Azərbaycan Respublikasında 2022-ci ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, dəqiqləşdirilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 2/7

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) tələblərinə uyğun olaraq hər ilin əvvəlindən başlayaraq daimi seçici siyahıları müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib edildikdən sonra Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim edilməli, bununla əlaqədar müvafiq aparıldıqdan sonra həmin siyahılar may ayının 30-dan gec olmayaraq müvafiq məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunmalı və dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək ictimailəşdirilməlidir.

Cari ilin seçici siyahılarının tərtib edilməsi işi yuxarıda göstərilən qaydada aparılaraq yekunlaşmış və onların aşağı seçki komissiyaları tərəfindən təsdiq edilməsi və dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilməklə ictimailəşmə mərhələsi başlanmışdır.

Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən daimi seçici siyahıları tərtib edilərkən bir sıra seçki məntəqələri ərazisində seçici sayının Seçki Məcəlləsinin 35.3.1-ci maddəsi ilə müəyyən edilmiş saydan çox olması müəyyən edilmişdir. Ona görə də həmin məntəqələrin daxil olduğu seçki dairələrində Seçki Məcəlləsinin 35.1-ci və 35.2-ci maddələrinə uyğun olaraq əlavə seçki məntəqələrinin yaradılması zərurəti yaranmışdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Seçki Məcəlləsinin 19.14-cü, 28.2-ci, 28.4-cü, 35.1-ci, 35.2-ci, 35.3.1-ci, 45.2-ci, 46.1-ci və 46.12-ci maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikasında 2022-ci ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək siyahılar məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin.

2. Tərtib edilmiş seçici siyahılarının qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə təsdiq edilməsi işinin təşkili müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.

3. Seçici sayı Seçki Məcəlləsi ilə müəyyən edilmiş saydan çox olan seçki məntəqələri ərazisində təxirə salınmadan əlavə seçki məntəqələri yaradılması müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.

4. Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısı dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla təsdiq edildikdən sonra Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməklə ictimailəşdirilsin.

5. Qərarın icrası Mərkəzi Seçki Komissiyasının Katibliyinə və müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.

6. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

27.05.2022

 

Azərbaycan.- 2022.- 28 may.- S.21.