubrlar xüsusi yemlərdən əlavə
ağac qabıqları ilə də qidalanır. Ağac qabıqları müxtəlif bakteriyalar,
qurdlarla zəngindir. Bu zaman təbiətdən qaynaqlanan
xəstəliklərlə üzləşən heyvanların
orqanizmləri tanış olmayan xəstəliklərə
qarşı həssaslaşır. Buna görə
də dərmanlanma prosesi onları üzləşəcəkləri
xəstəliklərə qarşı hazırlayır".
Bu heyvanlar ardıcıl tibbi yoxlanışlardan
keçirilir.
Azərbaycanda bu, yeni olduğundan, əsasən,
tibbi ekspertlər, baytarlar xarici ölkələrdən cəlb
olunur. Bununla da onların ümumi
sağlamlığı daim nəzarətdə olur.
Elə zubrlarla bağlı yenicə söhbəti
bitirmişdik ki, meşənin dərinliklərindən
görünən məməlilərin qidalanma prosesinə
şahidlik etdik. Yamacın bir üzündə isə
hazır yemlərdən ibarət qabları görürük.
Onlar qidalarını təbii formada qəbul edə bilmədikləri
halda bu qablara tökülən arpa, buğda,
qarğıdalının üyüdülmüş
forması, kök və s. ilə yemlənirlər.
Təbiətin elə ovsunlayıcı cazibəsi var ki,
ona dalıb mənzərəyə qərq olanda bir də
ayılırsan ki, saatlar ötüb, keçib, günəş
səmtini dəyişib, yarpaqlarsa küləyin ahəngi ilə
fərqli-fərqli əsir. Zubrların hərəkətlərini
addım-addım izləyərkən birdən onlardan birinin
boynundakı halqa diqqətimizi çəkir. Rafayıl
Musayev deyir ki, bu, GPS boyunbağıdır: "Bu vasitə
sürüyə başçılıq edən dişi zubrun
boynuna taxılır. "Google Map" üzərindən
sürünün hərəkət istiqamətini asanlıqla
müəyyən etmək və diqqətdə saxlamaq olur.
Müəyyən bir vaxtdan sonra isə
batareyası tükənmiş halqalar yeniləri ilə əvəz
edilir".
"Ögey
ana" filminin çəkildiyi, güllü-çiçəkli,
şəlaləli dağlar
Gözləriqamaşdıranyaşılınəngözəltonlarınıniçərisindənkeçibgeriyə
qayıdırıq. Bu zaman qarşıdakı düzü
göstərən Cəlil Rzazadə deyir ki, buranın
başqa bir xatirəsi də var. Yaxınlaşdıqca maket görünməyə
başlayır. Bu, "Ögey ana" filmindəki məşhur
qəhrəman İsmayılın obrazlaşdırılan
siması idi...
Elə ağacdakı maketi görər-görməz yada
düşür ki, filmdə İsmayıl "Kəndimiz"
mahnısını bu səfalı yerlərdə ifa edə-edə
qaçıb ağaca çıxır, düzləri
dolanır, zirvələrdən yamaclara tamaşa edirdi.
Film ağ-qara formatda çəkilmişdi. Ancaq bu yerdə
olanda o ağ-qara səhnələri xatirələrdə yenidən
canlanaraq əlvan rənglərə boyanır. Buranı
görəndən sonra sanki filmə rəngli formada
baxmış olursan...
Buynuzdan çıxıb yolumuzu Çayqovuşan kəndinə
salırıq.
Burada Milli Parkın növbəti marşrut xətti
üzərində Gurgur şəlaləsi yerləşir.
Şəlalə dağın 1200-1300 metr
hündürlüyündən axır. Yolu
çox dik yoxuşlu olsa da, bura qədər gəlib yolun
yarısından qayıtmaq olmazdı. Getmək
üçün əvvəlcə bol sulu
axar çayın daşlı-kəsəkli yollarını
keçib dağı piyada qalxacağımız yerə
çatırıq. Axar çayın qüvvətindən
şəlalənin əsrarəngizliyi hiss edilirdi. Hətta bəzi
yerlərdə suyun təzyiqi o qədər güclü idi ki,
əyləşdiyimiz yük maşınının irəliləməsinə
belə mane olurdu...
Dağ
lalələri, erkək səhləb gülü, "pip
dolması"...
Nəhayət, İsmayıllının hər
qarışını ovcunun içi kimi tanıyan Cəlil
Rzazadənin müşayiəti ilə gəlib şəlalənin
axdığı, insan ayağının nadir halda dəydiyi
yerlərdən birinə çatırıq. Bura sanki rəssamın
palitrasından çıxan ən gözəl peyzajlardan
biridir. Hər daş, hər ağac, hər
zərrə bir-bir işlənmiş, öz yerlərində əbədiləşdirilmişdi.
Yolboyu şəlaləyə qalxanda nadir, nəsli kəsilməkdə olan bitkiləri də gördük. Dağ lalələri qırmızı çalarları ilə torpağa, daşa bəzək verən xalıya bənzəyirdi. Qalxdığımız cığırda bir bitkiyə də rast gəldik. Yuxarısı bənövşəyi don geymiş çiçəklərlə örtülü idi. Çiçək bu dağların ən nadiri - erkək səhləb gülü idi.
Şəlalədən enəndə ətrini qoxulayıb, yorğunluğumuzu unudub hündürlükləri geridə qoyduq. Son ünvanımız isə Qalacıq kəndi oldu. Gəzdiyimiz yerlər İsmayıllının bəlkə də ən səfalı guşələri idi. Getdikcə hava qaralır, görmək istədiyimiz təbiətin təqdim etdiyi möcüzələrsə bitib-tükənmirdi. Bu kənd istiqamətində Milli Parkın Qalacıq şəlaləsi marşrut xətti yerləşir. Marşrut xəttinin postundan keçən zaman düzən çölləri bir anda fıstıq, vələs ağacları qamarlayıb ətrafda ala-toranlıq yaratdı. Ağacların quruluşuna nəzər saldıqda görünür ki, Şərq fıstığının gövdəsi daha hamar, yarpaqları isə daha iri olur. Yeri gəlmişkən, ismayıllılıların ən sevimli yeməklərindən biri də bu ağacın yarpaqlarından hazırladıqları "pip dolması"dır. Qafqaz vələsi isə yarpaqlarının daha xırda olması ilə fərqlənir.
Hava getdikcə zülmətə qərq olurdu. Bu səbəbdən də şəlaləni töküldüyü dağların sinəsindən seyr edərək səfərimizi başa vurmaq məcburiyyətində qalırıq...
Hissdən-hissə
adlayıb ömür səhifəmizin ən xoşbəxt
günlərindən birini də İsmayıllı meşələrinin,
dağlarının ecazkar nişanəsi ilə əbədiləşdirdik.
Təbiətə dayaq olanların zəhmətləri isə
belə diyarların qorunub saxlanması, keçən dövrlərə
və dövrdəkilərə etibarında
görünür.
Təbiətə
aşina olmaq üçün isə ona məxsusi eşqlə
yanaşmaq gərəkdir...
Aydan
XƏLİLOVA,
"Azərbaycan"
Bakı-İsmayıllı-Bakı
Azərbaycan.-2022.- 22 may.- S.7.