Bakı səmalarında "Akıncı" qüruru

 

 

Dünən Bakı səmalarında maraqlı anlar yaşandı. Paytaxt sakinləri qardaş Türkiyənin Bayraktar "Akıncı" Silahlı İnsansız Hava Aparatlarının (SİHA) və qırıcı təyyarələrinin aviaşousunun məşqlərinə tamaşa etdilər.

Pilotların idarə etdikləri qırıcıların səsi vahiməli olsa da, bu uçuşlar hər kəsdə sevinc, qürur hissi yaşatdı. Çünki hər kəsə, eləcə də dünyaya bəllidir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində işğlçı Ermənistana qarşı müasir formalı, yəni "smart müharibə" apararaq şanlı zəfər qazanıb. Məhz Bayraktar pilotsuz uçuş aparatları (PUA) vasitəsi ilə düşmənin komanda müşahidə məntəqələri, silah-sursat anbarları, hərəkətdə olan hərbi texnika və canlı qüvvəsi, ölkəmizin ərazisinə atılması hədəflənən "S 300" və digər raket kompleksləri məhv edilmişdir. Əldə etdiyimiz şanlı zəfərdə Bayraktar PUA-larının əvəzsiz xidmətləri olmuşdur.

Bu uçuşlar mayın 26-29-da Bakıda keçiriləcək "TEKNOFEST-Azərbaycan" festivalı ərəfəsində edilən sınaq məşqləri idi. Həftəsonu həm paytaxt sakinləri, həm də  dünya Bakı  səmalarında daha möhtəşəm aviaşouya şahidlik edəcək.

Türkiyənin Təkirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxan Bayraktar "Akıncı" Silahlı İnsansız Hava Aparatları (SİHA) Gürcüstan üzərindən Azərbaycana gəlib. Türkiyənin müasir texnologiyası sayılan "Akıncı" təxminən 2 min km məsafəni uğurla qət edib.

"Akıncı"nın inkişaf etdirilməsinə 2017-ci ilin may ayında başlanılıb. Onun ilk uçuşu 2019-cu il dekabrın 6-da həyata keçib. İlk uçuş zamanı PUA 16 dəqiqə havada qalıb. Prototipin ikinci uçuşu isə 2020-ci il yanvar ayının 10-da baş tutub, həmin uçuş zamanı PUA 1 saatdan artıq havada olub. "Akıncı"nın ikinci prototipinin ilk uçuşu 2020-ci il avqustun 13-də həyata keçirilib.

"Baykar Holdinq" tərəfindən istehsal edilən "Akıncı" pilotsuz təyyarələri artıq havada azı 24 saat fasiləsiz qala bilir. 12 min metrdən çox yüksəklikdə uçurbazadan 150 kilometr uzaqda, tam müstəqil rejimdə əməliyyatlar həyata keçirə bilir.

Göyərtəsində 3 ədəd süni intellekt kompüteri olan "Akıncı" dronları eyni zamanda yerüstü kəşfiyyat aparır, sensorlar və yüksək həssaslığa malik kameralar vasitəsilə məlumatları toplayıb müstəqil rejimdə təhlil edir, habelə komanda mərkəzinə ötürür. Digər mühüm özəlliyi isə budur ki, həmin pilotsuz sistemlər bütöv eskadrilya halında döyüşdə tətbiq edilə bilir, bu zaman dronlar süni intellekt vasitəsilə bir-biriləri ilə koordinasiya içərisində olur. "Akıncı" qiyməti 4-5 milyon dollar olan birya bir neçə tankı asanlıqla məhv etmək iqtidarındadır.

İnanırıq ki, keçiriləcək "TEKNOFEST-Azərbaycan" festivalında insanların, dövlətlərin daha çox maraq göstərəcəyi texnologiyalardan biri də məhz "Akıncı" PUA-ları olacaq.

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2022.- 24 may.- S.7.