Paris
Bakının yanında şəhər deyilmiş
Bəzən yorulursan və ruhunun dincəlməsi üçün fərqli bir dünyaya ehtiyacın olur. Fərq eləmir ki, uşaqsan, ya böyük, gəncsən, ya qoca. Sadəcə, həyatın vərdiş etdiyin yeknəsəq axarından qopub ayrılaraq başqa, ecazkar aləmə qovuşmağa can atırsan. Sizə bəlkə də qəribə gələcək, düşünəcəksiniz ki, belə məkanlara ya nağıllarda, ya da rəngli yuxularda səyahət etmək mümkündür.
Amma tələsməyin, dediklərim əfsanə kimi gəlsə də, reallıqlarla bağlıdır. Artıq dördüncü ildir ki, "Sahil" metrosunun yaxınlığında nağıl dünyasının rəmzi sayıla biləcək Bakı Kitab Mərkəzi fəaliyyət göstərir. Üzeyir bəy Hacıbəyli və Qoqol küçələrinin kəsişməsindəki binada yerləşən bu mərkəzin sahəsi təxminən 2500 kvadratmetrdir.
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaradılmış bu mərkəzdə kitab satışına tamamilə fərqli bir konsepsiya ilə yanaşılmışdır. Bakı Kitab Mərkəzində Azərbaycan, rus, türk, ingilis, fransız, alman, ərəb və digər dillərdə istənilən janrlarda kitablar təqdim olunur. Burada gəzdikcə həqiqətən də bu vaxta qədər görmədiyin nağıla bənzəyən kitab aləminə qovuşduğunu hiss edirsən. Sanki sevdiyin əsərlərin qəhrəmanları da uzaq keçmişdə yox, sənin yanında, bircə addımlığındadırlar.
Kitab Mərkəzinin 1-ci və 2-ci mərtəbələrində Heydər Əliyev Fondunun nəşrləri öz yerini tapmışdır. Burada ziyarətçilərə, həmçinin "I love Baku" brendinin rəngarəng suvenirləri və "Azərmarka" şirkətinin məhsulları təqdim olunur. Həm də ürəyin istəyən, ruhunla uzlaşan əsərləri alıb oxuya bilərsən. Mərkəz elə düşünülüb, ele dizayn edilib ki, uşaqlar da, gənclər də, hətta yaşlı adamlar belə burada öz dünyalarına uygun əfsanəvi mühit qura bilirlər. Ürəyin istəyirsə, uzaq keçmişi xatırladan nalçaları altına at, nəvələrini də yığ başına, birlikdə kitab oxuyun. Ya da çıx pəncərəyə, altına döşəkçə at, kürəyini balışa söykə və oxuduğun kitabdakı qəhrəmanlarla səyahətə çıx.
Birinci mərtəbədə
səni dadlı kofe, ikinci
mərtəbədəki oxu zalında isə
nadir kitablar gözləyir.
Burada hər kəsin yaşına uyğun oxu zalları qurulub və hətta zəif görmə
qabiliyyəti olanların da, alimlərin də
fərqli guşələri mövcuddur.
O da sirr deyil ki, Azərbaycan oxucuların azlığına görə seçilən ölkələrdəndir, yəni bizdə kitab oxuyan, mütaliə edən azdır. Bakı Kitab Mərkəzinin əsas məqsədi mütaliəyə marağı artırmaq, yeni bir dünyanın qapılarını ziyarətçilərin üzünə açmaqdır.
Burada görüşüb söhbət etdiyimiz adamlardan biri - Müslüm kişi danışır ki, 3 yaşından 9 yaşınadək 5 nəvəsi var: "Bura hamımızın sevdiyi yerdir. Gəlirik, kitabları seçirik, oxumağı bilənlər bilməyənlər üçün oxuyur". Onun balaca nəvəsindən soruşuram ki, burada xoşuna gələn nədir? Bir əlini yerə, o birisini göyə sarı uzadıb heyrətini gizlətmir: "Yerdən göyə kimi hər yan kitabdır!"
Ellada xanım deyir ki, burada saatlarla oturub sevdiyi əsərləri oxuyur, Bakı Kitab Mərkəzi gözəl düşünülmüş uğurlu layihədir.
Neçə vaxtdır ki, nəvəmlə "Balaca şahzədə"ni oxuyub qurtara bilmirik. Mən oxumağa başlayan kimi hay-küy salır ki, dayan, düz oxumursan və dalını özü qoşur. İndi fikirləşirəm ki, birlikdə gəlsək, burada sakit duracaq, ona görə ki, heç bir uşağın burada səsi belə çıxmır. Fransaya sətirlərin qanadında səfərimiz baş tutacaq.
Bakı Kitab Mərkəzini tərk edəndə soruşuram ki, iş vaxtı saat neçədə bitir? Cavab verdilər ki, axşam saat 10-na kimi. Gülümsəyirəm, bir əhvalat yadıma düşür.
Tələbəlik illərində kursumuzun rəhbəri İvan İvanoviç Safonov Fransaya getmişdi. O vaxtı kapitalist dünyasına səyahət edən az olurdu. O qayıdandan sonra doluşduq otağına ki, İvan İvanoviç, Paris sizi heyran qoydumu? Çünki Lomonosov Universitetində Parisin necə şəhər olduğunu hamımız yaxşı bilirdik.
Amma Safonov bizi sakit, fikirli və bir qədər də ciddi qarşıladı:
- Uşaqlar, mən deyim, siz də heç zaman unutmayın, Paris ümumiyyətlə, şəhər deyilmiş!!!
Təəccübləndik və heyrətlə soruşduq ki, niyə, İvan İvanoviç?
Safonov qanıqara cavab verdi: "Təsəvvür edirsinizmi Fransanın paytaxtında kitabxanalar saat 6-ya kimi işləyir! O şəhərdə ki, saat 6-da kitabxanalar bağlanır, ora şəhər deyil!
İndi
bizim kursun rəhbərinin təbirincə desək,
kitabxanaları saat 6-da bağlanan Paris doğrudan da
kitabxanası axşam saat 10-a kimi işləyən
Bakının yanında şəhər deyil.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-2022.- 27 may.- S.11.