Əlcəzair mətbuatında Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş məqalə dərc olunub

 

Əlcəzairin “Əl Şuruq”, “Əl Hivar” qəzetlərində və Afrika qitəsinin geniş oxucu kütləsinə malik olanAfrikEconomy” nəşrində ölkəmizin Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümü” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən ətraflı bəhs edilib. Müəllif diqqətə çatdırıb ki, müsəlman Şərqində ilk demokratik cümhuriyyət qısa müddətdə böyük islahatlar həyata keçirib, ilk parlament, nizami ordu yaradıb, Azərbaycan tarixinin şanlı səhifələrini yazıb.

Məqalədə qeyd olunub ki, xalqımızın azadlıq uğrunda mübarizəsi 70 ilə yaxın bir müddətdən sonra Azərbaycanın yenidən öz müstəqilliyini bərpa etməsi ilə nəticələnib, ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində dövlətçiliyimiz qorunub saxlanılıb və möhkəmlənib. Xalqımızın Ümummilli Liderinin qurduğu müasir Azərbaycan dövləti qısa zamanda beynəlxalq aləmdə böyük nüfuz qazanıb, onun iqtisadi qüdrəti artıb və regionun lider ölkəsinə çevrilib. Bu siyasi kursu davam etdirən Prezident İlham Əliyev Azərbaycanın daha güclü dövlətə çevrilməsini, nəhəng transmilli enerji, kommunikasiya layihələrinin həyata keçirilməsini təmin edib. Artıq ölkəmiz bir çox nüfuzlu beynəlxalq təşkilatlarda söz sahibi kimi çıxış edir, hazırda Qoşulmama Hərəkatına sədrlik edir. İslam Əməkdaşlıq Təşkilatının(İƏT) fəaliyyətinə də töhfələr verən Azərbaycan, eyni zamanda, ərəb və İslam dünyası, Afrika ölkələri, o cümlədən Əlcəzairlə sıx əməkdaşlıq edir.

Müəllif vurğulayıb ki, ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları Ordumuz tərəfindən azad edilib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Bu gün azadlığına qovuşmuş qədim Qarabağ diyarında quruculuq işləri aparılır, ermənilərin dağıtdığı və məhv etdiyi infrastruktur, həmçinin tarixi abidələr və məscidlər bərpa edilir.

 

Azərbaycan.- 2022.- 28 may.- S.20.