Sülh danışıqları Azərbaycanın şərtləri əsasında aparılacaq

 

 

İlham Əliyev Ermənistanı öhdəliklərini yerinə yetirməyə məcbur edir

 

 

Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın 22-də "Brüssel prosesi" çərçivəsində növbəti üçtərəfli görüş keçirildi. Görüşün yekunlarına dair Şarl Mişelin mətbuata verdiyi açıqlamalar göstərir ki, ötən ilin dekabrından başlamış bu prosesin müzakirə mövzusu olan bütün məsələlər regionda yaranmış yeni reallıqların prinsiplərini özündə ehtiva etməklə Azərbaycanın milli maraqlarına tam uyğundur.

 

 

 

Aİ-nın təşəbbüsləri Azərbaycanın mövqeyi ilə uzlaşır

 

 

Bu görüş bir daha təsdiq etdi ki, Aİ-nin dəstəyi  və təşəbbüsləri ilə Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizmformat müəyyənləşib. Bu isə hələ müharibədən əvvəl mövcud olmuş formatlarla müqayisədə obyektivdir. Aİ Şurasının prezidenti Şarl Mişelin iki dövlət arasındakı münasibətlərin normallaşdırılması istiqamətində təşəbbüsləri, bu prosesə dəstəyi  tamamilə tərəfsizdir. Bu baxımdan Aİ Şurası prezidentinin münasibəti bir vaxtlar Minsk qrupunun həmsədrlərinin ortaya qoyduqları mövqedən tamamilə fərqlənir və real nəticənin əldə olunmasına hesablanıb.

Elə buna görə də üçtərəfli görüşdən əvvəl Prezident İlham Əliyevlə Şarl Mişel arasında keçirilən təkbətək görüşdə dövlətimizin başçısı Aİ Şurası prezidentinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirdi.

Aİ Şurası prezidentinin üçtərəfli görüşlərdən sonra verdiyi bəyanatların məzmunu bir vaxtlar Minsk qrupunun həmsədrlərinin hər addımda ortaya qoyduqları ikili standartlardan uzaqdır və münasibətlərin normallaşdırılması üçün konkret hədəfləri ehtiva edir. Bu da Aİ-nin timsalında Azərbaycanla Ermənistan arasında sülhün təmin olunmasına hesablanmış vasitəçilik missiyasına olan etimadı təmin edən mühüm amildir.  Brüssel formatında aparılan müzakirələrdə Avropa İttifaqının ortaya qoyduğu mövqe  Azərbaycanın regionda təhlükəsizliyin və rifahın təmin edilməsinə hesablanmış təşəbbüsləri ilə uzlaşır. Aİ də hesab edir ki, artıq gələcəyə baxmaq, yeni reallıqlar çərçivəsində münasibətləri normallaşdırmaq lazımdır.

 

 

 

İndi Minsk qrupunun dövranı deyil

 

 

Məlum olduğu kimi, aprelin 6-da keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, Azərbaycan sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirib və bu xüsusda danışıqlara hazır olduğunu bildirib.

Lakin Ermənistan tərəfdən aprelin 6-dan sonra əldə olunmuş razılaşmalara uyğun olaraq heç bir addım atılmadı. Aprelin 6-da Brüsseldə əldə olunan razılaşmaya görə, tərəflər arasında müvafiq görüşlər keçirilməli idi. Ermənistan sərhədlərin delimitasiyasına dair ilk görüşün iki ölkənin sərhədində keçirilməsi barədə təklif irəli sürmüşdü, Azırbaycan da bu təklifi dəstəkləmişdi. Amma Ermənistan artıq aprelin 29-na razılaşdırılmış görüşü ləğv etdi, daha sonra isə 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi barədə razılaşmanı icra etmədi. Bununla da Ermənistan razılaşdırılmış görüşdən boyun qaçırdı.

Ona görə gözlənilən idi ki, bu məsələ Brüsseldə xüsusi müzakirə olunacaqilk növbədə Ermənistan rəhbərliyindən bütün bunlara aydınlıq gətirilməsi tələb ediləcək. Təsadüfi deyil ki, Şarl Mişel mayın 22-də keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında əldə edilən nəticələrdən bəhs edərkən ilk olaraq bu barədə danışdı.  Aİ Şurasının prezidenti qeyd etdi ki, sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq, bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq.

Beləliklə, bundan əvvəl razılaşdırılmış iclaslardan imtina edən Ermənistan indi üzərinə yeni öhdəlik götürüb. Bundan da boyun qaçırmaq İrəvanın sülh prosesinə destruktiv yanaşması olar. Amma indi Minsk qrupunun dövranı deyil. Aİ-nın vasitəçiliyi ilə aparılan danışıqlar isə Ermənistana verilən son şansdır. Əks təqdirdə itirən yenə Ermənistan olacaq.

 

 

 

İrəvanın prosesləri ləngitmək cəhdləri iflasa uğradı

 

 

Budəfəki üçtərəfli görüşdə də tərəflərin razılaşdıqları bütün məsələlər "Brüssel prosesi"nin Azərbaycanın milli maraq və mənafelərinə uyğun getdiyini göstərdi. Məsələn, görüşdə Ermənistanın hələ 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəliyə uyğun olaraq kommunikasiya ilə əlaqədar nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurətindən bəhs olunub. Tərəflər Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəliblər. Beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə də razılığa gəlinib və yaxın günlərdə baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər.

Əldə olunan razılıqlardan biri də dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirədir. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər.

Aİ Şurasının prezidenti mətbuata açıqlamasında Ermənistanın son günlər yenidən qabartdığı status məsələsinə toxunmadı. Qarabağdakı mülki ermənilərin təhlükəsizliyinə isə Azərbaycan dövləti zəmanət verir. Bu baxımdan üçüncü görüş bir daha təsdiq etdi ki, Aİ Azərbaycanın yaratdığı yeni reallıqları bölüşür və "Brüssel prosesi" Bakının mövqeyinə və mənafeyinə uyğundur. Azərbaycanın növbəti siyasi-diplomatik uğuru olan üçüncü Brüssel görüşü həm də onu təsdiq etdi ki, Ermənistanın müxtəlif iddialarla üçtərəfli razılaşmaların tələb etdiyi prosesləri ləngitmək cəhdləri iflasa məhkumdur.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2022.- 24 may.- S.5.