Heydər Əliyev Mərkəzində “Nurlu sənət dünyası” vitrajlar sərgisi açılıb

 

Mayın 26-da Heydər Əliyev Mərkəzində Azərbaycanın Əməkdar rəssamı Ağasaleh NurininNurlu sənət dünyası” adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə müəllifin vitraj üslubunda əsərləri, rəsm əsərləri və eskizləri nümayiş olunur.

Açılışda Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov vitraj sənətinin özəlliyindən bəhs edib. Bildirib ki, qədimdən vitraj əsərləri öz gözəlliyi və incəliyi ilə insanları daim düşündürmüşheyran etmişdir. Əsrlər keçməsinə baxmayaraq dekorativ-tətbiqi sənətin bu unikal növü müasir dövrdə də maraq və diqqət mərkəzindədir.

Rəssamın yaradıcılığına toxunan Fərhad Xəlilov deyib: “Ağasaleh Nuri istedadlı bir insandır. O, bu sənətdə uzun illərdir ki, çalışır. Sərgini ərsəyə gətirmək üçün uzun illərin gərgin əməyi tələb olunur. Ağasaleh Nuribu sənətdə qocaman bir rəssamdır. Onun vitraj əsərləri çox incə formada işlənilib. Ancaq Ağasaleh Nurinin istedadı tək bununla bitmir. Sərgidə onun bir neçə rəsm əsərləri də nümayiş olunur. Rəsmlərə baxdıqca rəssamın şüşə kimi kövrək bir qəlbə sahib olduğunu görürük. Bu, onun xasiyyətini əks etdirən bir sərgidir”.

Rəssamın qızı Aliyə Əzimova sərginin qonaqlara mənəvi bir gözəllik bəxş edəcəyinə ümidvar olduğunu söyləyib. Atasının sənətə vurğun olduğunu deyən A.Əzimova bildirib ki, bu qədər çətin sənətlə məşğul olmaq üçün ona qarşı fədakarlıq göstərmək vacibdir: “Atamın əsərlərində Qərblə Şərqin əlaqəsi mövcuddur. Bir sərginin hazırlanması çətin prosesdir”.

Sərginin açılmasına görə Heydər Əliyev Mərkəzinə və zəhməti keçən bütün insanlara təşəkkür edən Ağasaleh Nuri deyib: “Yeni dövr hər zaman yeni ənənələr yaradır və buna görə də vitraj - inkişaf edən, yeniləşən və çətin tərif olunan fenomendir. Şüşə özünəməxsus sonsuz imkanları ilə uğurlu və səmərəli bir materialdır. Vitraj gələcəyin sənətidir, mən buna əminəm”.

Sonra qonaqlar sərgi ilə tanış olub.

Sərgi çərçivəsində həmçinin Ağasaleh Nurinin həyatını əks etdirən və rəssamın yaratdığı vitraj əsərlərindən ibarət “Nurlu sənət dünyası” adlı kitab da təqdim olunub.

Sərgidə Ağasaleh Nurinin vitraj əsərləri, kömür və yağlı boya ilə çəkdiyi rəsmlər, həmçinin, rəssamın ərsəyə gətirmədiyi əsərlərin eskizləri də nümayiş olunur.

Bakı Metropoliteninin “İnşaatçılar” stansiyası üçün layihələndirdiyi “Musiqiçilər” adlı diplom işi kimi uğurlu başlanğıcdan sonra Ağasaleh Nuri Azərbaycanın incəsənət həyatında fəal iştirak edərək bir sıra ictimai, dövlət və özəl binalar üçün vitraj əsərləri yaradıb. Onun əsərlərini Azərbaycan Rəssamlar İttifaqı, AMEA-nın Əlyazmalar İnstitutu, Səməd Vurğunun ev-muzeyi, Bibiheybət məscidi, Bakı şəhərindəki alman lüteran kilsəsi və digər görkəmli binalarda görmək olar.

Sərgi avqustun 28-dək davam edəcək.

 

Azərbaycan.- 2022.- 28 may.- S.13.