Meymunçiçəyi qlobal təşvişə səbəb olub
ÜST yay
mövsümündə xəstəliyin yayılma təhlükəsi
barədə xəbərdarlıq edib
Bu il ilk dəfə
mayın 7-də İngiltərədə aşkarlanan
Qərbi və Mərkəzi Afrika mənşəli
meymunçiçəyi virusu hər
ötən gün yayılma sayını
və arealını artıraraq dünyada
böyük təşvişə səbəb
olub. Koronavirus
pandemiyasının hələ bitmədiyi bir
vaxtda bu virus səbəbilə yeni
pandemiyanın başlayacağı ehtimalı hər kəsdə
panika yaradıb. ABŞ, Kanada
və Avropa ölkələri başda olmaqla hələlik
14 ölkədə aşkarlanan
meymunçiçəyi xəstəliyi ilə bağlı həyəcanlı
açıqlamalar bir-birinin ardınca gəlir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib ki, qarşıdan gələn yay mövsümündə meymunçiçəyi xəstəliyinin yayılma təhlükəsi var. Eyni zamanda ÜST-ün Avropa ofisi yay aylarında keçirilən festivalların və digər kütləvi tədbirlərin meymunçiçəyi virusunun yayılmasını artıracağından ehtiyat etdiyini ifadə edib.
Təcrid
qərarı verən ilk ölkə Belçika oldu
Belçika
sözügedən virusa yoluxmuş şəxsləri təcrid
edən ilk ölkədir. Bu ölkədə
yoluxmuş şəxslərin təcrid
müddəti xəstəliyin gedişatından asılı olaraq 5 gündən 21 günədək davam edir. Yoluxmuş
şəxslər onlarda xəstəliyin bütün əlamətləri aradan qalxdıqdan sonra evə
buraxılır. Xatırladaq ki, ötən
həftə Belçikanın Antverpen
şəhərində keçirilən "Darklands"
adlı festivalın iştirakçılarından 3-ündə
meymunçiçəyi aşkar edilib.
Britaniyanın Sanitar Təhlükəsizlik Agentliyinin nümayəndəsi Syuzan Hopkins yerli mediaya müsahibəsində bildirib ki, Birləşmiş Krallıqda hər gün meymunçiçəyinə yeni yoluxma aşkar edilir. O, xəstəliyin Afrikadan gələnlərlə təmasda olanlar arasında yayılması iddiasını təkzib edib.
Hələlik virusa ən son yoluxma halları İsveçrə və İsraildə qeydə alınıb. Lakin bununla bağlı statistika və rast gəlinən ölkələr artan rəqəmlərlə dəyişir.
Virusa
ilk dəfə Konqoda rast gəlinib
İlk dəfə
1958-ci ildə meymunlarda
aşkar edilən virus
insanlar arasında
1970-ci ildə Konqo Demokratik Respublikasında qeydə alınıb. Qısa müddətdə
11 Afrika ölkəsinə
yayılan virus bundan sonra 2003-cü ildə Afrikadan kənarda -
ABŞ-da yayılıb.
2018-ci ildə Böyük Britaniya və İsrail, 2019-cu ildə Sinqapur və 2021-ci ildə
ABŞ-da Afrikaya səyahət edən bəzi insanlarda meymunçiçəyi virusuna
rast gəlinib.
Afrikada təsirli
olan virus 2017-ci ildə
Nigeriyada böyük epidemiyaya səbəb olub, ölkədə 200 adama yoluxub və
onlardan 3 faizi virus səbəbindən ölüb.
Azərbaycanda vəziyyət necədir
Bəs dünyanın
dörd bir yanında təşvişə
səbəb olan meymunçiçəyi xəstəliyinin
Azərbaycanda yayılma
təhlükəsi varmı?
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti,
infeksionist Ləman Qalimova bildirir ki, hazırda ölkəmizdə bu virusa rast gəlinməyib. Olmaması üçün
də bütün tədbirlər həyata keçirilir.
İnfeksionist deyir ki, Avropa
ölkələrində meymunçiçəyi
virusuna yoluxma hallarına rast gəlinməsi vətəndaşlarımızı
da təşvişə
salır. Meymunçiçəyi xəstəliyi bir
virusdur və suçiçəyi xəstəliyinə
çox bənzəyir.
Bu xəstəliyə adətən Qərbi Avropa ölkələrində
meşəətrafı yaşayış
məntəqələrində daha çox rast gəlinir. İki ştamı mövcuddur - Qərbi Afrika və Mərkəzi Afrika.
Vətəndaşlar bu kimi hallarla rastlaşsalar,
mütləq həkimə
müraciət etməlidirlər
Virusun simptomlarının qızdırma, başağrısı, şişkinlik, belağrısı, zəiflik, əzələdə ağrılar kimi özünü büruzə verdiyini söyləyən L.Qalimova qızdırma azaldıqdan sonra səpkilərin yarandığını bildirir. Səpkilər öncə üz nahiyəsindən başlayır. Daha sonra bədənin digər nahiyələrində, əksər hallarda isə ovuc və ayaqlarda rast gəlinir. Çox qaşıntılı olur və sonradan səpkilər yaraya çevrilir. Bu yaralar iz buraxa bilər. Ona görə də yaraların qaşınmaması və qoparılmaması tövsiyə olunur: "Xəstəlik adətən yaxın təmasla yayılır. Tənəffüs yolu, selikli qişa və cinsi əlaqə yolu ilə ötürülür. Həmçinin xəstəliyə tutulan meymun, siçovul və dələdən yoluxmaq mümkündür. Adətən bu xəstəlik yüngül formada keçir. Suçiçəyinə çox bənzəyir. Bəzən 2-3 həftə ərzində özü-özünə sağala bilir. Virusun aşkarlandığı ölkələrdə ölüm halı çox az qeydə alınıb.
Vətəndaşlar əgər yuxarıda sadalanan hallarla rastlaşsalar, mütləq həkimə müraciət etsinlər".
COVID-dən xeyli fərqlidir
Mütəxəssislər hesab edirlər ki, meymunçiçəyi virusunun yoluxduruculuğu çox zəif olduğu üçün böyük narahatlığa ehtiyac yoxdur. Britaniyadakı Nottingham Universitetinin araşdırmasına görə, meymunçiçəyinə yoluxmuş ilk pasiyentin 50-dək təmaslarından yalnız birinin yoluxması infeksiyanın nə qədər zəif olduğunu göstərir. Buna görə də ümummilli epidemiyanın astanasında olduğumuzu düşünmək yanlışdır.
Türkiyəli yoluxucu xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi professor Alpay Azap məlumat verib ki, COVID-dən fərqli olaraq, bu virus asimptomatik olduqda yoluxucu olmur və bu da yayılmanı azaldır. Xəstəliyin simptomları çox xarakterik olduğu üçün diaqnoz qoymaq daha asandır. Yəni konkret insanları təcrid etdikdə cəmiyyətdə sürətlə və nəzərə çarpmayan yayılmanın qarşısını almaq şansı var.
Mütəxəssis onu da bildirib ki, meymunçiçəyi DNT virusudur, COVID-19 kimi, RNT virusu deyil. DNT virusları öz-özünə təmir mexanizminə malik olduğundan, COVID-də olduğu kimi, yeni variantların və peyvənddən yayınmaq üçün yeni variantların ortaya çıxması gözlənilmir. Ona görə meymunçiçəyinin COVID qədər təhlükəli olması mümkün deyil.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2022.- 24 may.- S.11.