Tariximizin ən
böyük büdcəsi
2023-cü
ilin dövlət büdcəsi qarşıya qoyulan vəzifələrin
yerinə yetirilməsi üçün etibarlı maliyyə təminatı
yaradacaq
Xəbər verdiyimiz kimi, "Azərbaycan
Respublikasının 2023-cü il dövlət büdcəsi
haqqında" qanun layihəsi Milli Məclisə daxil olub.
Layihəyə əsasən 2023-cü il üçün
dövlət büdcəsinin gəlirləri 30,7 milyard, xərcləri
isə 33,3 milyard manat proqnozlaşdırılır. Bu rəqəmlər
Azərbaycan tarixinin ən yüksək büdcə göstəriciləridir.
Strateji çağırışlar
prioritetdir
Dövlət büdcəsi hər
bir ölkənin gəlirlərinin formalaşması və xərclərinin
ödənilməsi mənbələri üzrə illik ali
maliyyə planlaşdırmasıdır. Büdcənin məqsədləri
ölkənin iqtisadi, sosial və digər strateji
proqramlarının maliyyələşdirilməsini, dövlətin
funksiyalarının həyata keçirilməsi
üçün qanunvericiliklə müəyyən edilmiş
qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini
təmin etməkdir. Bunlarla yanaşı, dövlət büdcəsi
iqtisadi və sosial inkişafla bağlı bütün prosesləri
tənzimləyən maliyyə sənədidir.
Elə buna görə də
dövlət büdcəsinin tərtibi, müzakirəsi, gəlirlər
və xərclərin istiqamətləri ilə bağlı məsələlər
dünyanın hər yerində diqqətlə izlənilir.
Büdcə layihəsinin və büdcə zərfinə
daxil olan məsələlərin müzakirəsi bir gün
deyil, bir neçə gün davam edir. Respublikamızın
növbəti il üçün dövlət büdcəsinin
layihəsi "Büdcə sistemi haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq hazırlanıb,
müvafiq müzakirələrdən keçib və Milli Məclisə
təqdim olunub.
Qeyd edək ki, 2023-2026-cı illərdə
dövlət maliyyəsi qarşısında bir sıra
strateji çağırışlar dayanır. Bunlar ölkənin müdafiə qabiliyyətinin
gücləndirilməsi, "Azərbaycan 2030: sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər" və
"2022-2026-cı illərdə Sosial-İqtisadi
İnkişaf Strategiyası"nın
reallaşdırılması, Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarının bərpası, ölkə
iqtisadiyyatına reinteqrasiyası və ərazilərə
Böyük qayıdışın təmin edilməsi kimi məsələlərdir.
Bu çağırışlar və
mövcud reallıqlar nəzərə alınmaqla, 2023-cü
il üzrə xərc siyasətində işğaldan azad
edilmiş ərazilər üzrə bərpa və yenidənqurma
işlərinin, Böyük qayıdış planının
təmin edilməsi, o cümlədən hərbi
infrastrukturların tikintisi, ölkənin müdafiə qabiliyyətinin
və milli təhlükəsizliyinin daha da gücləndirilməsi,
əməyin ödənişi, sosial müdafiə və
sosial təminat üzrə islahatların davam etdirilməsi,
sosial dəstək tədbirlərinin həyata keçirilməsi,
əhalinin dövlət büdcəsinin vəsaiti hesabına
icbari tibbi sığortalanması, səhiyyə sahəsində
bir sıra dövlət proqramlarının və tədbirlərin,
yoluxucu xəstəliklərin yayılmasına qarşı
mübarizə və profilaktik tədbirlərin maliyyə təminatı,
təhsil xərclərinin, dövlət sifarişi ilə ali
təhsil alanların, təqaüd kvotasının
artırılmasının maliyyə təminatı, ərzaq
təhlükəsizliyinin təmin edilməsi üçün
aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının
aparıcı sahələrinin inkişaf etdirilməsi
üçün maliyyə dəstəyi və
subsidiyaların ayrılmasının artırılması,
ölkənin tranzit potensialının daha dolğun istifadəsi,
Trans-Xəzər dəhlizi üzrə daşınmaların nəqliyyat
logistika infrastrukturunun təkmilləşdirilməsi üzrə
layihələrin dəstəklənməsi prioritet istiqamətlər
olacaq.
