Azərbaycan və Türkiyə arasında aeronaviqasiya sahəsində saziş imzalanıb

 

"Azərbaycan Hava Yolları"nın Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan və Türkiyənin aeronaviqasiya təminatı provayderləri arasında kompleks aeronaviqasiya xidmətinin bütün aspektlərini əhatə edən mühüm saziş imzalanıb. Qeyd edilən sənəd 27 may tarixində "Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) və Türkiyənin Dövlət Hava Limanları Baş İdarəsi (DHMİ) arasında imzalanıb. Tərəflər sazişi imzalayan zaman iki təşkilatın aeronaviqasiya strategiyasının inkişafı sahəsində peşəkar qarşılıqlı əməkdaşlığının yüksək səviyyədə olduğunu, eləcə də qardaş ölkələr - Azərbaycan və Türkiyə arasında sıx dostluq münasibətlərinin olduğunu qeyd ediblər.  Heydər Əliyev Beynəlxalq Aeroportunda hava hərəkətini idarəetmə qülləsini ziyarət edən DHMİ Şurasının sədri və baş direktor Hüseyn Keskinin rəhbərlik etdiyi nümayəndə heyətinə AZANS-ın tətbiq etdiyi müasir texnologiyalar barədə məlumat verilib. Qonaqlar həmçinin "TEKNOFEST Azerbaijan" Festivalı çərçivəsində Azərbaycanın paytaxtında keçirilən aviaşou zamanı  uçuşların idarə edilməsi prosesi ilə tanış olublar. DHMİ-nin fəaliyyət sahəsinə Türkiyə hava limanlarının idarə edilməsi, eləcə də Türkiyə hava məkanının tənzimlənməsi və nəzarət edilməsi daxildir.

 

Azərbaycan.- 2022.- 28 may.- S.23.