GDU-da
Xalq şairi Vahid Əzizin yeni kitabının təqdimatı keçirilib
Gəncə Dövlət Universitetində (GDU) Xalq şairi, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Vahid Əzizin "Param-param olmuş illər" şeirlər kitabının təqdimatı olub.
Təqdimatda görkəmli şairin həyatı, yaradıcılığı, göstərdiyi xidmətlər haqqında tədbir iştirakçılarına məlumat verilib. Vahid Əzizin poeziya dünyası haqqında danışan Filologiya fakültəsinin dekanı, dosent Zakir Ələsgərov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Aygün Əhmədova, Azərbaycan dili kafedrasının baş müəllimi Mətanət Mahmudova şairin yaradıcılığının xüsusiyyətləri barədə fikirlər söyləyib, onun müxtəlif mövzularda yazdığı şeirlərdə yüksək insani keyfiyyətlərin təbliğ olunduğunu qeyd ediblər. Bildirilib ki, İkinci Qarabağ müharibəsi dövründə yazılmış "Param-parça illər" kitabındakı şeirlər Zəfər günümüzün təntənəsini, əsgərlərimizin cəsurluğunu, yüksək döyüş ruhunu, düşmənin rəzilliyini əks etdirir.
Müzakirələrdə çıxış edənlər isə Vahid Əzizin yaradıcılığında milli mənlik şüurunun inkişafı, vətənpərvərliyin gənclərə aşılanması, vətən həsrəti, millətə və dövlətə bağlılığın mühüm yer tutmasının əhəmiyyəti haqqında danışıblar. Şairin yaradıcılığında vətənin hər daşının təbliğinin üstünlük təşkil etdiyinə, bu istiqamətin aparıcı olduğuna xüsusi diqqət çəkilib. Qeyd olunub ki, şairin yaradıcılığında vətənpərvərlik, vətən nisgilinin izi açıq hiss edilir.
Çıxışlarda o da bildirilib ki, Xalq şairi 44 günlük Vətən müharibəsindən sonra çap edilən "Param-parça illər" kitabı ilə qələbəyə öz töhfəsini verib. Kitabdakı "Qəhrəman Tərtər"dən tutmuş, "Tarixi Xudafərin", "Qarabağ", "Cəmi 44 günə" adlı şeirlərin həm tarixi ədalət, həm də gənclərin vətənpərvər əhvali-ruhiyyədə böyüməsi baxımından uğurlu olduğu vurğulanıb.
Sabir ƏLİYEV,
Azərbaycan.- 2022.- 25 may. S. 6.