Möhtəşəm fəaliyyətlə
qazanılan yüksək nüfuz
ABŞ Prezidenti
Cozef Baydenin məktubu
bu nüfuzun bir daha təsdiqidir!
Dünya miqyasında görünmək, fərqlənmək, tanınmaq və yüksək nüfuz qazanmaq o qədər də asan məsələ deyil!
Xüsusən də mahir siyasətçi və uzaqgörən dövlət başçısı kimi!
Yenicə dövlət müstəqilliyi qazanan nisbətən kiçik ölkələrin rəhbərlərinin isə nüfuz sahibinə çevrilməsi daha çox zaman tələb edən mürəkkəb prosesdir!
Böyük, əsrlərlə ölçülən demokratiya təcrübəsinə və tarixinə malik dövlətlər üçün bu, elə də problem sayılmır.
Çünki dövlətin keçmişdə qazandığı imic, iqtisadi, hərbi güc, beynəlxalq qurum və təşkilatlardakı sabitləşmiş yer və mövqe dövlət başçısının nüfuzuna əlavə dividendlər gətirir.
"Cavan" dövlətlər isə bütün bunlardan məhrumdurlar və həmin vəzifələri özləri yerinə yetirərək, zəruri işləri şəxsən görməlidirlər!
BELƏ Kİ:
* İqtisadiyyatı qaldırmaq və inkişaf etdirmək;
* Demokratik prinsip və tələbləri bərqərar edərək genişləndirmək, gündəlik həyat tərzinə çevirmək;
* Beynəlxalq qurum və təşkilatların işində yaxından iştirak edərək diqqətçəkən və faydalı təkliflər vermək, təşəbbüslər irəli sürməyi bacarmaq;
* Digər dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmətə və maraqlara əsaslanan münasibətlər qurmaq;
* Dünyada baş verən hadisə və proseslər zamanı düzgün mövqe tutmaqla səhvsiz addımlar atmaq;
* Habelə bir sıra şəxsi keyfiyyətlərə - yüksək diplomatik bacarığa, ünsiyyət qurmaq məharətinə, cəlbedici və maraqlı nitq qabiliyyətinə, müxtəlif dillərdə təmiz danışmaq imkan və istedadına malik olmaq!
Tanrı bütün bu bacarıq və keyfiyyətləri Azərbaycan Prezidenti cənab
İlham Əliyevə səxavətlə verib!
İlham Əliyev Heydər Əliyev məktəbində əyani təhsil alan və həmin "universiteti" fərqlənmə diplomu ilə bitirən yeganə "məzun" sayılır!
İlham Əliyev dünyanın ən tanınmış təhsil ocaqlarından biri olan Moskva Beynəlxalq Münasibətlər İnstitutunda nəinki müvəffəqiyyətlə təhsil alaraq oranı fərqlənmə diplomu ilə bitirib, hətta sonradan dərs də deyib.
İlham Əliyev heç bir kağıza və tezisə baxmadan saatlarla, ən maraqlı və gerçək faktlara, rəqəmlərə istinad etməklə parlaq nitqlər söyləyir.
İlham Əliyev saatlarla, dörd dildə danışmaqla dünyanın ən tanınmış KİV-inin, informasiya agentliklərinin, telekanalların müxbirlərinin bütün suallarını xüsusi bacarıq və məharətlə cavablandırır.
İlham Əliyev çaşanlara çox mədəni və etik şəkildə yerini göstərməklə layiq olduqları cavabı verib susdura bilir!
İlham Əliyevin sözü imzası qədər etibarlıdır, dediyini hökmən edəndir!
İlham Əliyevin sevgisi də müqəddəsdir, qəzəbi də!
Biz bütün bu deyilənlərin möhtərəm Prezidentimizin on doqquz illik rəhbərliyi dövründə, 44 günlük Zəfər müharibəsində dəfələrlə, dönə-dönə canlı şahidi olmuşuq!
Azərbaycanın dövlət başçısı dünya miqyasında aydın görünən, obyektiv, dəyərli söz sahibi olan, daim qətiyyətli və ədalətli mövqe nümayiş etdirən liderlərdəndir!
O, beynəlxalq tədbirlərə daim dəvət alan, çıxışları və təşəbbüsləri hörmətlə dinlənilərək bəyənilən dövlət rəhbərlərindəndir.
Hazırkı nüfuz və sanbalı təkcə Azərbaycanı qısa müddətdə güclü, sayılıb-seçilən və Cənubi Qafqazın lider dövlətinə çevirməsi ilə deyil, həm də BMT Təhlükəsizlik Şurasının iclaslarına sədrliyi, İslam Əməkdaşlıq Təşkilatına, Qoşulmama Hərəkatına rəhbərliyi dövründə, habelə COVID-19 pandemiyasına qarşı mübarizə zamanı nümayiş etdirdiyi prinsipial, humanist addımlarla bağlıdır.
ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidentinə ünvanladığı məktubda söylənilən fikirlər, habelə fəaliyyətinə verilən yüksək dəyər əslində cənab İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi praqmatik siyasətin də etirafı və qiymətləndirilməsidir.
"Əsl siyasət konkret və real iş görməkdən ibarətdir" söyləyən cənab İlham Əliyev dediklərini etmiş, verdiyi vədləri daim həyata keçirmiş, sözü ilə imzasının vəhdət təşkil etdiyini sübuta yetirmişdir!
Azərbaycanın inkişafı və xalqın rifahı naminə gördüyü işlərin, habelə dünyaya verdiyi dəyərli töhfələrin sayı-hesabı isə yoxdur.
Ölkəmizin yüksəlişi və beynəlxalq aləmdə müsbət imic qazanması naminə İlham Əliyevin gördüyü işlərə qısa nəzər salaq:
* Bütün dünya üçün faydalı olan Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars layihələrini əngəlləri dəf edərək və çətinliklərə üstün gələrək reallaşdırmışdır;
* "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərini işə salmış, Azərbaycanı tranzit logistika mərkəzinə çevirmişdir;
* Azərbaycanı terrorizmə qarşı mübarizədə fəallıq göstərən dövlət kimi tanıtmışdır;
* Avropanın enerji təchizatına dəyərli töhfələr verilməsini təmin etmişdir;
* Dünyada idmanın inkişafına Azərbaycanın öz sözünü söyləməsinə nail olmuşdur;
* Beynəlxalq təşkilatlara sədrliyi dövründə daim hamı tərəfindən bəyənilən təşəbbüslər irəli sürmüşdür;
* Ləyaqətli müharibə apararaq, 44 gün ərzində işğal altındakı torpaqları azad edərək Azərbaycanı qalib və qürurlu millət kimi tanıtmışdır;
* Dəfələrlə Ukraynaya humanitar yardımların göndərilməsini təmin etmişdir;
* Bu gün isə Ermənistanla sülh müqaviləsi bağlanılması, Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi üçün aydın və konkret mövqe ortaya qoyur!
ABŞ Prezidentinin məktubunda bütün bu məqamlara toxunulmuş, görülən işlərin dəstəkləndiyinə aydın işarələr verilmişdir.
Odur ki, Cozef Baydenin məktubundakı fikirlər hər bir azərbaycanlının qəlbindən xəbər verməklə bərabər, həm də razılıqla qarşılanır!
Məktubda yer alan
bir neçə məqama diqqət yetirək:
* "Azərbaycan Avropa
və dünya bazarlarının təhlükəsizliyinin
təmin olunması və sabitləşdirilməsində
önəmli rol oynayır".
* "...Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz
əhəmiyyətli töhfələrinizi
təsdiq edirik".
* "Rusiyanın Ukraynaya
qarşı müharibə
ilə beynəlxalq təhlükəsizliyin əsas
sütunlarını sıradan
çıxarmağa çalışdığı
bu qlobal qeyri-sabitlik dönəmində
Amerika Birləşmiş
Ştatları Azərbaycanın
müstəqilliyi və
suverenliyinə öz dəstəyini bir daha təsdiq edir".
* "Azərbaycanın Ukraynanın suverenliyinə
dəstəyi, habelə
Ukraynaya göstərdiyi
humanitar və enerji sahəsində yardımı vacib ismarıc verir".
* "Amerika Birləşmiş
Ştatları bütün
Qafqaz və trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına
kömək etməyə
hazırdır".
* "Biz qarşıdan gələn illər və onilliklərdə münasibətlərimizi daha
da dərinləşdirmək
arzusundayıq".
***
Məktubda yer almış
bütün bu fikirlər eyni zamanda:
* Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi müdrik siyasətə verilən yüksək qiymətdir;
* 44 günlük Zəfər müharibəsinin nəticələrini
bəyənməkdir;
* Azərbaycanın atdığı
bütün addımların
doğruluğunun təsdiqidir!
* Azərbaycanın irəli
sürdüyü beş prinsip əsasında aparılan sülh danışıqlarına
dəstəkdir!
* Həm də bədxahlarımıza, araqarışdıranlara
verilən ciddi mesajdır!
* Cənubi Qafqazdakı yeni reallıqların etirafı və qəbul edilməsidir!
* ABŞ-ın Azərbaycanla birgə olduğunu göstərən əyani
sübutlardır!
Bütövlükdə ABŞ Prezidentinin
Azərbaycanın dövlət
başçısına göndərdiyi
bu məktub Prezident İlham Əliyevin beynəlxalq miqyasda gördüyü işlərin ən yüksək formada və açıq şəkildə bəyənilməsi,
dəstəklənməsidir!
Dostlar sevinsin, düşmənlər...
Bəxtiyar SADIQOV
Azərbaycan.-2022.- 24 may.- S.5.