ABŞ arxeoloqları
Naxçıvan ərazisindəki
abidələrin öyrənilməsində
iştirak edəcəklər
ABŞ arxeoloqları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar.
Bu barədə AZƏRTAC-a muzeydən bildirilib. Müəssisənin baş direktoru akademik Nailə Vəlixanlı ilə görüşdə qonaqlara muzeyin tarixi, arxeoloji kolleksiyası və irsinin qorunması, tədqiqi və təbliğindəki rolu haqqında məlumat verilib.
ABŞ arxeoloqlar qrupunun rəhbəri Loren Ristfet Azərbaycana, eləcə də muzeyə gəlişlərinin səbəbini açıqlayıb. O, rəhbəri olduğu heyətin yerli arxeoloqlarla birgə beynəlxalq ekspedisiyanın tərkibində Naxçıvan ərazisindəki Son Tunc-Erkən Dəmir dövrü abidələrinin öyrənilməsində yaxından iştirak edəcəyini bildirib.
Həmçinin görüş zamanı qeyd olunan beynəlxalq ekspedisiya nəticəsində vaxtilə tapılan bəzi maddi nümunələrin hazırda muzeyin arxeoloji kolleksiyasında qorunduğu vurğulanıb.
Görüşdən sonra xarici arxeoloqlar muzeydə təşkil olunan “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” sərgisi ilə tanış olublar.
Azərbaycan.- 2022.- 25 may. S. 6.