İlham Əliyev qətiyyəti ədalətli sülhün
təminatıdır
Soçi Bəyanatı sülh gündəliyini
qalib komandanın müəyyənləşdirdiyini
bir daha təsdiqlədi
Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü əsasında Soçidə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən növbəti üçtərəfli görüşün yekunları bir daha təsdiq etdi ki, məğlub ölkənin hansı təklif səsləndirməsindən asılı olmayaraq sülh gündəliyini Azərbaycan müəyyənləşdirir.
Sülh danışıqları prosesi çərçivəsində Rusiyanın vasitəçiliyi ilə keçirilən sayca üçüncü görüşdə də bir daha bəlli oldu ki, Azərbaycan Prezidenti mövqeyində israrlıdır və prinsipialdır.
Soçi görüşü də Azərbaycanın
maraqlarına uyğun formada
reallaşdı
Bu görüş ilk növbədə bir reallığı da hər kəsə bəyan etdi - qalib komandan İlham Əliyev danışıqlar masasına bir şərtlə oturur ki, nəticədə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental prinsipləri prioritet tutulmaqla razılıq əldə edilsin.
Azərbaycan Prezidenti qətiyyətli mövqeyini elə üçtərəfli görüşdən öncə Vladimir Putinlə keçirilən təkbətək görüşdə ortaya qoydu. Qalib komandan bir daha bəyan etdi ki, Qarabağ münaqişəsi iki il əvvəl bitib və bu istiqamətdə hər hansı bir müzakirə aparmaq mənasızdır. İndi qarşıda duran əsas məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır ki, bu istiqamətdə ortaya konkret iş qoymağa zərurət var və artıq bu məsələnin zamanıdır.
Görüşün yekununda imzalanan bəyanatda da Azərbaycanın maraqlarına uyğun məsələlər öz əksini tapdı. Sənədə əsasən tərəflər regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyini vurğulayıblar. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılaşıblar. Rusiya Federasiyası isə buna hər vasitə ilə köməklik göstərəcəyini təsdiqləyib.
Bəyanatda Azərbaycanın maraqlarına uyğun digər bir məsələ də öz əksini tapıb. Belə ki, tərəflər güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəliblər.
Xatırladaq ki, Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən dördtərəfli görüşün yekununda qəbul edilən bəyanatda da bu müddəa öz əksini tapmışdı. Sənəddə deyilirdi ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır.
Danışıqlarda Qarabağ məsələsi
ilə bağlı heç bir müzakirə aparılmır
Bəyanata əsasən, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdı və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Bu, faktiki olaraq o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini də tanımış oldu.
Xatırladaq ki, Alma-Ata Bəyannaməsi 21 dekabr 1991-ci ildə Alma-Ata şəhərində Rusiya, Ukrayna, Belarus, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistanın MDB-yə qoşulmaq haqqında ümumi razılığa gəldikləri sənəddir. Alma-Ata Bəyannaməsində deyilir ki, sənədi imzalayan müstəqil dövlətlərin münasibətləri ölkələrin suverenliyini, öz müqəddəratını təyin etmək hüququnu, bərabərlik və daxili işlərə qarışmama prinsiplərini qarşılıqlı tanınma və hörmət əsasında inkişaf edəcək.
Sənəddə qeyd olunur ki, adları çəkilən dövlətlər gücdən istifadə və güc təhdidi, iqtisadi və hər hansı digər təzyiq üsullarına yol verməməklə mübahisələri sülh yolu ilə həll edəcəklər. Alma-Ata Bəyannaməsində həmçinin bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyi də əksini tapıb.
Soçi Bəyannaməsi də bir daha təsdiq etdi ki, sülh sazişi beynəlxalq hüquq və normalara sadiqlik və eyni zamanda Azərbaycanın irəli sürdüyü 5 əsas prinsipin qəbul olunması şərti ilə imzalana bilər.
Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində bu ölkənin lideri Vladimir Putinlə təkbətək, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən üçtərəfli görüşün nəticəsi dövlətimizin başçısının hər zaman olduğu kimi milli maraqlarımızın təmin olunması istiqamətində həyata keçirdiyi qətiyyətli siyasətin növbəti uğuru kimi qiymətləndirilməlidir. Həm Rusiya Prezidenti Vladimir Putinin, həm də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsləri ilə Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesində müəyyən irəliləyişlərin olduğu görünməkdədir. Ancaq birmənalı şəkildə bəlli olan budur ki, hər iki tərəfin vasitəçiliyi ilə keçirilən görüşlərdə Qarabağ məsələsi ilə bağlı heç bir müzakirə aparılmır. Çünki İlham Əliyev konkret olaraq bəyan edib ki, münaqişə artıq tarixə çevrilib. Bu barədə hər hansısa müzakirənin aparlması mənasızdır. Bu fikirlər İlham Əliyevin Müzəffər Ali Baş Komandan qətiyyətinin göstəricisi və Azərbaycanın dəyişməz mövqeyinin bariz təcəssümüdür. Prezident həmçinin beynəlxalq arenada qalib komandan nüfuzuna humanist lider imicini də əlavə etməklə danışıqlara açıq, dürüst və səmimi olduğunu göstərdi.
Beləliklə, Soçi görüşü Azərbaycanın diplomatik müstəvidə növbəti uğuru kimi yadda qaldı. Aparılan bütün sülh danışıqları prosesində reallıq budur ki, Müzəffər Ali Baş Komandanın hərb meydanında tarixi qələbəsi xarici siyasətdə də öz davamını göstərməkdədir. Bu həm də o deməkdir ki, İlham Əliyevin ölkəmizin milli maraqlarına uyğun yürütdüyü mükəmməl daxili və xarici siyasət kursu Azərbaycanın bütün müstəvilərdə uğurunun təminatçısıdır.
Sonda onu da qeyd edək ki, noyabrın 3-də Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə komissiyanın iclası keçiriləcək. Görüş Brüsseldə baş tutacaq.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2022.- 3noyabr.- S.1; 3.