28 May Müstəqillik Günü qeyd olunmuşdur

 

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Milli Məclisin deputatı Pərvin Kərimzadə və digər şəxslər iştirak etmişlər.

Tədbirdən əvvəl qonaqlar  kollecdə yaradılan yeni laboratoriyalarla tanış olmuşlar. Kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev məlumat verərək diqqətə çatdırmışdır ki, kollecdə tələbələrin praktik məşğələlər keçməsi və əyani şəkildə biliklərə yiyələnmələri üçün  geniş imkanlar yaradılmışdır: "Artıq yeni laboratoriyalarda tibbi bacarıqlar praktik olaraq robot-maniken üzərində həyata keçirilir. Bununla yanaşı, TİKA tərəfindən yaradılan  "Əczakimya analitik laboratoriyası" tezliklə istifadəyə veriləcəkdir".

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edənlər bildirmişlər ki, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyi tamam olur. Cümhuriyyət qısa bir dövr yaşasa da, Azərbaycanın milli dövlətçilik tarixində silinməz izlər qoymuşdur. Qeyd olunmuşdur ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etmişdir. Bu gün Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun uğurla davam etdirilir. Ən böyük uğurumuz isə 30 ilə yaxın işğal altında olan ərazilərimiz 44 günlük Vətən müharibəsi nəticəsində ermənilərdən təmizlənmişdir.

Kollec tələbələrinin iştirakı ilə təqdim olunan musiqi nömrələrindən və göstərdikləri ədəbi-bədii  kompozisiyadan sonra dövlət müstəqilliyimizdən bəhs edən videoçarx və sənədli filmlər nümayiş etdirilmişdir.

 

S.ƏLİYEV

 

Azərbaycan.- 2022.- 28 may.- S.19.