Müasir
texnologiyaların tətbiqi yüksək məhsuldarlığın
təməlidir
Son vaxtlar dünyada
ciddi ərzaq problemi yaranıb. Bu üzdən ərzaq təhlükəsizliyinin təmin
edilməsi hər bir ölkə üçün əsas məsələyə çevrilib. Bütün dövlətlər çalışır ki,
əhalisini əsas ərzaq məhsulları ilə imkan daxilində özü təmin etsin. Çıxış yolu kənd təsərrüfatında
müasir texnologiyalardan
istifadə etməklə
daha çox məhsul istehsalına nail
olmaqdır.
Hazırda dünyada aqrar sektorda diqqət yetirilən əsas məsələ az
əkin sahələrindən
istifadə olunması
ilə daha çox məhsul istehsal etməkdir. Bunun üçün inkişaf
etmiş ölkələrin
aqrar sektorunda elmin və texnologiyanın
son nailiyyətlərindən geniş şəkildə
istifadə olunur.
Ölkəmizin kənd təsərrüfatında
əsas problem su ilə təminatdır. Azərbaycan Cənubi
Qafqazda su ehtiyatlarına görə
kritik durumdadır.
Məlumdur ki, dünyada
bu əvəzsiz nemətin azalması prosesi gedir. Digər tərəfdən, dünyada,
eləcə də ölkəmizdə əhalinin
artması suya olan tələbatın çoxalmasına səbəb
olur. Bizdə istehsal olunan
kənd təsərrüfatı
məhsullarının 80-85 faizi isə suvarılan əkin sahələrindən əldə
edilir.
Azərbaycanın mövcud 135 su anbarında 21,5 milyard su ehtiyatı
var. Bu isə əkin sahələrimiz üçün
yetərincə deyil. Onu da qeyd edək
ki, işğaldan azad olunan ərazilərdəki
su ehtiyatlarından istifadə
edilməsi bizə əlavə imkanlar yaradır. Belə ki, işğaldan
azad edilmiş yerlərdə 9 su anbarı və 17 çay var. Bu çayların
su ehtiyatı böyükdür. Bununla
belə, biz sudan
qənaətlə istifadə
etməyə məcburuq.
Ona görə ki, bu əlavə su mənbələri də ölkəmizin tələbatını tam ödəməyə
imkan vermir. Rəsmi torpaq balansına əsasən, çoxillik
əkmələrlə birlikdə
ümumi əkin sahəmiz 2 milyon hektardan çoxdur. Bunun 1,5 milyon
hektarı suvarılan ərazilərdir,
qalan 500 min hektar isə suvarılmır. Yəni bu qədər torpaq suvarılmadığı
üçün oradan
yüksək məhsul
götürmək imkanında
deyilik. Beləliklə,
suvarılan torpaqların
77,5 faizindən əkin, 8,6 faizindən çoxillik əkmələr
və 13,9 faizindən
isə örüş,
həyətyanı sahələr
kimi istifadə olunur.
Azərbaycan suvarma sahəsində dünyadakı qabaqcıl
texnologiyalardan faydalanmaq
məqsədilə xarici
ölkələrlə əməkdaşlığa
üstünlük verir. Məsələn, İsraildə kənd təsərrüfatında suya
qənaət edən yüksək texnologiyalar mövcuddur. Bu ölkənin də su ehtiyatları və əkin sahələri bizdə olduğu kimi, məhduddur. Bununla belə,
İsrail qabaqcıl texnologiyaların tətbiqi
sayəsində yüksək
məhsul əldə etməyə nail olub.
Kənd Təsərrüfatı Nazirliyi
İsrailin Kənd Təsərrüfatı və
Kənd Yerlərinin İnkişafı Nazirliyi
ilə bu sahədə sıx əməkdaşlıq edir. Kənd Təsərrüfatı
Nazirliyinin İctimaiyyətlə
əlaqələr və
informasiya təminatı
şöbəsindən verilən
məlumatda bildirilir ki, ölkələrimiz aqrar sahədə kadr hazırlığı
üzrə sıx əməkdaşlıq qurub.
