Patrisiya Lalond: Brüssel görüşü Ermənistan və Azərbaycanı sülhə aparacaq

 

 

Brüsseldə Avropa İttifaqının sədrliyi ilə keçirilmiş üçtərəfli görüşün nəticələri ilə bağlı atılan ilk addımlar yaxşı xəbərdir. Brüssel görüşü Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq üçün ümidverici prosesdir. İnanıram ki, bu proses uğurlu olacaq və hər iki ölkəni sülhə aparacaq.

Bu fikirləri Fransanın “Geopragmabeyin mərkəzinin vitse-prezidenti Patrisiya Lalond Brüssel görüşü ilə bağlı AZƏRTAC-a müsahibəsində söyləyib.

Prezident İlham Əliyevin bu istiqamətdə fəaliyyətini, uğurlarını qeyd edən Patrisiya Lalond bildirib ki, son günlər Ermənistandakı nümayişlərə, bir çox çətinliklərin olmasına, hətta istefasının tələb edilməsinə baxmayaraq, Nikol Paşinyanın bu istiqamətdə atdığı addımlar ölkəsini sülhə hazırlaması deməkdir.

Üçtərəfli görüşün səhəri günü hər iki ölkədə delimitasiyademarkasiya ilə bağlı komissiyaların yaradılması və onların ilk görüşünün keçirilməsi sevindiricidir. Həmçinin Brüssel görüşündə əldə olunan nəticələrdən biri Azərbaycanın Naxçıvanla quru yollarının bərpasıdır ki, bu da hər iki ölkə üçün əlverişli olacaq. Eyni zamanda, Ermənistanın beynəlxalq bazara çıxışını təmin edəcək. Deyərdim ki, bu nəqliyyat dəhlizinin açılması ən yaxşı nəticədir və iqtisadi inkişaf deməkdir.

Bugünkü qlobal mürəkkəb vəziyyətdə Azərbaycan ilə Ermənistan arasında yaxınlaşma xoş xəbərdir. Zənnimcə, bu gün Azərbaycan ilə Ermənistan arasında bu yaxınlaşma, hətta deyərdim ki, yaxınlaşmadan daha vacib olan hazırkı vəziyyət regionda sabitliyi təmin edəcək”, - deyə P. Lalond deyib.

 

Azərbaycan.-2022.- 27 may.- S.8.