Görkəmli alim, fəxri neftçi

 

 

Həmkarı onun həyat yoluna özünün yeni kitabı ilə işıq salıb

 

 

XX əsrin ortalarından başlayaraq Azərbaycan bilavasitə dənizdən neft çıxarır. Həmin vaxtdan bəri Xəzərin  qoynunda kəşf olunan yataqların sayı getdikcə çoxalıb və indi hasil edilən karbohidrogenlərin əksər hissəsi dənizin payına düşür.

Məlumdur ki, dənizdən neft və qazçıxarmanı həyata keçirmək üçün estakadameydançalar, bünövrə və dayaqlar, digər qurğular polad konstruksiyalardan hazırlanır. Bunlar isə zaman-zaman korroziyaya uğrayır. Odur ki, dəmir qurğuların korroziya ilə mübarizəsinə xidmət edən elmi əsərlər böyük əhəmiyyət daşıyır.

Azərbaycanın görkəmli kimyaçı alimi, texnika elmləri doktoru, professor  Anaxanım Xanlarova (1915-2007) özünün 60 ildən çox davam edən dərin elmi axtarışlarını, əsasən, bu sahəyə həsr etmişdir. Təsadüfi deyil ki, o, fəxri neftçi idi, keçmiş SSRİ qaz sənayesinin fəxri işçisi adına layiq görülmüşdü.

Anaxanım Xanlarova elmin zirvəsinə çatan yolu zəhmətlə keçmişdi. O, yorulmaz elmi fəaliyyəti nəticəsində çoxsaylı ixtiralara, texniki yeniliklərə, səmərələşdirici təkliflərə imza atmışdır.

Bakı şəhərində anadan olan Anaxanım orta məktəbi bitirdikdən sonra sənaye texnikumunda təhsil almış, daha sonra Azərbaycan Dövlət Universitetinin (indi BDU) Kimya fakültəsini bitirmişdir. O, uzun illər AMEA sistemində, eləcə də "Dənizneftqazlayihə" Elmi-Tədqiqat və Layihə İnstitutunda müxtəlif vəzifələrdə çalışaraq elmi axtarışlarından bir gün belə ayrılmamışdır.

"Anaxanım Xanlarova. Həyat və yaradıcılığı" kitabı, adından da göründüyü kimi, görkəmli alimin mənalı ömür yoluna işıq salır. Kitabın müəllifi Anaxanım Xanlarovanın həmkarı, kimya üzrə fəlsəfə doktoru Rəsul Rəxşanlıdır (Əhmədov). Kitabda bir daha vurğulanır ki, istedadlı kimyaçı-alim A.Xanlarova böyük nailiyyətlər qazanmağa müvəffəq olmuşdur. O, "korrozionist" kimi tanınmış və sahənin mütəxəssisləri arasında böyük nüfuz qazanmışdır. Alimin metalların korroziyası və korroziyadan mühafizəsi sahəsindəki elmi nailiyyətləri yüksək dəyərləndirilmişdir. Belə ki, yenilikçi-alim neft-mədən qurğularının korroziyadan mühafizəsinin yeni üsullarını yaratmaqlabu üsulların tətbiqinə nail olmaqla onların təmirlərarası müddətini iki dəfədən artıq azaltmağın yollarını tapmışdır. Bu, sanballı elmi tapıntı olmaqla yanaşı, həm də böyük iqtisadi səmərə deməkdir.

Professor Xanlarovanın rəhbərliyi və bilavasitə iştirakı ilə təkcə hidrotexniki dəniz qurğularının qorunması sahəsində işlənib hazırlanmış yeniliklərin 1964-1994-cü illərdə SSRİ miqyasındakı tətbiqindən əldə edilmiş iqtisadi səmərinin 200 milyard rubl olduğu  müəyyənləşdirilmişdir. Sovet dönəmində rublun dəyərinin ABŞ dollarına nisbətən üstünlük təşkil etdiyi nəzərə alınarsa, həmin iqtisadi səmərənin əhəmiyyəti daha aydın görünər.

Görkəmli şəxsiyyətlərimizin, o cümlədən alimlərimizin həyat və yaradıcılığını öyrənməli və dəyərləndirməliyik. Çünki onların keçdiyi yol xalqımızın tarixindən ayrılmazdır. Bu baxımdan  R.Rəxşanlının alimə həsr etdiyi kitab da xüsusi önəm daşıyır.

 

 

Flora SADIQLI,

Azərbaycan.-2022.- 27 may.- S.11.