Bakıda “Qoşulmama Hərəkatının təkamülündə Afrika irsimövzusunda konfrans keçirilib

 

 

Mayın 26-da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə “Qoşulmama Hərəkatının təkamülündə Afrika irsimövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Afrika Gününə həsr olunmuş konfransın əsas məqsədi Qoşulmama Hərəkatı (QH) tarixində Afrika irsinin rolu və Hərəkatın hazırkı beynəlxalq münasibətlər konyukturasında Afrika qitəsindən olan ölkələrin maraqlarını daha yaxşı təbliğ etməsinə dair müzakirələrin aparılması olub.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev və Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarşın açılış nitqi ilə çıxış etdikləri konfransda Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, akademik dairələrin təmsilçiləri, tədqiqatçılar, Afrika İttifaqı ölkələrindən, həmçinin QH-yə üzv ölkələrdən olan tələbələr və çoxsaylı media nümayəndələri iştirak ediblər.

Nazir Ceyhun Bayramov Azərbaycanın Afrika ölkələri ilə artan xətt üzrə inkişaf edən əməkdaşlıq əlaqələrinin yeni müstəviləri əhatə etdiyini bildirib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Azərbaycan və Afrika qitəsi ölkələri arasında mövcud münasibətlərin yeni mərhələyə qədəm qoymasını məmnunluqla qeyd edən nazir Ceyhun Bayramov Hərəkatın hazırkı sədri qismində ölkəmizin Afrika qitəsini fəaliyyət dövründə diqqət mərkəzində saxlanılması üçün prioritet regionlardan biri kimi müəyyən etdiyini diqqətə çatdırıb. Afrikanın böyük potensiala malik olan bir qitə kimi əhəmiyyətinə diqqət çəkən nazir bu konfransın qlobal sülhün və inkişafın təmin edilməsində Afrika qitəsinin tarixi, bu günü və gələcək rolu haqqında məhsuldar müzakirələr aparmaq üçün yaxşı fürsət olduğunu bildirib.

Qeyd edək ki, mayın 25-də ə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Afrika Günü münasibətilə Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamata və hazırda Afrika İttifaqına sədrlik edən ölkə qismində Seneqal Respublikasının xarici işlər naziri Aissata Tol Sola məktublar ünvanlayıb.

Məktublarda nazir Ceyhun Bayramov qarşı tərəfə Afrika Günü münasibətilə səmimi təbriklərini çatdırıb. Nazir Ceyhun Bayramov ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın Afrika ilə münasibətlərinin daha da inkişaf etməsinin qürurverici olduğunu ifadə edib. Nazir Azərbaycanın QH-yə sədrliyi dövründə pandemiyanın inkişaf etməkdə olan ölkələrə, xüsusilə Afrika ölkələrinə təsirini minimuma endirmək istiqamətində qlobal təşəbbüsləri geniş şəkildə təşviq etdiyini vurğulayıb. Həmçinin Azərbaycanın istər QH sədrliyi dövründə, istərsə də ondan sonra Afrika ölkələri də daxil olmaqla, Hərəkatın bütün üzvləri ilə çoxtərəfliliyin təşviqi, eləcə də təşkilata üzv ölkələr arasında əməkdaşlığın, dostluğun və həmrəyliyin gücləndirilməsi uğrunda səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

 

Azərbaycan.-2022.- 27 may.- S.7.