Gürcüstanın din xadimləri Ağdamda
erməni vəhşiliyinin şahidi olublar
Azərbaycanın
Gürcüstandakı səfirliyinin təşkilatçılığı
ilə bu ölkənin din xadimlərindən ibarət
nümayəndə heyəti işğaldan azad edilmiş
Ağdam şəhərinə səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ağdamkənd kəndində olan qonaqlara ermənilərin vəhşilikləri barədə məlumat verilib. Bildirilib ki, təkcə bu kənd deyil, digər yaşayış məntəqələri də erməni barbarlığına məruz qalıb. Ermənilər yaşayış evlərini, məktəbləri, xəstəxanaları, mədəniyyət ocaqlarını və digər sosial obyektləri, eləcə də tarixi abidələri talayıb məhv ediblər. Nümayəndə heyətinə, həmçinin işğal dövründə ermənilər tərəfindən minalanmış ərazilərə dair məlumat verilib.
Sonra Ağdam şəhərinə gələn qonaqlar ermənilərin törətdikləri vandalizmlə tanış olub, işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o cümlədən İmarət kompleksinə, Ağdam Cümə məscidinə, Çörək muzeyinin və Dram teatrının qalıqlarına baxış keçirib, Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qonaqlara Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi barədə də ətraflı məlumat verib. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində görünməmiş vandalizm həyata keçiriblər. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahına gələn qonaqlara Ağdam şəhərinin Baş Planı, burada həyata keçirilən bərpa-quruculuq işləri barədə də məlumat verilib. Diqqətə çatdırılıb ki, Qafqazın Xirosiması kimi tanınan Ağdam Azərbaycan Prezidentinin və hökumətinin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək, doğma yurdlarından 30 il ayrı qalmış insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.
Qonaqlar
Ağdam şəhərindən sonra Füzuliyə yola
düşüblər.
Azərbaycan.-2022.- 22 may.- S.3.