Prezidentin köməkçisi Məhərrəm Əliyev
Naxçıvanda ordu, birləşmə
və hərbi hissələrin xidməti-döyüş və
məişət şəraiti ilə tanış olub
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev Naxçıvan Muxtar Respublikasında olub.
AZƏRTAC xəbər verir ki, general-polkovnik Məhərrəm Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək abidənin önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib. Sonra Məhərrəm Əliyev Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ilə keçirilmiş görüşdə muxtar respublikada daimi dislokasiya olunmuş ordu, birləşmə və hərbi hissələrin maddi-texniki təminatı, şəxsi heyətin peşəkarlığının artırılması, xidməti-döyüş və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb.
Əlahiddə Ümumqoşun Ordusu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Əlahiddə Naxçıvan Briqadası, Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, qoşun və birləşmə rəhbərlərinin iştirakı ilə xidməti müşavirə keçirilib və məruzələr dinlənilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tələb və tövsiyələrinə uyğun olaraq Silahlı Qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi, daha effektiv silah və döyüş texnikaları ilə təminatı, hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, beynəlxalq təlimlərdə iştirakın təmin olunması, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində qarşıda duran tapşırıqlar diqqətə çatdırılıb.
Səfər
çərçivəsində dövlət sərhədinə,
qərargah binalarına, əsgər yataqxanalarına, tibb məntəqələri və digər hərbi
obyektlərə, həmçinin bölmələrin
silahlanmasında olan zirehli
döyüş texnikasına, aviasiya eskadrilyasına və hərbi təyinatlı
vasitələrə baxış və hərbi hissələrin
şəxsi heyəti ilə görüşlər keçirilib. Xidmətdə fərqlənən
hərbi qulluqçulara növbəti
rütbələr verilib və hədiyyələr
təqdim olunub.
Azərbaycan.- 2022.-2 noyabr.- S.5.