Ermənilər Zəngəzur dəhlizini
xilas yolu olaraq görürlər
Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması məsələsi ilə bağlı tərəflərin razılığa gəldiyini bildirməsi Ermənistanda ciddi müzakirə mövzusuna çevrilib. Bununla yanaşı, iqtidarla müxalifət bir-birini yenidən ittiham etməyə başlayıb. Müxalifət iddia edir ki, iqtidar Zəngəzuru hissə-hissə Azərbaycana təhvil verəcək. Rəsmi İrəvan isə anlamağa başlayıb ki, Zəngəzur dəhlizi onun iqtisadi inkişafına yol aça bilər.
Keçmiş hərbi xuntanın etirazlarına baxmayaraq, Brüsseldəki sonuncu görüşdə əldə olunan razılıqlar Ermənistan xalqı tərəfindən müsbət qarşılanıb. Erməni mediasının, siyasi ekspertlərin şərhləri və mövqelərindən görünür ki, onlar ölkələrinin xilas formulunu Azərbaycanla münasibətləri normallaşdırmaqda, sülh müqaviləsinin imzalanmasında görürlər.
"4rd.am" saytı yazır ki, Brüssel görüşündə aparılan danışıqlar fonunda bir daha nümayiş olundu ki, kommunikasiyaların bərpası Ermənistan üçün böyük şansdır: "Daha dəqiq desək, bu səfər İlham Əliyevin yeni qələbəsi, erməni xalqının dirçəliş günüdür. Zəngəzur dəhlizinin açılması Ermənistana qarşıdakı illərdə böyük iqtisadi dividendlər qazandıracaq. Son 10 ilə nəzər yetirdikdə Azərbaycanın mövqelərinin daha güclü hala gəldiyi halda Ermənistanda əks vəziyyətin yarandığı müşahidə olunur. Aydındır ki, bu, Sarkisyan-Koçaryan koalisiyasının xarici siyasətinin iflasıdır. Hər halda Brüsseldəki razılaşmalar Ermənistanın xilası olacaq".
Erməni siyasi ekspert Vazgen Vahenyan qeyd edir ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın sanki dünyaya yenidən gəlməsi olacaq. Onun fikrincə, sülh müqaviləsi imzalanmasa, Ermənistanın regional proseslərdən izolyasiya edilməsi daha kəskin xarakter alacaq. Vahenyan diqqəti buna yönəldir ki, bütün bu proseslər Ermənistanın sosial-iqtisadi cəhətdən daha böyük problemlər yaşaması fonunda baş verir: "Ermənistan qlobal kommunikasiya layihələrindən kənarda qalmaqla son 30 ildə özünə qəsd edib. Ölkəmiz coğrafi baxımdan qlobal kommunikasiyaların tərkib hissəsi ola bildiyi halda bu şansı itirmişdi. Zəngəzur dəhlizinin açılmasından sonra Ermənistan da qazanan tərəf olacaq".
"İnstaqram" sosial şəbəkəsində çoxlu sayda izləyicisi olan səhifələr "Brüsseldə növbəti görüş" xəbərini paylaşaraq "Zəngəzur dəhlizinin açılması Ermənistan üçün nələr vəd edir" sualını oxucularına ünvanlayıblar. Bir çox izləyici bu paylaşmanın altında rəylər yazaraq müstəqil şəkildə fikirlərini ifadə ediblər. Onların sırasında müəllim, həkim, iqtisadçı, mühəndis, biznesmen, idmançı, incəsənət xadimi və digərlərinə rast gəlmək mümkündür. İxtisasca iqtisadçı olan Armen Baxşiyan adlı biri yazır: "Acı həqiqət olsa da, demək lazımdır. Azərbaycan iqtisadi cəhətdən Ermənistandan çox öndədir. İnvestorlar Ermənistandan qaçdığı halda Azərbaycana pul qoymaq üçün axın edirlər. Bu, Azərbaycanı daha da gücləndirir və belə vəziyyət Zəngəzur dəhlizinin açılması ilə Ermənistan iqtisadiyyatına mütləq şəkildə öz müsbət təsirini göstərəcək".
Bununla yanaşı, İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə müxalifətin etiraz aksiyaları davam edir. Etirazlara əsas kimi hakimiyyətin yürütdüyü uğursuz xarici və daxili siyasət göstərilir. Qeyd edilir ki, baş nazirin xarici siyasəti ölkəni uçuruma sürükləyir, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyur. Onlar aksiyalarında təxribatçı çağırışlar da səsləndirərək Azərbaycan ərazisində mövcud olmuş keçmiş separatçı rejimə də dəstəklərini ifadə edirlər.
Dünən təşkil edilən etiraz aksiyalarında polisin müdaxiləsi nəticəsində 80-dək insan yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Hazırda baş verənlərdən belə məlum olur ki, yaxın tezlikdə Ermənistanda vəziyyət daha acınacaqlı xarakter alacaq. Müxalifət dünən səhər saatlarından başlayaraq Xarici İşlər Nazirliyinin binasını blokadaya alıb. İşçiləri binaya buraxmayan müxalifətçilərlə polis əməkdaşları arasında qarşıdurma yaranıb. Hadisə yerinə çoxlu sayda "qırmızı beretlilər" cəlb edilib. Onlar etirazçıları nazirliyin binasından uzaqlaşdırmağa cəhd etsələr də, müxalifətçilər polisin əmrlərinə tabe olmaq istəməyiblər.
İrəvandakı qarşıdurmalar fonunda müxalifət siyasi təzyiqlərə məruz qaldığını bəyan edib. Bildirilir ki, vətəndaş itaətsizliyi aksiyalarının təşkilatçıları sosial şəbəkələrdə paylaşım edərək tərəfdaşlarının nəzarətə götüruldüyünü, müxalifətçilərin mənzillərində axtarışların aparıldığını bəyan ediblər. Xüsusilə də parlamentin vitse-spikeri İşxan Saqatelyanın yaydığı məlumat diqqət çəkib. O, sosial şəbəkələrdə yazıb ki, polis hazırda Tavuş, Kotayk və Qeqarkunik vilayətlərində "Daşnaksütyun" partiyasının üzvlərinin evlərində axtarış aparır. Onun sözlərinə görə, bu əmri verənlər və onu icra edənlər məsuliyyətə cəlb olunmalıdırlar.
Bölgələrdə aparılan axtarışlar barədə digər müxalifət qüvvələrinin, xüsusən də Ermənistanın Respublika Partiyasının və Vətən Partiyasının nümayəndələri də məlumat yayıblar. Bütün hallarda proseslərin gedişi Ermənistanı qarşıdakı dövrdə daha çətin günlərin və qarşıdurmaların gözlədiyini göstərir.
Elçin
CƏFƏROV
Azərbaycan.- 2022.- 25 may. S. 8.