Əsas
istiqamətlər üzrə xərclər
artırılır
Qeyd edək ki, gələn il
büdcə gəlirlərinin 2022-ci illə müqayisədə
5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz
çox olacağı proqnozlaşdırılır. Əmtəə bazarlarında neft
qiymətlərinin dəyişkənliyi nəzərə
alınmaqla, daha ehtiyatlı yanaşma əsasında
2023-cü ildə dövlət büdcəsi hazırlanan zaman
neftin bir barelinin qiyməti 50 ABŞ dollarına bərabər
götürülmüşdü.
Büdcə xərclərinin isə
gələn il 2022-ci illə müqayisədə 996,2 milyon manat, 2021-ci illə
müqayisədə isə 5,9 milyard manat çox olması
gözlənilir. Əlbəttə ki, bütün bunlar
prioritet vəzifələrin daha dolğun yerinə yetirilməsi
üçün maliyyə təminatını gücləndirir.
2023-cü ildə işğaldan
azad edilmiş ərazilərin bərpası üçün
3 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə
müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə
isə 37,7 faiz çoxdur. Bu xərclər növbəti ildə
dövlət büdcəsi xərclərində xüsusi
çəkisi 9 faiz və ÜDM-də xüsusi çəkisi
isə 2,8 faiz təşkil edəcək.
Qeyd etdiyimiz kimi, işğaldan azad
edilmiş ərazilərin bərpası və Böyük
qayıdış planının təmin etdirilməsi
2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas
istiqamətlərdəndir. Göründüyü kimi də
bu istiqamətdə dövlət büdcəsindən vəsait
ayrılmasında ilbəil artım müşahidə olunur.
Bundan başqa, ölkənin
müdafiə qabiliyyətinin gücləndirilməsi və
milli təhlükəsizliyin təmin edilməsi dövlət
büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır.
2023-cü ilin dövlət büdcəsində bu məqsədlə
5,3 milyard vəsait nəzərdə tutulmuşdur ki, bu da
2022-ci illə müqayisədə 235,3 milyon manat və ya 4,6
faiz, 2021-ci illə müqayisədə
17,1 faiz çoxdur. Gələn il üçün müdafiə və milli təhlükəsizlik
üçün ayrılması proqnozlaşdırılan
büdcə vəsaiti ümumi büdcə xərclərinin
16 faizini təşkil edəcək.
Əvvəlki illərdə
olduğu kimi, 2023-cü ilin dövlət büdcəsi də
sosialyönümlü olaraq
proqnozlaşdırılmışdır. 2023-cü ildə bu
məqsədlə 15,2 milyard manat vəsait nəzərdə
tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat
və ya 9,3 faiz çoxdur.
Ümumilikdə gələn il
dövlət büdcəsi xərclərinin 22 milyard 635,7
milyon manatı və ya 68 faizini cari xərclərə, 9
milyard 659,3 milyon manatını və ya 29 faizini əsaslı
xərclərə, 1 milyard 5 milyon manatını və ya 3
faizini dövlət borcuna və öhdəliklərinə xidmətlə
bağlı xərclərə yönəldilməsi
proqnozlaşdırılır. 2023-cü ilin dövlət
büdcəsində kənd təsərrüfatının
inkişafı üzrə büdcə xərcləri cari illə
müqayisədə 20,5 faiz çoxdur.
Azərbaycanın artan maliyyə
imkanları, iqtisadiyyatda baş verən keyfiyyət dəyişiklikləri
gələn ilin büdcə layihəsində də
özünü göstərir. Eyni zamanda layihədəki
göstəricilər təsdiq edir ki, dövlət büdcəsi
gələn ildə də Azərbaycanın öz milli,
iqtisadi və sosial hədəflərinə çatması
üçün etibarlı maliyyə təminatı yaradacaq.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-
2022.- 1 noyabr.- S.6.