Qarabağ münaqişəsi artıq tarixdir

 

İlham Əliyev Soçidə bir daha bəyan etdi ki, sülh müqaviləsinin yalnız Azərbaycanın irəli sürdüyü 5 əsas prinsip əsasında imzalanması mümkündür

 

Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində əvvəlcə bu ölkənin lideri Vladimir Putinlə təkbətək, sonra isə Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün nəticəsi dövlətimizin başçısının hər zaman olduğu kimi, milli maraqlarımızın təmin olunması istiqamətində həyata keçirdiyi qətiyyətli siyasətin növbəti uğuru kimi qiymətləndirilməlidir.

Ümumiyyətlə, İkinci Qarabağ savaşından sonra həm Rusiya Prezidenti Vladimir Putinin, həm də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsləri ilə Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesi hələ ki davam etməkdədir. Prosesdə müəyyən irəliləyişlərin olduğu da görünməkdədir. Danışıqlardan birmənalı şəkildə bəlli olan budur ki, hər iki tərəfin vasitəçiliyi ilə keçirilən görüşlərdə sülh gündəliyini qalib tərəf kimi Azərbaycan müəyyənləşdirir. 

 Dünən Soçidə keçirilən növbəti görüş isə Vladimir Putinin təşəbbüsü ilə reallaşan sayca üçüncü görüş oldu. Bu istiqamətdə ilk üçtərəfli görüş 2021-ci il yanvarın 11-də Kremldə reallaşıb. Tərəflər Qarabağda atəşkəs haqqında 10 noyabr birgə Bəyannaməsinin icrası ilə bağlı irəliləyişə nəzər salıb və regionda mövcud problemlərin həlli üçün gələcək addımları müzakirə ediblər. Dörd saata yaxın davam edən görüşün yekunu olaraq Qarabağda yeni infrastruktur layihələri ilə bağlı birgə bəyanat imzalanıb və sənədin icrası baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupuna həvalə edilib.

2021-ci il noyabrın 26-da Rusiya dövlət başçısının təşəbbüsü ilə Soçidə üçtərəfli danışıqların növbəti mərhələsi keçirilib. Görüş Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatın imzalanmasının ildönümünə təsadüf edib.

Üç saata yaxın davam edən danışıqların sonunda birgə bəyanat qəbul edilib. Tərəflər Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsini artırmaq üçün addımlar atmağa razılaşıblar.

Görüşün əsas nəticəsi ölkələr arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizminin yaradılması ilə bağlı qərar olub. Rusiya Federasiyası tərəflərin müraciəti əsasında məsləhətçi yardım göstərməyə hazır olduğunu bildirib.

Bundan əlavə, Rusiya dövlətinin başçısı Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Dünən isə üçtərəfli görüşdən öncə liderlərin təkbətək görüşləri oldu və Azərbaycan Prezidenti bərmənalı şəkildə vurğuladı ki, Qarabağ münaqişəsi artıq tarixdir. Münaqişə iki il əvvəl həll edilibbuna görə də bununla bağlı müzakirə ediləcək heçyoxdur. Qalib Sərkərdə  həmçinin qeyd etdi ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün beş əsas prinsip irəli sürüb və yalnız bu prinsiplər əsasında münasibətlərin normallaşmasına nail olmaq mümkündür.

Bu  fikirlər İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi qətiyyətinin göstəricisi və Azərbaycanın dəyişməz mövqeyinin bariz təcəssümüdür. Prezident bu fikirləri ilə həm Ermənistana, həm də onun havadarlarına bir daha göstərdi ki, məğlub ölkənin Azərbaycanla hesablaşmaqdan başqa çıxış yolu yoxdur.

Prezidentin bu fikri həm də onu göstərdi ki, Azərbaycan qalib ölkə kimi eyni zamanda diktə edən tərəfdir, milli maraqlarımız üçün əhəmiyyət daşıyan bütün məsələləri qarşı tərəfə qəbul etdirir və görüşlərdə ölkəmizin siyasi iradəsini, gücünü bir daha nümayiş etdirir. Sülh müqaviləsinin hazırlanması da qalib komandanın irəli sürdüyü 5 prinsip əsasında reallaşmalıdır.

Azərbaycanın daxili işi olan Qarabağ məsələsi artıq müzakirə edilmir. Azərbaycanın gücünə və siyasi iradəsinə qarşı çıxmaq mümkün deyil. Çünki beynəlxalq hüquq da, ədalət də Azərbaycanın tərəfindədir.

İkitərəfli görüşdə İlham Əliyevin "Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hərəkətə keçməyin vaxtı çatıb" fikrini səsləndirməsi isə bir daha hər kəsə bəyan  etdi ki, qalib komandan hər iki xalqın maraqlarını əks etdirən ədalətli sülhün tərəfdarıdır.

Tərəflər arasında keçirilən üçtərəfli görüşdə isə 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının reallaşdırılması, həmçinin Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi-ticarət, nəqliyyat əlaqələrinin bərpası və inkişafı müzakirə mövzusu oldu.

Görüşün sonunda yeni Soçi Bəyanatı razılaşdırıldı. Sənəddə bundan öncəki bəyanatlarda əksini tapan müddəaların icrasının vacibliyi bir daha vurğulandı.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.- 1 noyabr.- S.1-2.