Təkbətək
görüş
Mayın
22-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Avropa
İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə
təkbətək görüşü olub.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Görüşdə Prezident İlham Əliyev Şarl Mişelin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirdi.
Bu formatda Avropa İttifaqının təşəbbüsü və vasitəçiliyi ilə üçüncü dəfədir ki, görüşün keçirildiyini qeyd edən dövlətimizin başçısı bu görüşün təşkilinə görə Şarl Mişelə təşəkkürünü bildirdi.
Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd etdi və bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğuladı.
Dövlətimizin başçısı iki ölkə arasında sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.
Prezident İlham Əliyev bu il aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, Azərbaycanın aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirdiyini və bu xüsusda danışıqlara hazır olduğunu bir daha qeyd etdi.
Azərbaycan
Prezidenti İlham Əliyev, həmçinin işğaldan azad
edilmiş ərazilərimizdə mina problemi və Birinci
Qarabağ müharibəsində itkin düşmüş
hesab olunan 4 minə yaxın şəxsin taleyinə
aydınlıq gətirilməsinin vacibliyini bir daha
vurğuladı.
Dövlətimizin başçısı 10 noyabr Bəyanatının bütün müddəalarının Ermənistan tərəfindən icra olunmasının zəruriliyini qeyd etdi.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa İttifaqının Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək vermək əzmini bir daha ifadə etdi, vasitəçilik səylərini davam etdirəcəyini bildirdi və bu formatda keçirilmiş əvvəlki görüşlərin əhəmiyyətinə toxundu. Şarl Mişel Brüsseldə bu formatda görüşdə iştirakına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2022.- 24 may.- S.2.