Bakıda keçirilən
15-ci yubiley Azərbaycan
Beynəlxalq Kənd Təsərrüfatı sərgisi
çərçivəsində Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyi və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris
Mərkəzi (AİCAT) tərəfindən
aqrar sahədə fəaliyyət göstərən
gənc mütəxəssislər
üçün elan edilən yeni təcrübə proqramının
iştirakçıları ilə keçirilən görüş də buna misaldır. AİCAT tərəfindən elan
olunan təcrübə
proqramının müddəti
11 aydır. Proqram çərçivəsində
gənc mütəxəssislər
10 ay ərzində İsrailin
fermer təsərrüfatlarında
təcrübə keçmək
imkanı qazanacaqlar.
Bundan başqa, proqram iştirakçıları bir
ay müddətində həm
aqrar, həm də iqtisadi sahədə akademik təlimlərdə iştirak
edəcəklər. Təcrübə proqramı 2022-ci ilin avqust ayından 2023-cü ilin iyul ayınadək
çəkəcək.
15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi çərçivəsində Aqrar İnnovasiya Mərkəzi, "Sapmaz" Havacılık və İleri Teknolojiler şirkəti, "Azersun Holdinq" MMC arasında birgə əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyinin Mülki Aviasiya Baş İdarəsi tərəfindən verilən icazə çərçivəsində Azərbaycandan olan mütəxəssislərə pilotsuz uçuş aparatlarının idarə edilməsi ilə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda əldə edilən razılaşmaya əsasən, kənd təsərrüfatı nəzarət vasitələrinin istehsal lisenziyasına malik olan Türkiyə şirkəti sifariş əsasında ölkəmizi pilotsuz uçuş aparatları ilə təchiz edəcək.
Əldə edilən razılaşmaya görə, türkiyəli mütəxəssislər tərəfindən multispektral dronlar vasitəsilə sahədə avtopilot rejimində çəkilişlərin aparılması, torpağın münbitliyinin ölçülməsi, zərərvericilərin aşkar edilməsi, bitki örtüyü indeksinin müəyyənləşdirilməsi, həmçinin çiləyici dronlarla herbisid və pestisidlərin səpini, eləcə də digər istiqamətlər üzrə nəzəri və praktik təlimlər keçiriləcək.
Qeyd edək ki, "Caspian Agro" sərgisinin ölkəmiz üçün xüsusi önəmi var. Çünki dünyada kənd təsərrüfatında istifadə olunan qabaqcıl texnologiyalardan bəhrələnmək istəyirik. Məlumdur ki, aqrar sahədə yeni texnologiyaların istifadəçiləri sahibkarlar və fermerlərdir. Onların bilavasitə bu texnologiyalarla əyani tanış olması vacibdir. Bu üzdən "Caspian Agro 2022" və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin ölkəmizdə keçirilməsi əhəmiyyətlidir. Builki sərgi iştirakçıları sayına və nümayiş olunan texnika və texnologiyaların həcminə görə də fərqlənir. Belə ki, burada 101-i yerli, 348-i xarici olmaqla, ümumilikdə 24 ölkədən 449 şirkət iştirak edir. Sərginin əsas bölmələri smart avro, gülçülük, kənd təsərrüfatı texnikası, obyektləri, landşaftı, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, tullantıların emalı, pambıq emalı, tekstil, logistika, elektron kənd təsərrüfatı və laboratoriya avadanlıqlarından ibarətdir.
Ölkəmizdə aqrar sektorda istifadə ediləcək müasir texnologiyalar məhsuldarlığın artırılmasına imkan yaradacaq, həmçinin sudan səmərəli istifadə mümkün olacaq. Məsələn, Azərbaycanda taxıl istehsalında məhsuldarlıq 30-32 sentner olduğu halda, dünyanın inkişaf etmiş ölkələrində bu rəqəm 80-90 sentnerə çatıb. Bu uğura həmin ölkələr kənd təsərrüfatında mütərəqqi texnologiyalardan istifadə etməklə nail olub. Ölkəmizdə son vaxtlar aqrar sektorda müasir texnologiyalardan istifadəyə üstünlük verilir.
Yaxın bir neçə ildə ölkəmizin ərzaq məhsullarının yetişdirilməsində dünyanın inkişaf etmiş ölkələrində əldə olunan səviyyəyə çatacağı gözlənilir. Aqrar sektorun bütün sahələrində mütərəqqi texnologiyaların tətbiqi buna imkan verəcək.
Rüstəm
KAMAL,
Azərbaycan.-2022.- 22 may.- S.6.