Qarabağa və Şərqi Zəngəzura işıq gəlir

 

 

Regionda ən müasir elektrik enerjisi qurğuları istifadəyə verilir

 

 

 

İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr sırasında elektrik enerjisi obyektlərinin tikintisinin özünəməxsus yeri var. Bu da təsadüfi deyil.

Çünki düşmən tərəfindən dağıdılmış kənd və şəhərlərdə həyatın yenidən canlanması üçün ən vacib şərtlərdən biri məhz işığın olmasıdır. Qarabağda və Şərqi Zəngəzurda qısa müddət ərzində "Azərenerji" və "Azərişıq" tərəfindən işə salınmış elektrik enerjisi obyektləri bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq sözügedən bölgələrdə bu istiqamətdə işlər uğurla davam edir. İşğaldan azad edilmiş ərazilərin hər tərəfində olduğu kimi, Zəngilan rayonunda da genişmiqyaslı işlər aparılır.

"Azərişıq" ASC-nin məlumatına görə, hazırda rayonun Ağalı kəndində həyata keçirilən "ağıllı kənd" layihəsi çərçivəsində elektrik enerjisi ilə təminat üçün 35 kV-luq müasir hava verilişi xətti çəkilir. Digər böyük layihə isə Zəngilanda tikintisi davam edən beynəlxalq hava limanının elektrik enerjisi ilə təchiz olunmasıdır. Hava limanına ikidövrəli, 35 kV-luq, tam izolyasiyalı elektrik xətti çəkilir.

Qeyd edək ki, yeni tip izolyasiya olunmuş 35 kV-luq xətlərin mühafizə zonası (3-6 metr) mövcud xətlərlə (30-40 metr) müqayisədə 6-10 dəfəyə qədər azdır. 35 kV-luq mövcud naqillərdə texniki itkilər 9-12 faiz olduğu halda müasir tipli izolyasiya olunmuş kabellərdə 3,5-4 faiz təşkil edir. Şəbəkələrin saxlanma xərcləri 100 faizdən 30 faizə, illik mal-material sərfi 100 faizdən 25 faizə endirilir, xidmət müddəti 2 dəfə azalır.

İzolyasiya olunmuş kabellərdə eləcə də qəza açılmalarının sayı aşağı düşür və müddəti mövcud naqil xətləri ilə müqayisədə 60 faizədək qısalır. Planlı açılmalar (şəbəkələrə xidmət, təmir, profilaktik baxış və s.) müddəti mövcud xətlərə nisbətən 75 faiz azdır. Yüksək gərginlik xətlərinin bilavasitə altında və yaxınlığında yerləşən yaşayış və əkin sahələrinin, sakinlərin həyat və fəaliyyət təhlükəsizliyi dəfələrlə artır, təbiət hadisələrinin elektrik verilişi xətlərinə təsiri aradan qaldırılır.

Yeni xətlərin istifadəsi ümumilikdə ölkənin enerji sisteminin dayanıqlıq, etibarlıq və səmərəlilik göstəricilərini beynəlxalq standartlara yaxınlaşdırmağa imkan verir. Bu növ kabel xətlərinin istənilən mühitdə - yeraltı, sualtı və hava ilə çəkilişi mümkünlüyü işğaldan azad edilmiş ərazilərdə qurulan 35/0,4 kV-luq innovativ paylayıcı şəbəkələrin istismarını asanlaşdıracaq, eyni zamanda onların dayanıqlı işini tam təmin edəcək.

Xatırladaq ki, Qarabağda və Şərqi Zəngəzurda qısa müddət ərzində "Azərenerji" və "Azərişıq" tərəfindən işə salınmış stansiya və yarımstansiyalar ölkənın energetika sisteminin gücünü xeyli artırıb. Həm də bunlar ən müasir enerji qurğularıdır. Məsələn, Cəbrayıl rayonunda istifadəyə verilən 110/35/10 kilovoltluq "Cəbrayıl" yarımstansiyası ən yeni avadanlıqlarla komplektləşdirilib, burada müasir rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri quraşdırılıb. Yarımstansiyanın rejiminə real zamanda nəzarət olunması və göstəricilərin "Azərenerji"nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub.

Elektroenergetika infrastrukturu tamamilə dağıdılmış Zəngilan rayonuna Füzulidəki "Şükürbəyli" yarımstansiyasından ümumi uzunluğu 110 kilometr olan ikidövrəli 110 kV-luq elektrik verilişi xətti çəkilib. Hava xəttinin ildırımdan mühafizəsi və yarımstansiyalararası siqnalların ötürülməsi üçün zəruri işlər görülüb. Yarımstansiya binası müasir avadanlıqla təchiz olunub.

 

110/35/10 kV-luq "Qubadlı" yarımstansiyasının tikintisi ilə yanaşı, rayonun Azərbaycanın mumi enerji sisteminə qoşulması üçün tələb olunan infrastruktur da yaradılıb. Yeni çəkilən xətt boyunca ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi, internet üçün fiberoptik kabel çəkilib və bununla da Qubadlıya təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürücülük qabiliyyətinə malik sürətli internet xətti gətirilib. İldırımötürücü xəttin içərisində keyfiyyətli internet şəbəkəsi, o cümlədən SCADA dispetçer idarəetmə sistemi informasiyalarının, proqram təminatının, televiziya, telefon, rabitə, müşahidə kamera, canlı bağlantı, mərkəzləşdirilmiş arxiv şəbəkəsinin və başqa məlumatların sinxronlaşdırılması həyata keçirilib.

Ümumiyyətlə, indiyə qədər Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan və Qubadlıda tikilən yeni yarımstansiyalara çəkilən elektrik xətlərində ildırımdan mühafizə və yarımstansiyalararası siqnal mübadiləsi üçün fiberoptik kabellər quraşdırılıb. Beləliklə, işğaldan azad edilmiş ərazilərin 80 faizi Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, elektrik xətləri üzərindəki optik kabellər vasitəsilə yarımstansiya və rayonlardakı lazımi strukturlar internetlə təmin olunub. İşğaldan azad edilən rayonlardakı yarımstansiyalarda Dördüncü Sənaye İnqilabına uyğun olaraq intellektual enerjisistem şəbəkəsi konsepsiyası həyata keçirilib.

Yaxın keçmişdə xaricdən işıq idxal edən Azərbaycan indi həm özünün elektrik enerjisinə tələbatını ödəyir, həm də onu qonşu ölkələrə ixrac edir. Düşmənin 30 il xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzur da bu gün artıq işıqlığa çıxıb. Orada tikilən ən müasir enerji qurğuları ərazinin hər kəndini və şəhərini getdikcə daha çox nura qərq edəcək və Azərbaycanın işığı daha da artacaq.

 

 

 

Flora SADIQLI,

Azərbaycan.-2022.- 27 may.- S.9.