Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti dünya ölkələrində də rəğbətlə qarşılanır

 

Yaradılmasının 10 illiyi qeyd edilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci ildə Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilmişdir.

Dövlət başçısının dəstəyi ilə fəaliyyətini davam etdirən mərkəz ətrafında müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçılarını, habelə nüfuzlu beynəlxalq ekspertləri birləşdirir. Bakıda yerləşən mərkəzin ali idarəetmə orqanı dünyanın nüfuzlu ictimaisiyasi xadimlərindən ibarət idarə heyətidir. İdarə heyəti 20 nəfər üzvdən ibarətdir. Mərkəzin Avropa qitəsindən 25 ölkədən 53, Amerika qitəsindən 2 ölkədən 6, Asiya qitəsindən 12 ölkədən 15, Afrika qitəsindən 4 ölkədən 5 üzvü  var.

Mərkəzin həmsədrləri Latviya Respublikasının sabiq prezidenti (1999-2007) xanım Vayra Vike-Freyberqa, Dünya Bankının sabiq vitse-prezidenti (1992-2000) İsmail Serageldindir.

Azərbaycanın təşəbbüsü ilə yaradılan Bakı Prosesi artıq qlobal hərəkata çevrilib və BMT tərəfindən dəstəklənir. Xatırladaq ki, mərkəz 2013-cü ildən etibarən Bakı şəhərində keçirilən Qlobal Bakı Forumunun əsas təşkilatçısıdır. Foruma məhz Bakının evsahibliyi etməsi də təsadüfi deyil. Bu amili Prezident İlham Əliyevin həyata keçirdiyi fəal praqmatik siyasət, dünya miqyasında nüfuzlu siyasətçi imici, liderlik xüsusiyyətləri, Azərbaycanın artan beynəlxalq nüfuzu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm yerirolu şərtləndirir. Mərkəz Podgoricki Klubu (Bosniya), Marianna V.Vardinoyannis Vəqfi (Yunanıstan), Quqenhaym (ABŞ), Çin İnnovasiyaİnkişaf Strategiyası İnstitutu (ÇXR), Çin Xalq Xarici İşlər İnstitutu (ÇXR), Taihe İnstitutu (ÇXR), Amerika Xarici Siyasət üzrə Milli Komitə (ABŞ), Berqqruen İnstitutu, Robert F.Kennedy İnsan Hüquqları (ABŞ), Schvarzman Alimləri (ÇXR), İtalyan Beynəlxalq Təşkilatları Cəmiyyəti (İtaliya), Dünya Sənət və Elm Akademiyası (WAAS) kimi nüfuzlu beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq edir. Bu nüfuzlu qurumların iştirakı ilə Azərbaycanın yürütdüyü dünyəvi siyasət, nəinki regionda, bütün dünyada sülhün bərqərar olması istiqamətində irəli sürdüyü səmərəli təşəbbüslər, habelə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfələr  beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. İndiyədək Bakıda dünya siyasətçilərinin və iqtisadçılarının marağına səbəb olan 9 belə forum keçirilib.

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.

Görüşdə İsmail Serageldin son dövrlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nüfuzunun dünyada daha da artdığını vurğulayaraq beynəlxalq təşkilatlar və bir sıra ölkələrin aparıcı institutları ilə birbaşa əlaqələrinin yaradıldığını deyib. Cari ildə  Çində və Polşada həmin ölkələrin prezidentlərinin himayəsi altında keçirilən beynəlxalq konfranslarda, BMT Baş Assambleyası çərçivəsində ABŞ-də, Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Cenevrə ofisi və Berlində Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə təşkil olunan tədbirlərdə, həmçinin Yaponiyada baş tutan Texnologiya Sammitində və Latviyanın paytaxtında keçirilən "Riqa konfransı 2022"də tərəfdaş kimi çıxış etdiklərini diqqətə çatdırıb. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Daha sonra mərkəzin təsis olunmasının 10 illik yubileyi münasibətilə xatirə hədiyyələrini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yubileyi münasibətilə təbriklərini çatdırıb və yubileyin Bakıda qeyd edilməsinin rəmzi xarakter daşıdığını bildirib. Dövlət başçısı mərkəzin beynəlxalq səviyyədə əməkdaşlığının genişlənməsindən, dünyada rolununnüfuzunun artmasından məmnunluğunu ifadə edib.

Görüşdə vurğulanıb ki, Azərbaycan Prezidentinin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən hər il keçirilən Qlobal Bakı Forumu artıq bütün dünyada aktual məsələlərin müzakirə olunduğu və onların həlli istiqamətində yeni yanaşmaların təklif edildiyi beynəlxalq platforma kimi qəbul olunur.

Məmnunluq doğuran odur ki, fəaliyyət və nüfuz dairəsi ildən-ilə genişlənən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyadakı dəyişikliklərə çevik reaksiya verərək, mühüm məsələlərin müzakirə olunduğu intellektual dairələri birləşdirən aparıcı mərkəzə çevrilmişdir. Ötən ilin noyabrında uğurla başa çatan Qlobal Bakı Forumuna 300-dən çox yüksəksəviyyəli nümayəndənin, intellektual dairənin qatılması bunu bir daha təsdiq etmişdir.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2022.- 1 noyabr.- S.9.