"İlham Əliyevin şərtləri ilə razılaşmalıyıq, gecikmək İrəvanın ziyanına işləyir"

 

 

Brüssel görüşünü müzakirəyə çıxaran ermənilər xaosdan xilas olmağın yolunu sülh müqaviləsinin imzalanmasında görürlər

 

 

Ermənistanda bir aydan çoxdur davam edən etiraz aksiyaları artıq daha gərgin və həlledici mərhələyə qədəm qoyubdur. Etirazçılar baş nazir Nikol Paşinyanın devrilməsində, sonuncu isə güc yolu ilə olsa belə tutduğu postu saxlamaqda israrlıdır.

Bütün bunların fonunda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilən sonuncu Brüssel görüşü İrəvanda böyük reaksiyaya səbəb olub. Artıq ölkə ictimaiyyəti də Ermənistanın xilas formulunun Azərbaycanla münasibətləri normallaşdırmaqda gördüklərini davamlı şəkildə bildirirlər.

Ancaq  revanşist qüvvələr bu prosesin baş tutmaması üçün məkrli niyyətlərini gizlətmədən nümayiş etdirirlər. Buna əngəl olmaq üçündaxili, nə də xarici dəstəyə malik olduqlarını da çox yaxşı başa düşürlər. Davam edən mitinqlər fonunda ölkədə nüfuzunu itirən keçmiş hərbi xunta nümayəndələrinin sərsəmləmələrinə xalq heç önəm belə vermir. Artıq anlamağa başlayıblar ki, təhlükəsizliyə və iqtisadi inkişafa regionun lider ölkəsi olan Azərbaycandan başqa heç bir dövlət zəmanət verə bilməz.

Ermənilər kommunikasiyaların bərpasının Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşmasına xidmət etməklə yanaşı, iki ölkə üzərindən ticarət və nəqliyyat daşımalarını əhəmiyyətli dərəcədə artıracağını da başa düşürlər.

Erməni siyasi ekspert Nikol Levonyan deyib ki, Brüssel görüşündə aparılan müzakirələr göstərir ki, kommunikasiyaların bərpası Ermənistanın xilası olacaq. İnsanlarla söhbətləri, Brüsseldəki görüş ətrafındakı mövcud xəbərləri nəzərə alaraq deyə bilərik ki, iki ölkə arasında sülh bu anda regionun geosiyasi mərkəzidir. Yalnız sülhün sayəsində iqtisadi tərəqqinin şahidi olacağıq.

"4rd.am" saytı isə yazır ki, sülh müqaviləsinin imzalanmasının geçikməsi Ermənistanın regional geosiyasi proseslərdən izolyasiya edilməsini sürətləndirir. Müəllif məqalədə diqqəti buna yönəldir ki, bütün proseslər Ermənistanın sosial-iqtisadi cəhətdən daha böyük problemlər yaşaması fonunda baş verir. Ermənistan iqtisadiyyatı artıq tamamilə iflasa uğramaq üzrədir: "Rəsmi açıqlamalara görə, Ermənistanda iqtisadi fəallıq daha sürətlə azalır, ölkə sənayesində ciddi geriləmə qeydə alınır. Həmçinin pərakəndə əmtəə dövriyyəsində də kəskin azalma müşahidə olunur. Ölkədə son illər ərzində enerji tariflərinin kəskin yüksəlməsi və əhalinin həyat səviyyəsinin pisləşməsi vətəndaşların sosial narazılığını da artırır. Regionların qlobal layihələrdən kənarda qalması da prosesə birbaşa təsir edir. Ermənistan hələ də qlobal kommunikasiya layihələrindən kənarda qalmaqdadır. Qlobal meyillər durmadan dəyişir və ölkəmiz coğrafi baxımdan qlobal kommunikasiyaların tərkib hissəsi ola bildiyi halda bu şansı itirir. Amma əvəzində Azərbaycan prosesdən uğurla faydalanır. Sülh müqaviləsinin imzalanmasının gecikməsində  Ermənistan itirən tərəfdir".

"Feysbuk" sosial şəbəkəsində çoxlu sayda izləyicisi olan səhifələr "Brüsseldə növbəti görüş" xəbərini paylaşaraq "Etirazların davam etməsi, Brüsseldəki görüş Ermənistan üçün nələr vəd edir" sualını veriblər. Bir çox izləyici bu paylaşmanın altında rəylər yazıb. Onlardan biri - ixtisasca iqtisadçı olan Manvel Qasparyan yazır: "Müqayisə aparsaq, Azərbaycan iqtisadi cəhətdən Ermənistandan çox öndədir. Azərbaycan daha da güclənir. Sülh müqaviləsinin imzalanması Ermənistan iqtisadiyyatına mütləq şəkildə öz müsbət təsirini göstərəcək. Belə ki, iqtisadiyyat dirçələcək, insanların sosial rifahı yaxşılaşacaq. Bir çoxlarınızın qəzəbinə səbəb olsa da, deməliyəm: İlham Əliyevin şərtləri ilə razılaşmalıyıq, gecikmək İrəvanın ziyanına işləyir".

Ermənistanda yaranmış xaos fonunda siyasi təqiblər başlayıb. Belə bir iddia ilə müxalifətin aparıcı fiqurlarından sayılan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri Artur Vanetsyan çıxış edib. O, sübut kimi dostunun evində axtarış aparılmasını göstərib. Bildirib ki, Ermənistan Respublikasının İstintaq Komitəsinin müstəntiqləri dostu Aram Qriqoryanın evində axtarış aparıblar. Aram Milli Təhlükəsizlik Xidmətinin ehtiyatda olan polkovnik-leytenantıdır. Heç vaxt qanunu pozmayıb, həyatı boyu Ermənistan respublikasına xidmət edib.

Prezident İlham Əliyev seçim üçün Ermənistanın siyasi rəhbərliyinə dəfələrlə şans verib. Ermənistan ictimaiyyəti də artıq başa düşür ki, Azərbaycanın təklifləri ilə razılaşmasalar, İrəvanın təcrid vəziyyətdə inkişaf etməsi mümkünsüzdür və ötən zaman bunu çox aydın göstərib.

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 24 may.- S.11.