Özünüməşğulluq proqramına qoşulmaq istəyənlərin sayı artır

 

 

Artıq hər kəs öz həyatında, yaşayışında hiss edir ki, ölkəmizdə əhalinin sosial müdafiəsi dövlətin diqqət mərkəzində olan əsas məsələlərdəndir. Təsadüfi deyil ki, bu sahədə ardıcıl şəkildə islahatlar aparılır, hər bir vətəndaşın sosial rifahının etibarlı təminatı üçün qanunvericilik bazası daim təkmilləşdirilir. Hədəf dövlətin imkanlarından bütün vətəndaşların bərabər və ədalətli faydalanmasıdır.

Bu sahədə icra olunan islahatlar ölkədə geniş dəstək tapmaqla yanaşı, beynəlxalq təşkilatlar tərəfindən də təqdir edilir. Ən önəmlisi isə aparılan islahatların və qəbul edilən qanunların həssas təbəqədən olan bütün insanlara aid olmasıdır. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə bunun bir daha şahidi olduq. Belə ki, müharibə başa çatan kimi dövlət şəhid ailələri və müharibə əlilləri, həmçinin müharibə iştirakçılarının sosial müdafiəsi üçün geniş proqramlar hazırlayıb həyata keçirməyə başladı. Bununla yanaşı, düşmən tərəfindən mülki əhaliyə vurulan ziyanı da dövlət ödədi.

Prezident İlham Əliyev tərəfindən 2018-ci ildə aparılan sosial islahatlar əhalinin sosial rifahının daha da yaxşılaşmasında önəmli rol oynadı. Belə ki, 2019-cu ildən ötən dövr ərzində minimum əməkhaqqı 2,3 dəfə artaraq 130 manatdan 300 manata çatdırıldı. Bunun sayəsində ölkəmiz minimum əməkhaqqının nominal, həm də alıcılıq qabiliyyəti indeksinə görə MDB üzrə ikinci yerə yüksəldi. Beləliklə, orta aylıq əməkhaqqı 41, median əməkhaqqı isə 85 faiz artdı.

Son dörd ildə minimum pensiya 2,2 dəfə artaraq 240 manata çatdırılıb. Bu gün ölkəmiz minimum pensiyanın həm nominal, həm də alıcılıq qabiliyyətinə görə MDB-də birinci yerə yüksəlib. Bu dövrdə orta aylıq pensiya 75 faiz artaraq 363, yaşa görə orta aylıq pensiya 70 faiz artaraq 394 manata çatıb. Beləliklə, son 4 ildə müavinət və təqaüd ödənişləri müvafiq olaraq 3 və 5 dəfə artıb. Ümumilikdə 2018-2022-ci illərdə sosial təminat növləri, yəni pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə illik xərclərdə də 70 faiz artım olub.

Dövlət əmək qabiliyyətli əhalinin sosial müdafiəsinin ən etibarlı forması kimi məşğulluğu görür. Bu məqsədlə yeni yerlərinin açılmasına və əhalinin işsiz təbəqəsinin özünüməşğulluq proqramlarına cəlb edilməsinə üstünlük verir. Eyni zamanda bu sahədə mövcud olan nöqsanların aradan qaldırılması ilə mübarizə aparır.

İcra edilən sosial islahatlar sayəsində ölkədə aktiv məşğulluq proqramlarının həcmi də ildən-ilə genişlənir. Qeyd edildiyi kimi, özünüməşğulluq proqramı işsizişaxtaran şəxslərin məşğulluğunun təminatında, onların kiçik sahibkarlara çevrilməsində mühüm rol oynayır. Təkcə ötən il 16232 şəxs özünüməşğulluq proqramına cəlb olunub. Bu da proqramın icrasına başlandığı 2017-ci illə müqayisədə 14 dəfə çoxdur. Ümumilikdə son dörd ildə 48 min ailə özünüməşğulluq proqramına cəlb edilib. Beləliklə, həmin ailələr öz kiçik ailə təsərrüfatını yaradaraq rifah hallarını yaxşılaşdırıblar.

Cari ildə əhalinin özünüməşğulluq proqramına cəlb edilməsi prosesi davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-aprel aylarında 24 674 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 13 736 nəfəri münasib işlərlə təmin edilib, 4325 nəfər kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

Həmçinin agentlik tərəfindən 1023 işsiz şəxs peşə hazırlığına yönəldilib. Həmin şəxslərə işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif sahələr üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlərə başlanılıb. Həmin dövrdə 5590 şəxs isə peşəyönümü məsləhət tədbirlərinə cəlb edilib.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzinə bu il əlilliyi olan 200-ə yaxın şəxs qəbul olunub. Ümumilikdə isə ötən ildən qəbul olunan şəxslər də daxil olmaqla cari ildə burada 250-dən çox şəxsə xidmətlər göstərilib.

Müasir tələblərə uyğun şəraitin olduğu mərkəzdə 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada onlar üçün kompüter istifadəçisi, montaj-operator, tikişçi, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, kişi bərbəri, qadın bərbəri, aşbaz köməkçisi və rəssamlıq üzrə 3-6 aylıq kurslar təşkil olunur. Kursları uğurla bitirənlərə peşə şəhadətnamələri təqdim olunur və onların gələcək məşğulluğuna dəstək göstərilir. Hazırda Peşə-Əmək Reabilitasiyası Mərkəzində 191 gəncə peşə hazırlığı və peşə reabilitasiya xidmətləri göstərilməsi davam edir.

Qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində görülən müvafiq tədbirlər də öz bəhrəsini verir. Belə ki, 2018-2022-ci illərdə çalışanlarla bağlanan əmək müqavilələrinin sayında 30 faizya 400 minə yaxın artım qeydə alınıb. İşləyənlərin fəaliyyətinin əmək müqavilələri ilə leqallaşması isə onların gələcəkdə yaxşı pensiya almaqlarında başlıca şərtdir. Digər tərəfdən,  bu, işləyənlərin hüquqlarının qorunması deməkdir.

 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2022.- 24 may.- S.10.